Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-737/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin (hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1516,68 ABŞ dolları əsas borc, 3419,54 ABŞ dolları faiz borcu, 9.36 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 4987,83 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ dolları əsas, 3419,54 ABŞ dolları faiz, 9,36 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 4987,83 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq İddiaçı-nin (“xxxx” ASC) hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, kredit müqaviləsi üzrə borc Prezidentin müvafiq Fərmanının təsir dairəsinə düşmüş, lakin bankdan bu barədə maraqlandıqda ona adının həmin siyahıda olmadığı bildirilmişdir. Buna görə də, 2019-cu ilin dekabr ayında Palataya müraciət etmiş, lakin Palata ləğv olunduğu və Mərkəzi Bankın tərkibinə verildiyi üçün hələ də müraciətinə cavab verilməmişdir. Məhkəməyə təqdim etdiyi sənəddən də görünür ki, onun problemli krediti ilə bağlı ünvanladığı şikayəti hazırda araşdırılır. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faiz məbləği artıq hesablanmışdır. Belə ki, ona qrafik üzrə ayda 189 dollar olmaqla faizsiz üç il müddət müəyyən edilmiş və o, hər ay 200 dollar olmaqla 11.000 dollara yaxın ödəniş etmişdir. Məhz bu səbəbdən ödəniş cədvəlinə imza atsa da, qrafikdə qeyd olunan faizlərə önəm verməmiş, ona bank işçisi tərəfindən söylənilən şifahi sözlər əsasında ödənişlərini etmişdir. Göründüyü kimi, ödənişlər etdiyi halda faiz borcundan silinmə olmamış, bütün ödənişlər əsas borca yönəlməklə faizlər şişirdilmişdir. Ekspert rəyinə münasibətdə isə bildirir ki, kredit müqaviləsi üzrə borcları olduğu kimi qalmış, əksinə daha da şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə əsas borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 illik 28% dərəcəsilə 18 ay müddətinə 10.000 ABŞ dolları kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 bankın tələb hüququna zamin durmuşlar. Bank müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Sözügedən müqaviləyə xx.xx.2016-cı il tarixli Əlavədən görünür ki, kreditin bağlanma tarixi xx.xx.2019-ci il tarixədək uzadılmış, keditin illik faiz dərəcəsi isə 24% müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək faiz ödənişi 3542,10 ABŞ dolları, əsas məbləğ ödənişi 6804 ABŞ dolları olmaqla, cəmi 10.346,10 ABŞ dolları təşkil edir. Cavabdeh1 isə, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 1516,68 ABŞ dolları əsas, 3419,54 ABŞ dolları faiz, 9,36 ABŞ dolları cərimə və 5.04.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 4987,83 ABŞ dolları borcu vardır. Bank tərəfindən xx.xx.2019-cu il tarixli məktubla, banka olan borcun 5 gün müddətində ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/522 saylı ekspert rəyinə əsasən, Cavabdeh1la İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-208-15 saylı kedit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc üzrə 1.516.70 ABŞ dolları; faiz borcu üzrə 3.469,04 ABŞ dolları. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2015-ci il tarixli 27-M-1-0-208-15 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi, xx.xx.2015-ci il tarixli kassa-məxaric orderi, sözügedən müqaviləyə xx.xx.2016-cı il tarixli Əlavə və 1 saylı Əlavə, xx.xx.2019-cu il tarixli maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, apelyasiya şikayətində kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünə görə ona kompensasiya ödənilməli olduğunu bildirir. Kollegiya, cavabdehin bu dəlili ilə razılaşmır, ona görə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx xxxxxx 2021 taixli, 16-00197-2021 nömrəli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə X1 (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh1 adı Fərman çərçivəsində kompensasiya alacaq və kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına daxil edilməmişdir. Belə ki, adıçəkilən məlumat bazalarına daxil edilmiş qeydlərə əsasən xx.xx.2015-ci il tarixdə baş vermiş devalvasiya gününə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7.000,94 ABŞ dolları məbləğində əsas kredit borcu ilə yanaşı digər kredit təşkilatlarında da 3.275 ABŞ dolları əsas kredit borcu ödənilməmiş qalmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Fərmana əsasən fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. Fərmanın “kredit borcunun restrukturizasiyası” hissəsinə gəlincə isə bildirilir ki, yuxarıda qeyd edilən əsas kredit borcları üzrə Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) gecikdirilmiş günlərin sayı 332 gün təşkil etdiyindən bu hissədə də Məmmədov X4 təsiri çərçivəsindən kənarda qalmışdır. Belə ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2015-ci il tarixində devalvasiyanın baş verdiyi günə bütün kredit təşkilatlarında olan əsas kredit borcu 10.000 ABŞ dollarından artıq olduğu üçün kompensasiyanın hesablanması hissəsində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Fərmanın qüvvəyə mindiyi tarixə qalıq borcunun gecikdirildiyi günün 360 gündən az olması səbəbindən isə restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Bundan başqa, cavabdeh, apelyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığına istinad etsə də, həmin məbləğin düzgünlüyünə şübhə yaradan hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən bank tərəfindən hesablanmış faiz borcunun məbləği olduğu kimi saxlanılmaqla, düzgünlüyü təsdiq olunmuşdur. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-696/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-737/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver