Məhkəmə qərarları › İş №2(103)-736/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-736/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-736/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X7 və Cavabdeh1 vəkili və nümayəndəsi X8 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 262/2019 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı X11 ləğvedicisi X3 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit borcun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 49-KX saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə banka borclu olduğu 70.000 (yetmiş min) manat məbləğində əsas borc, 38.197,81 (otuz səkkiz min yüz doxsan yeddi manat səksən bir qəpik) manat məbləğində faiz borcu ümumilikdə isə 108.197,81 (yüz səkkiz min yüz doxsan yeddi manat səksən bir qəpik) manat məbləğində pulun, eləcə də 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X2 xeyrinə tutulmasına, Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilə yöndəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X4 ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilə olan mülkiyyət hüquqlarının itirilməsi və mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 49-KX saylı “X15” əsasında iddiaçı cavabdehə 12 (on iki) ay müddətində 70.000 (yetmiş min) manat məbləğində kredit xətti açmışdır. Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzili xx.xx.2014-cü il tarixli GM/49-KX saylı İpoteka Müqaviləsi və xx.xx.2015-ci il tarixli İM/49/2 saylı X9 ilə bank qarşısında yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 70.000 (yetmiş min) manat məbləğində əsas borc, 38.197,81 (otuz səkkiz min yüz doxsan yeddi manat səksən bir qəpik) manat məbləğində faiz borcu ümumilikdə isə 108.197,81 (yüz səkkiz min yüz doxsan yeddi manat səksən bir qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz və cərimə məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli 49-KX saylı “X15 üzrə 70.000 (yetmiş min) manat müqavilə müddəti üçün hesablanmış əsas borc, 15.832,81 (on beş min səkkiz yüz otuz iki manat səksən bir qəpik) manat məbləğində faiz borcu, 43.085 (qırx üç min səksən beş) manat məbləğində cərimə borcu, 11.615,40 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə isə 140.533,21 (yüz qırx min beş yüz otuz üç manat iyirmi bir qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilə yöndəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X4 ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilə yönəldikdən və o satıldıqdan sonra 1 ay sonra onun boşaldılması və ləğv prossesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 262/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 68.179,93 (altmış səkkiz min yüz yetmiş doqquz manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1000 (bir min) manat cərimə (dəbbə), müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5%-lə 3409 manat faiz borcu, cəmi 72 588, 93 (yetmiş iki min beş yüz səksən səkkiz manat doxsan üç qəpik) və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq Ləğv prosessində olan İddiaçı ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat ekspertiza xərci müştərək qaydada tərəflərdən Cavabdeh1 və Ləğv prosessində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı X11 ləğvedicisi X3 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2019 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2019 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən (mübahisələndirilmiş hissələrdə) ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin borc hissəsində qismən təmin edilməsinin əsası kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 16183 saylı rəyinə istinad etmişdir. Tərəflərindən təkrar məhkəmə muhasıbatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə bu vəsatəti təmin etməmişdir. Bununla bağlı qeyd edilər ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmalı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsində qeyd edilmişdir ki, Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsində qeyd edilmişdir ki, Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir kı, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə bu şəkildə faizlərin, buna dair zəruri sübutlarının təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir Belə kı, qərarda göstərilmişdir kı müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmçinin məhkəmə iddia tələbini müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 11.615,40 manat borc hissəsində də qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399 4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü ıl tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-cı (Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət") əslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qeyd edilən qətnamənin hissəsində qeyd edilir ki, iş materiallarında olan "xxxxxxxxxxxxxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinən görünür ki, ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri 250 000 manat, satış qiyməti 230 000 manat təşkil edir. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri 220 000 manat təşkil edir. X13 1.0.9-cu maddəsə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunvericilikdən də görünüyü kimi əmlakın ilkin satış qiyməti kimi onun likvid qiyməti götürülür və likvid qiymətlə satışa çıxarılır. "xxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində mənzilin likvid (230000 manat) qiyməti göstərilsə də, məhkəmənin əsas kimi götürdüyü "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin qiymətləndirmə rəyində əmlakın yalnız bazar dəyəri göstərilmişdir. Buna görə də hesab edir ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş ekspert rəyi qanunvericiliyin tələbini əks etdirmədiyindən əmlakın ilkin satış qiyməti həmin rəyə əsasən müəyyən edilə bilməz. İş üzrə məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməli olduğunu və ya "xxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək əmlakın ilkin satış qiyməti müəyyənləşdirilərkən həmin rəyə əsaslanmalı olduğunu qeyd etmişdir. Bundan əlavə qeyd edilən qətnamənin "mənzil satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq Ləğv prosesində olan "İddiaçı" ASC-yə təhvil verilməsi" hissəsi ilə də razılaşmır. Belə ki, Qətnamənin "Mənzil satıldıqdan 1 ay sonra boşaldılması" hissəsi isə yalnız "İpoteka Haqqında" AR Qanununun 59.3-cü maddəsinə istinad edilmişdir. Qətnamədən görünür ki, ipoteka predmeti olan evdən cavabdehlərin çıxarılması hissəsində iddianı təmin edərkən birinci instansiya məhkəməsi "İpoteka haqqında" Qanunun 59.4 və 59.3-cü maddələrinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hesab edir ki, ipoteka predmeti olan evdən cavabdehlərin çıxarılması hissəsində iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi bu nəticəni qanunvericiliyin tələblərinə ziddir. Belə ki, "İpoteka haqqında" Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda hamin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qeyd etməyi zəruri hesab edir ki, "İpoteka haqqında" Qanunun 59.3-cü maddəsində göstərilmiş "satıldıqda" ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Göründüyü kimi, ipoteka predmeti olan evdən cavabdehin çıxarılması hissəsində iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Bundan əlavə Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə də razı deyil, belə ki, tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişlərin hamısı nəzərə alınmamışdır. Əlavə olaraq bildirir ki, tərəfindən rəydə qeyd edilənlərdən əlavə 6500 manat da ödəniş olunmuşdur ki, həmin məbləğ ekspert rəyində əksini tapmamışdır. Heab edir ki, işin bu halı məhkəmə tərəfindən obyektiv araşdırılmalı və zərurət olarsa təkrar ekspertiza təyin edilməlidir. Digər tərəfdən məhkəmə öz qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 manat müəyyən edilməsi ilə bağlı nəticəyə gələrkən 29 04.2019-cu il tarixli QXM 248M saylı ekspert rəyinə əsaslanmışdır. Lakin ölkədə başverən iqtisadi vəziyyətlə bağlı əmlakların qiymətlərində artım və azaldılmalar müşahidələr edilmişdir Bu səbəbdən hesab edirik ki, mülki iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli və mübahisəli əmlakın real bazar dəyəri müəyyən edilməli idi. Məhkəmə iddia tələbini digər Cavabdeh2 qarşı hissədə təmin etməməklə yalnış nəticəyə gəlmişdir. İddia tələbinin həmin hissədə təmin edilməməsinin əsası kimi məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin vəkili və nümayəndəsi X14 apelyasiya şikayətinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən (mübahisələndirilmiş hissədə) ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətlərinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İddiaçı ASC-nin ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 49 KX nömrəli X12 əsasən cavabdehə 12 ay müddətinə 70.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 (Borcalan-Girov qoyan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli GM/49-KX nömrəli İpoteka Müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyət hüququ ilə Cavabdeh1 məxsus ümumi sahəsi 169.57kv.m, ünvan 1, 6 nömrəli mənzil 169.000 (yüz altmış doqquz min) manat məbləğində qiymətləndirilərək xx.xx.2015-ci il tarixinədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 (Borcalan-Girov qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM/49/2 nömrəli X6 görünür ki, xx.xx.2014-cü il tarixli GM/49-KX nömrəli İpoteka Müqaviləsinin müddəti uzadılmış, ümumi sahəsi 169.57kv.m, ünvan 1, 6 nömrəli mənzil 169.000 (yüz altmış doqquz min) manat məbləğində qiymətləndirilərək xx.xx.2016-cı il tarixinədək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışına əsasən mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1nın adına daşınmaz əmlakın dövlət reyestrində 1187 nömrəli reyestr kitabının 107802 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən mübahisə predmeti olan əmlak İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış zaminlik müqaviləsindən görünür ki, sonuncu iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş və sonunculara təqdim edilmiş bildiriş və pretenziya məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2018ci il tarixli, 0778/18/KRDB nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri 250.000 (iki yüz əlli min) manat, satış (likvid) qiyməti 230.000 (iki yüz otuz min) manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, QXM 248M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri qiyməti 220.000 (iki yüz iyirmi min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16183 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 49-KX saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh1nın Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi X4 borcu 68.179,93 (altmış səkkiz min yüz yetmiş doqquz manat, doxsan üç qəpik) manat təşkil edir. Bakı Apelyasiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə “X17” MMC-nin rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixə ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri 270.000 (iki yüz yetmiş min) manat, satış (likvid) qiyməti 240.000 (iki yüz qırx min) manat təşkil edir. Bakı Apelyasiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə xx.xx.2020-ci il tarixli sorğunun icra olunması ilə bağlı tərtib olunmuş ƏEM/M 65- 176/20 saylı Ekspert rəyi təqdim edilmiş, iş və xidmət dəyərinin “X17” MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 ödənilməsinin təmin edilməsi xahiş olunmuş, xidmət haqqı “X17” MMC-nin taarif cədvəlinə müvafiq olaraq 200,0 (iki yüz) manat təşkil edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa gö-rə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmçinin 101.2-ci maddədəyə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçının Apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik beş faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 11.615,40 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti düzgündür. Belə ki, cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. Həmin müddət üçün cavabdeh borc alanın ödəməli olduğu məbləğ 68.179,93×5%÷12 ay= 3409 manatdır. Həmçinin, Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin 220.000 (iki yüz iyirmi min ) manat müəyyən olunmasını yüksək məbləğ hesab etsə də, Bakı Apelyasiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə “X17” MMC-nin rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixə ünvan 1, 6 nömrəli mənzilin bazar dəyəri 270.000 (iki yüz yetmiş min) manat, satış (likvid) qiyməti 240.000 (iki yüz qırx min) manat təşkil edir. Odur ki, iddiaçının apellyasiya şikayəti bu hissədə də əsassızdır. Cavabdehin Apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsinin DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələbinin təmin olunması "İpoteka haqqında" Qanunun 59.3-cü maddəsinin tələblərinə zidd deyildir. Daha sonra cavabdeh qeyd etmişdir ki, tərəfindən rəydə qeyd edilənlərdən əlavə 6500 manat da ödəniş olunmuşdur ki, həmin məbləğ ekspert rəyində əksini tapmamışdır. Lakin apellyasiya baxışı zamanı da cavabdeh rəydə nəzərə alınmamış hansı ödənişlər olması barədə sübut təqdim etməmişdir. Həmçinin, İddia ərizəsindən aydın olur ki, iddiaçı cavabdehlərdən 43085 manat dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə kollegiyası həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 43085 manat məbləğində deyil, 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə zaminliklə təmin edilmiş öhdəlik üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə bitdiyindən və kreditor tərəfindən zaminə qarşı iddia tələbi xx.xx.2018-ci il tarixində verildiyindən, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir, həmin zaminliyə xitam verilməlidir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 68.179,93 manat əsas borc, 1000 manat cərimə (dəbbə), müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 5%-lə 3409 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1, 6 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin likvid satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməli, əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, mənzil satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılaraq Ləğv prosessində olan İddiaçı ASC-yə təhvil verilməli, qalan hissədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Bununla belə kollegiya hesab edir ki, işin digər faktiki halları ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin məzmununa əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmamalı, cavabdehin apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)-262/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan ünvan 2 C ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən olunmalı, qətnamə qalan hissədə və apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti təmin olunmasın. Cavabdehin apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 262/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan ünvan 2 C ünvanında binanın 4-cü mərtəbəsində yerləşən 169.97 kv.m ümumi, 101.7 kv.m yaşayış, 67.87 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilsin.Həmin mənzilin ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən olunsun. Bakı Apelyasiya məhkəməsi zamanı təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə xidmət dəyəri 200,0 (iki yüz) manat iddiaçı LPO İddiaçı X11 ləğvedicisi X1 və Cavabdeh1 hər birindən 100 (bir yüz) manat olmaqla tutularaq “X17” MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Qətnamə qalan hissədə və apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar