Məhkəmə qərarları › İş №2(103)-7359/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7359/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7359/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-783/2021 saylı, 13 aprel 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 15030 (on beş min otuz) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin icarəsində olan ümumilikdə 3.23 hektar torpaq sahəsi onların mülkiyyətindədir. Onlar 2017-ci ilin ortalarında həmin torpaq sahəsinin üzərində yerləşən zavodlara dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəmişlər. Çünki torpaq sahəsi mülkiyyətlərində olsa da üzərində olan tikililər mülkiyyət üzrə qeydiyyata alınmamışdır. Lakin onlara Reyestr Xidmətindən bildirmişlər ki, zavodların yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan bunu etmək mümkün deyil. Ona görə də həmin torpaq sahəsini kənd təsərrüfatı təyinatından sənaye təyinatına dəyişmək lazımdır. Bu da yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə mümkündür. Daha sonra, Əmlak Komitəsinin Abşeron Rayon Şöbəsindən onlara bildirmişlər ki, həmin torpaq sahələri "xxxx" neft şirkətinin istifadəsində olduğundan və neft quyularının mühafizə zonasına düşdüyündən bu torpaq sahələrinə dair baş plan hazırlayıb verə bilməzlər. Onlar o yerə o halda baş plan verə bilər ki, "xxxx" şirkəti buna razılıq versin. Ona görə də onlar bu işi Azər Tağıyevə tapşırmışlar. Azər Tağıyev bir neçə gün sonra, yəni təxminən 2018-ci ilin may ayının əvvəllərində onlara bildirmişdir ki, onun tanıdığı Yaqub adlı şəxs var, həmin şəxs Azərə bildirmişdir ki, bu işi bacaran adamları tanıyır, həmin adamlar bu işi həll edə bilər. Yaqub Azərə demişdir ki, həmin adamlar bu iş üçün 15000 manat pul istəyir. İşin həll olunma müddəti bir neçə ay çəkəcək. Onlar da Azərə demişdir ki, Yaqubun dedikləri ilə razıdırlar. Sonra şirkətin kassiri Qabil Cəbrayılova tapşırmışlar ki, qeyd olunan işin həlli üçün Yaquba çatdırılası 15000 manat pul versin. Azər 2018-ci ilin may ayında Qabildən 15000 manat pulu götürmüş və Yaquba çatdırmışdır. Yaqub onlara demişdir ki, o, onlara məxsus torpaq sahəsini neftin mühafizə zonasından çıxaracaq və bu barədə sənədləri Daşınmaz Əmlakın Dövlət Xidmətinə göndərəcək. Reyetsr Xidmətində bu barədə müvafiq sənədləşmə və qeydiyyat işləri aparılacaq, son nəticədə onların torpaqları neftin mühafizə zonasından çıxarılacaq. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, Yaqub onların torpağının sənədini düzəltməmişdir. X12 vasitəsilə onlara saxta məktub da çəkib göndərmişdir. Onlar Azərə demişdir ki, Yaqubdan pulu geri alsın. Sonra isə pulu Yaqubdan geri tələb etməyə başlamışlar. Azər onlara bildirmişdir ki, Yaqub pulu geri qaytarmaqdan imtina edir. Yaquba dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Yaqub pulu qaytarmamışdır. Sonda məcbur olub polisə müraciət etməli olmuşlar. Yaquba verilən pul onların ikisinin şərikli puludur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi həmin iş üzrə cinayət işinə başlamaqdan imtina etmişdir. Dəfələrlə Yaqubdan pulu tələb etmələrinə baxmayaraq, o pulu geri qaytarmaqdan imtina etmişdir. 15000 manat pulun cavabdehə verilməsinə dair telefon danışıqlarının səs yazısı, şahidlərin ifadələri, SMS və whatsapp yazışmaları mövcuddur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-783/2021 saylı, 13 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 30 (manat) məbləğində dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(010)-783/2021 saylı xüsusi qərardadı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətlərinin olması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-783/2021 saylı, 13 aprel 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, işin təhrif olunmuş faktiki hallarını işin həqiqi halları kimi qəbul edərək, iş materiallarında hər hansı bir sübut olmadan, onunla heç vaxt hər hansı bir formada ünsiyyətdə olmamış, ona hər hansı bir tapşırıq verməmiş şəxslərin əsassız iddialarını təmin etmişdir, iddiaçıların onu tanımamaları, ona hər hansı pul vəsaiti verməmələri onların özləri tərəfindən həm iddia ərizəsində, həm də onların nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadə ilə də təsdiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, onun barəsində polisə şikayət verən Azər Tağıyev, başqa bir şəxslərin ona qarşı eyni məbləğdə, eyni iş üçün verildiyi iddia edilən pul vəsaitinin alınması tələbinə dair iddiası üzrə şahid qismində ifadə verir və hansısa səbəbdən birinci instansiya məhkəməsi onun ifadəsini sübut qismində qəbul edir. Həmçinin qətnamənin ləğv edilməsi üçün digər əsas odur ki, birinci instansiya məhkəməsi, əslində sübut kimi qəbul edilməsi mümkün olmayan guya ki, onunla Azər Tağıyev arasında olan «Whatsapp mesenceri» vasitəsi ilə baş tutmuş yazışmaları sübut qismində qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin yazışmalar iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Ona görə ki, bugün texnologiya elə inkişaf etmişdir ki, istənilən iki şəxs arasında yazışma apararaq, həmin yazışmanı «skrin-foto» etmək yolu ilə bu yazışmanı hər hansı digər bir şəxslə olan yazışma kimi təqdim etmək mümkündür. Bu sübut qismində təqdim edilmiş çıxarışları sübut kimi qəbul etməklə, birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda Birinci instansiya məhkəməsi, təqdim edilmiş yazışmalardan çıxarışları sübut kimi qəbul edərkən, həmin yazışmaların həqiqiliyinin müəyyən edilməsi üçün hər hansı bir prosessual hərəkət etməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qeyd edilən yazışmalardan çıxarışları sübut kimi qəbul etməsi əsassızdır. Səs yazılarının sübut qismində qəbul edilməsi ilə bağlı isə, qeyd edilməlidir ki, məhkəmə həmin səs yazılarını da sübut qismində qəbul etməkdə səhvə yol vermişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, guya Azər Tağıyev onların danışıqlarının səs yazısının aparılması barədə ona xəbərdarlıq etmişdir. Halbu ki, məhkəmə işə dair ehtimallar əsasında deyil, işin araşdırması zamanı müəyyən edilmiş dəqiq hallar üzrə qətnamə qəbul etməlidir. Bundan əlavə, məhkəmənin «məndə gündəlik danışıqlarımın hamısı qrafik gedir» ifadəsini danışıqların səs yazısının aparılmasına xəbərdarlıq kimi qəbul etməsi əsassızdır. Belə ki, həmin ifadədə Azər Tağıyev «danışıqlarımın gündəlik səs yazısı gedir» deyil, «danışıqlarımın hamısı qrafik gedir» demişdir. Məhkəmənin bu məsələyə yanaşdığı məntiqlə yanaşılsa, bu zaman bu ifadədən səs yazısının aparıldığı nəticəsinə deyil, danışıqların qrafik üzrə aparıldığı nəticəsinə gəlinməsi daha ağlabatandır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin həmin səs yazılarını sübut qismində qəbul etməsi əsassızdır. Bundan əlavə qeyd edilən səs yazılarında, ümumiyyətlə, onun Azər Tağıyevdən hər hansı bir iş üçün hansısa pul vəsaitini alması barədə heç bir etiraf da yoxdur. Həmin səs yazıları Azər Tağıyevlə onun arasında olan ümumi danışıqların səs yazılarıdır ki, birinci instansiya məhkəməsinin həmin səs yazılarını guya onun pul vəsaitini almasını təsdiq edən sübut kimi qəbul etməsi əsassızdır. Belə ki, həmin səs yazıları hüquq-mühafizə orqanları tərəfindən tədqiq olunmuşdur və fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin əsl faktiki halları isə, aşağıdakı kimi olmuşdur: Azər Tağıyev, 2018-ci ilin may ayının əvvəllərində ona zəng vuraraq, 2018-ci ilin aprel ayında qardaşının vəfat etməsi ilə bağlı başsağlığı vermiş və bildirmişdir ki, bir məsələ ilə bağlı onunla görüşmək istəyir. Azərlə uzun illərdir tanışlığının olmasını və arada onun tanışlarının öz işləri ilə vəkil kimi müraciət etmələri üçün Azər Tağıyevə yönəltməsini nəzərə alaraq, onunla görüşməyə razılıq verdmiş və 2018-ci ilin may ayının ortalarında Gənclik metrostansiyasının yaxınlığında, «Gənclik Mall» Ticarət Mərkəzinin yanında görüşblər. Azər məsələni izah edərək, işlədiyi şirkətin torpaq sahəsinin onların mülkiyyətində olduğunu, lakin yenə də torpaqların neft şirkətinin tabeçiliyindən çıxarılmasının lazım olduğunu deyərək, bu məsələdə köməklik etməyini xahiş etdi. O, isə qeyd olunan məsələnin onun, ümumiyyətlə şirkətin Hüquq Departamentinin səlahiyyətləri xaricində olduğunu deyərək, ona yalnız müraciət üçün lazım olan ərizələrin düzgün yazılmasında köməklik edə biləcəyini demişdir. Bundan xeyli müddət keçdikdən sonra 08 iyun 2018-ci il tarixdə Azər Tağıyev onun mailto:bagirov.yaqub@gmail.comElektron ünvan elektron ünvanına ərizələri göndərmiş və həmin ərizələrə tərəfindən müəyyən düzəlişlər edilərək, ona geri göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi eyni zamanda vəkili, apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, tərəflərindən təqdim edilmiş sübutlar mötəbər olmaqla, qanunsuz yolla əldə edilməmişdir, belə ki, iddiaçıların işlərini görmək üçün göndərdikləri pulları cavabdehə təqdim edən A.Tağıyev ilə cavabdeh arasında telefon danışığı olan zaman A.Tağıyev, səs yazılarının qeydə alınması barədə cavabdehi xəbərdar etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan X7 məhkəməyə ünvanladığı yazılı ifadəsində qeyd edilir ki: “Bildirirəm ki, mən hazırda COVİD-19 xəstəliyinə tutulduğumdan məhkəməyə gəlib ifadə verə bilmirəm. Amma ən azından ifadəmi məhkəməyə yazılı şəkildə təqdim edirəm. Əgər gələcəkdə məhkəmə mənə şərait yaradarsa gəlib ifadəmi əyani şəkildə verə bilərəm. Mən yuxarıda qeyd olunan ünvanda yaşayıram. Orta təhsilliyəm və ailəliyəm. Əvvəllər "xxxx" MMC-də sürücü vəzifəsində işləyirdim. Mənim həmin şirkətdəki əsas fəaliyyətim şirkətə məxsus sənədlərin və pulların, bəzən də işçilərin bir yerdən başqa yerə çatdırılmasıdır. Hər gün ərzində mən dəfələrlə bir yerdən başqa yerə sənəd və pul aparıb çatdırıram. Şirkətimizin hüquqşünası Azər Tağıyev də mənə bəzən lazımi sənədləri və pulları kiməsə çatdırmağı tapşırır. Çox vaxt da o özü də mənimlə həmin yerlərə gedir. Təxminən 2018-ci ilin may ayının sonlarında Azər mənə dedi ki, onu Kənd Binəqədidə yerləşən Binəqədi Hərbi Komissarlığının yaxınlığına aparmaq lazımdır. Azər mənə həmin yerə gedərkən yolda danışırdı ki, şirkətə məxsus torpaq sahəsinin sənədlərinin hazırlanması üçün bir nəfərlə görüşüb ona pul verməlidir. Hətta Azər şirkətdən 5000 manat pul da götürdü. Biz bir yerdə getdik kənd Binəqədi adlanan yerə. Orada "Sarı market" adlanan mağazanın yaxınlığında mən idarə etdiyim avtomobili saxladım. Azər orada kiməsə zəng etdi. Sonradan mən bildim ki, həmin şəxs "xxxx" neft şirkətində işləyən Yaqub adlı şəxsdir. Yaqubun nə vəzifəsində işləməsini bilmirəm. Bir neçə dəqiqədən sonra Yaqub gəlib bizim maşınımıza oturdu. Azər və Yaqub maşının arxa tərəfində oturmuşdu. Onlar torpaq barədə danışırdılar. Bir az söhbət etdikdən sonra Azər özündə olan 5000 manat pulu sayıb Yaquba verdi. Mən Azərin pulları saymağını və Yaquba verməyini gördüm. Amma Yaqub dedi ki, pulun hamısını vermək lazımdır. Azər ona dedi ki, "Yaqub sən işlərdən biraz yerinə yetir, mən sənə yaxın vaxtlarda qalan pulu da verərəm." Yaqub isə dedi ki, yox pulun hamısını vermək lazımdır. Onlar bir az söhbət etdikdən sonra Azər Yaqubla razılaşdı və ona dedi ki, bu gün işləri çatdıra bilmərəm, sabah pulun qalanını yəni 10000 manatını da çatdıraram. Sonra Yaqub 5000 manat pulu da götürüb maşından düşüb getdi. Mən Azərlə birgə yenidən şirkətə qayıtdım. Həmin günün səhəri günü Azər mənə yenə də 10000 manat pulu və Yaqubun telefon nömrəsini verib onunla dediyi yerdə görüşüb pulu ona verməyimi tapşırdı. Sonra mən həmin gün Yaqubun telefonuna zəng edib 10000 manat pulu ona verdim. Səhv etmirəmsə pulu onun işlədiyi yerdə, yəni Kənd Binəqədi adlanan yerdə verdim. Ola bilər ki, pulu verdiyim yer yadımda yaxşı qalmaya da bilər. Çünki, həmin vaxtdan ən azı 8 ay vaxt keçmişdir və mən hər gün ən azı 7-8 yerə pul verib alıram. Yaqubun telefon nömrəsi yadımda deyil, amma mən ona istifadəmdə olan ***-***-**-** saylı telefondan zəng etmişəm”. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 26.12.2018-ci il tarixdə X1 RPİ-yə ərizə ilə müraciət edərək Cavabdeh adlı şəxsin ondan torpaq sahəsinin sənədlərinin düzəldilməsi məqsədilə 15000 manat pul aldığını, lakin nə torpaq sahəsinin sənədlərini düzəltdiyini, nə də pulu geri qaytardığını bildirmişdir. Toplanmış materiallar üzrə Binəqədi RPİ İŞ-də cinayət işi başlanılsa da Binəqədi rayon prokurorluğu tərəfindən qərar ləğv edilmiş, materiallar Binəqədi RPİ İŞ-yə yenidən araşdırılması üçün göndərilmişdir. Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınan Cavabdeh Azər Tağıyevin və digərlərinin göstərmiş olduqları xüsusatları inkar edərək ona sənəd hazırlanması və ya hər hansı məqsədlə pul verilmədiyini, yalnız Azərlə görüşüb bu barədə məsləhətlər apardıqlarını, ona göndərilən ərizə nümunələrinə düzəlişlər etdiyini və Azər Tağıyevin onun işlədiyi "xxxx" şirkətinə ünvanlamış olduğu ərizələrə imtina cavabı verildiyini bildirmişdir. Həmçinin iş materiallarına X5 və Cavabdeh arasında 23.11.2018, 27.11.2018, 28.11.2018-ci il tarixlərində baş tutmuş telefon danışıqlarının səs yazısı əlavə edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid kimi ifadəsi alınan X5 bildirmişdir ki, o, iddiaçılara məxsus "xxxx" MMC-də hüquqşünas işləyir. İşlədiyi şirkətə məxsus zavodlar iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşir. Lakin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. 2017-ci ilin ortalarından başlayaraq şirkətə məxsus zavodların şirkətin adına sənədləşdirilməsi üçün tədbirlər görməyə başlamışlar. Bunun üçün isə torpaq sahəsinin təyinatını kənd təsərrüfatından sənaye təyinatına dəyişmək zəruri olmuşdur. Bu zaman müvafiq qurumlar tərəfindən onlara bildirilmişdir ki, torpaq sahəsi ”Binəqədi Oyl” şirkətinin neft quyuları yaxınlığında yerləşdiyindən mühafizə zonasına düşür və bu səbəbdən "xxxx" şirkətindən razılıq alınmalıdır. Bunun üçün o tanışı olan və "xxxx" şirkətində işləyən Cavabdeh ilə əlaqə saxlamış, Bağırov X6 müvafiq sənədin alınması üçün 15000 manat xidmət haqqı verilməli olduğunu bildirmişdir. O, iddiaçılarla razılaşdıraraq onlara məxsus 5000 manat pulu 23.05.2018-ci il tarixdə şirkətin sürücüsü Pərvizlə birlikdə Yaqubla görüşərək ona çatdırmış, Yaqub qalan 10000 manatı da təcili istədiyindən qalan 10000 manatı növbəti gün Pərvizə verərək Yaquba göndərmişdir. Yaqub bu vaxt sənədlərin üç ay ərzində hazır olacağını bildirmişdir. Lakin sentyabr ayından etibarən sənədlərlə maraqlanmağa başladıqda isə Yaqub onu yubatmağa başlamış, noyabr ayında isə "xxxx" Şirkətinin adından Dövlət Neft Şirkətinə 17.09.2018-ci il tarixdə ünvanlanmış məktubun şəklini ona göndərmiş, sonradan bu məktubun saxta olduğu müəyyən edilmişdir. Bu hadisələrdən sonra onlar Yaqubdan pulu tələb etməyə başlamışlar, Yaqubla onun arasında bununla bağlı telefon danışıqları, yazışmalar olmuş, Yaqub əvvəl pulu aldığını qəbul etsə də sonradan məsuliyyətdən yayınmaq üçün bütün baş verənləri gizlətmiş, polisə yalan ifadə vermişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus torpaq sahəsində yerləşən təsisçiləri olduqları Şirkət tərəfindən tikilmiş zavodların üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəmişlər. Onlar bu məqsədlə bir sıra müraciətlər etdikdən sonra məlum olmuşdur ki, torpaq sahəsi "xxxx" Şirkətinə məxsus neft quyularının mühafizə zonasına daxil olduğundan Şirkətdən razılıq almaq lazımdır. Bu məqsədlə iddiaçılara məxsus Şirkətdə işləyən və məhkəmə iclasında şahid kimi dindirilmiş X5 "xxxx" Şirkətində işləyən Cavabdeh ilə əlaqə saxlamış, Cavabdeh məsələnin həlli üçün sənədləşdirmə işlərinin aparılması məqsədilə 15000 manat xidmət haqqı lazım olduğunu bildirmişdir. Bundan sonra, X5 iddiaçılara məxsus 15000 manat pulu bu məqsədlə Cavabdeh vermiş, Cavabdeh məsələni həll edəcəyini vəd etmişdir. Lakin Cavabdeh aradan keçən bir neçə ay müddətində vədini yerinə yetirmədiyindən iddiaçılar X5 vasitəsilə pulu cavabdehdən tələb etməyə başlamış, daha sonra polisə müraciət etmiş, izahatı alınan Cavabdeh pul alması ilə bağlı qeyd edilənləri bütövlükdə inkar etmiş, Azərlə görüşüb yalnız məsləhətləşdiklərini, ona göndərilən ərizə nümunələrinə düzəlişlər etdiyini, Azər Tağıyevin onun işlədiyini "xxxx" Şirkətinə ünvanlanmış ərizələrinə isə imtina cavabı verildiyini bildirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə sübutetmə yükü məhz iddiaçıların üzərinə düşmüş və iddiaçılar tərəfindən A.Tağıyevlə cavabdeh arasında olan telefon danışığının qeydə alınmasını özündə əks etdirən elektron daşıyıcı təqdim edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd olunan səs yazısının ümumiyyətlə sübut kimi qəbul edilməsinə etiraz etməklə, həmin səs yazısında A.Tağıyevlə danışıqlarının ümumi danışıq olmasını eləcə də, həmin səs yazılarının qeydə alınması zamanı sonuncunun buna dair xəbərdaredici ifadəsinin olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Hazırki iş üzrə də birbaşa əlaqədar tərəflər arasında olan və həmin şəxslərə sirr olmayan səs yazısı təqdim edilmişdir ki, həmin səs yazısı qanunu pozmaqla əldə edilmiş hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən səs yazısından aydın olur ki, danışıq zamanı tələb edilən 15000 manat pulun cavabdehə verilməsi öz təsdiqini tapmış, eləcə də danışığın mətnindən ağlabatan qaydada aydın olur ki, danışıq zamanı A.Tağıyev cavabdehlə olan son danışığın tarixi barədə yaranan anlaşılmazlığa, məhz danışıqların qrafiklə getməsini bildirməklə, danışığın qeydə alınmasına işarə etmişdir. Göründüyü kimi təqdim edilmiş səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olunmasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış etmiş və birinci instansiya məhkəməsi qeyd olunan səs yazısına istinad etməklə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 03.03.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, A.Tağıyev tərəfindən cavabdehə verilmiş pul məhz iddiaçıların şirkətin hesabından sənədin əldə edilməsi məqsədi ilə verilmişdir. Həmçinin səs yazısında Cavabdeh qeyd etdikləri ilə onun Polis İdarəsində verdiyi izahatda qeyd etdikləri bir-birinə ziddir. Belə ki, o, müvafiq səs yazısında hər hansı məsləhətləşmədən, ərizəyə düzəlişdən bəhs etməmiş, əksinə X5 vasitəsilə iddiaçılara məxsus 15000 manat məbləğində pulun ona verildiyini qəbul etmişdir. O, müvafiq səs yazısında bu puldan ona heç nə çatmadığını bildirsə də, bunu sübut etmək cavabdehin üzərinə düşür və məhkəmə iclasında iştirak etməkdən qəsdən yayınan cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, A.Tağıyevin şahid qismində verdiyi ifadə qəbul edilməməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, sübut kimi qəbul edilən telefon danışıqlarından da müəyyən olunduğu kimi iddiaçıların verdiyi pulu məhz A.Tağıyev cavabdehə çatdırmışdır ki, həmin halın təsdiqi üçün də sonuncunun ifadəsinə baş vurulması iş üzrə həqiqətin müəyyən edilməsinə xidmət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıların hesabına 15000 manat məbləğində pul əldə etməsi və bu yolla əsassız varlanması müəyyən edildiyindən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-783/2021 saylı, 13 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar