Məhkəmə qərarları › İş №2(103)-7368/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7368/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7368/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(011)-7850/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, nzaz10558 saylı kredit müqaviləsi üzrə kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7850/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı ASC şikayət verərək, qərardadın ləğv edilməsini, mülki işin təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh öldüyü halda məhkəmə cavabdehin vərəsəsinin olub-olmamasını və ya vərəsəlik işinin açılıb-açılmamasını müəyyən etmək üçün müvafiq sorğular edib cavab almadan mülki işin icraatına xitam vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-7850/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-2558/2020 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan İddiaçı ASC kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, şikayətə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-2716/20 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2558/2020 saylı qərardadı ləğv edilmiş və iş apelyasiya şikayətinin mümkünlüyünün müzakirəsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-7368/2020 saylı qərardadı ilə apelyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli 690421 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, iş üzrə Cavabdeh xx xxxxxx 2014-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə Cavabdeh xx xxxxxx 2014-cü il tarixində öldüyü halda, İddiaçı ASC xx xxxxxxxx 2019-cu il tarixdə, yəni cavabdehin ölümündən 5 il 7 ay keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi şəxs cavabdeh ola bilər. “Tərəf” statusunu şəxs ona qarşı məhkəmədə iş başlandıqdan sonra alır. Birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi iş üzrə icraata xitam vermə müddəası məhz şəxs “tərəf” statusunu aldıqdan sonra baş verən ölüm halında mümkündür, məhz həmin bu halda hüquq varisliyinə yol verdiyi məqama görə icraata xitam verilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs tərəf olmadan əvvəl ölməsi halında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Başqa sözlə iş məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən yox, həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən mülki işin icraatına xitam versə də, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmamışdır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7850/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə bilər. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7850/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar