Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-736/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19000 manat günün məzənnəsinə uyğun olaraq dollar ekvivalentində 11176 ABŞ dolları məbləğində əsas borcun, cavabdehin qanunsuz hərəkətləri ucbatından ona dəymiş 2500 manat məbləğində maddi və 2500 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş №2(008)-4089/21) iddia tələbi qismən təmin edilərək Cavabdeh 11176 (on bir min yüz yetmiş altı) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30.03.2020-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən kredit borcu 19000 manat günün məzənnəsinə uyğun olaraq dollar ekvivalentində 11176 ABŞ dolları məbləği təşkil etmiş və borc alan həmin borcu 30.06.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcu qaytarmalı olan gündən 5 ay keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan heç bir şəkildə ödənilməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında borc 22000 manat məbləğində olmuşdur. Sonradan o, borcdan 3750 manat qaytarmış, 18250 manat borc qalmışdır. Beləliklə, qətnamə qəbul edilərkən borc düzgün hesablanmamış, ondan tutulmalı olan məbləğ artıq göstərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh səhhətində hər hansı problem olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunmasını xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, o, iddiaçıya olan borcunu qismən – 18 250 manat hissəsində qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə üzrə tutulan məbləğ isə 11176 ABŞ dolları məzənnə üzrə manatladır. Yəni, cavabdehin faktiki olaraq razılaşmadığı hissə məzənnə üzrə təxminən 750 manatdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 30.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 19000 manat məbləğində pulu 11176 ABŞ dolları ekvivalentində Cavabdeh borc vermişdir. Müqavilə notariat qaydasında təsdiq olunmuşdur. İddiaçı məhz həmin müqaviləyə əsaslanaraq müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini bildirmiş və hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cavabdehdən 11176 ABŞ dolları borc məbləğinin məzənnə üzrə manatla tutulması, eləcə də cavabdehin qanunsuz hərəkətləri ucbatından ona dəymiş 2500 manat məbləğində maddi və 2500 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740-cı və s. maddələrini rəhbər tutaraq iddianı 11176 ABŞ dolları borc məbləğinin məzənnə üzrə manatla tutulması hissəsində əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, cavabdeh öz etirazında istinad etdiyi faktları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh 30.03.2020-ci il tarixli kredit müqaviləsi bağlandıqdan sonra müqavilə üzrə hər hansı borc məbləğini qaytarmasına dair sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri borcun düzgün hesablanmaması barədədir. Apelyator qeyd edir ki, onun cəmi borcunun 18250 manat olmasına baxmayaraq məhkəmə tərəfindən 11176 ABŞ dollarının məzənnə üzrə manatla tutulması qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, cavabdeh borcunun müqavilədə göstərilən 11176 ABŞ dolları, yaxud məzənnə üzrə 19000 manat deyil, daha az, yəni 18250 manat olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları, eləcə də apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası iddia tələbinin 11176 ABŞ dolları, yaxud məzənnə üzrə 19000 manat olduğunu, cavabdeh tərəfindən borcun 18250 manat hissəsinin qəbul edildiyini və apellyasiya qaydasında yalnız 750 manat hissəsinin mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-736/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-736/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver