Məhkəmə qərarları › İş №2(103)-7362/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7362/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7362/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3082/2020 saylı, 13 avqust 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra ”Unibank” KB ASC) Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə 966.45 USD əsas və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3082/2020 saylı, 13 avqust 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmışdır, nəticədə o, hazırkı iddia tələbinə etirazlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirdi ki, birinci instansiya məhkəməsində onun iştirakı təmin olunmamış, o, hazırkı işdən icra mərhələsində xəbər tutmuşdur. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyaının iclaında iddiaçının nümayəndəsi İ.Şahverdiyev apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2014-cü il tarixli, 6129nkSTB2/14 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank tərəfindən borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 4000 USD kredit verilmişdir. Mülki işdə olan 22.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASCnin müştərisi olan Cavabdeh 6129nkSTB2/14 saylı kredit müqaviləsi üzrə 966.45 USD borcu yaranmışdır. Mülki işdə olan 22.06.2020-ci il tarixli, mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işdə olan 04.04.2017-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun məbləği barədə xəbərdar edilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bildirişə əlavə edilmiş poçt göndərişlərinin siyahısının surətindən görünür ki, həmin bildiriş borcluya göndərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış 10.09.2014-cü il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və müqavilə müddəti 10.09.2016-cı il tarixdə bitir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 10.09.2014cü il tarixli kredit müqaviləsi üzrə 10.09.2019-cu il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 07.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı işdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni apellyasiya instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilə bilməz, çünki o birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmişlər, bu səbəbdən də Məhkəmə tərəfindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi qəbul edilmişdir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3082/2020 saylı, 13 avqust 2020ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar