Məhkəmə qərarları › İş №2(103)-7371/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7371/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7371/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(005)-871/2015 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxx” ASC cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh5 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh4" MMCnin müqavilə üzrə xx xxxxxx 2015-ci il tarixə ASC-yə borclu olduğu 264365,71 ABŞ dolları məbləğində əsas borc, 17010,68 ABŞ dolları məbləğində faiz və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283865,89 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m ümumi, 302,52 kv.m yaşayış, 143,84 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m hasara (tikinti altı sahə) yönəldilməsi, ilkin satış qiyməti 550000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli “Baş kredit razılaşması”na əsasən razılaşma ilə müəyyən edilmiş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana xx.xx.2013cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. MMC ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən MMC-yə biznesin məqsədləri üçün 60 ay müddətinə illik 16% hesablanmaqla 310.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m ümumi, 302,52 kv.m yaşayış, 143,84 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m hasar ipotekaya qoyulmuş və xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır. MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. İpoteka qoyulmuş əmlakın bazar dəyəri 550.000 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı xx xxxxx 2015ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 264365,71 ABŞ dolları məbləğində əsas borc, 17010,68 ABŞ dolları məbləğində faiz və 2489,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283.865,89 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla hesablanmaqla və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m ümumi, 302,52 kv.m yaşayış, 143,84 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayiş evinə (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m hasara (tikinti altı sahə) yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 550.000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracdan satılmasından əldə edilən vəsait hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borcunun və dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş iddia ərizəsində cavabdeh (ipoteka qoyan və zamin) qismində cəlb olunsa da, keçirilmiş məhkəmə iclasları barədə onun (Cavabdeh1) məlumatı olmadığından iştirak edə bilməmişdir. Nəticədə qətnamə qanunvericiliyin müvafiq normalarına əsaslanmadan qanunla müəyyən olunmuş tələblər pozulmaqla çıxarılmışdır. Kredit müqaviləsi üzrə həddindən artıq dərəcədə çox və eyni zamanda hesablanma metodu bəlli olmayan faiz borcu və eyni qayda üzrə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə uyğun olmayaraq cərimə borcu hesablanmışdır. Bank tərəfindən tələb olunan faiz və cərimənin qeyri-mütənasib hesablanması aydın şəkildə görünsə də, məsələnin araşdırılması üçün nə məhkəmə öz təşəbbüsü ilə, nə də ki bu məsələ üzrə cavabdeh olaraq onun mühasibatlıq ekspertizasının təyin olunması barədə şifahi vəsatəti belə təmin edilməmişdir. Banka ümumilikdə 121332 ABŞ dolları məbləğində ödənişlər etmişdir. İpoteka predmetinin dəyəri hazırki dövr üçün aşağı qiymətdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-1878/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı işi üzrə xx xxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərci 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi, ekspertiza xərci olan 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq X3 hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-4782/2018 saylı Qərarı iləcavabdehlər Cavabdeh4 MMC və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-1878/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinə əlavə verərək, hazırkı mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarlarını tədbiq edərək onun zaminliyinə və ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1671/2019 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC ilə bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, iddiaçının hesabına ödənilməli əsas borcun məbləği 257.392,09 ABŞ dolları, faiz borcunun məbləğinin isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilməsi, məhkəməmühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) təşkil etdiyindən, həmin məbləğin Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi və məhkəməəmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manat təşkil etdiyindən, həmin məbləğin İddiaçı ASC-dən tutularaq “X4” MMC-nin hesabına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-2634/2020 saylı Qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: «Əvvəlki kassasiya icraatı zamanı kassasiya instansiya məhkəməsi apellyasiya şikayətinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili ilə razılaşmaqla, yalnız əmlakın real dəyəri ilə bağlı şübhələrinin aradan qaldırılması üçün mübahisəli əmlakın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməsi barədə göstəriş qoymuş, zaminlik və ipoteka müqavilələrinin qanuniliyinin yoxlanılması barədə ümumiyyətlə göstəriş verilməmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin səlahiyyətləri kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş qanun pozuntularının həmin məhkəmənin göstərişləri əsasında yoxlanılması ilə məhdudlaşdığı halda, apellyasiya instansiya məhkəməsi həmin göstərişlər əsasında ipoteka predmeti olan əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etsə də, sonradan Yasamən Nəbiyevanın apellyasiya şikayətinə əlavəsində irəli sürdüyü dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yoxlamışdır. Halbuki, Cavabdeh1 həmin dəlilləri nə apellyasiya şikayətində, nə də kassasiya şikayətində irəli sürməmiş və həmin dəlillər ümumiyyətlə müzakirə edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində apellyasiya şikayətinin qismən təmin edilməsi göstərilsə də, birinci instansiya məhkəməsinin qətnaməsinə ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə tələb irəli sürülmədiyi halda zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qət edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələblərə münasibət bildirilmədən borcun məbləğinin müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və iddiaçının nümayəndəsini dinləyib hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilməli, Cavabdeh1 mübahisələndirdiyi hissədə isə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “xxxxxxxx” ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 112828-1-7032 saylı xx xxxx 2013-ci il tarixli baş kredit razılaşmasına əsasən, sonuncuya bank tərəfindən 1.000.000 ABŞ dolları məbləğində 120 ay müddətinə, xx xxxx 2013-cü il tarixədək kredit xətti açılmışdır. Bankla Cavabdeh4 MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 112828-1-7032/1 saylı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ilə bank tərfindən sonuncuya kredit xətti daxilində 60 ay müddətinə, illik 16% olmaqla 310.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 113710- NEDVİJ-1296 saylı daşınmaz əmlak ipoteka müqaviləsi ilə sonuncuya məxsus ünvan 2 ünvanında istifadədə olan 0.02271 ha torpaq sahəsində yerləşən 446,36 kv.m ümumi, 302,52 kv.m yaşayış, 143,84 kv.m yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və 26,2 kv.m hasar (tikinti altı sahə) bank qarşısında 112828-1-7032 saylı xx xxxx 2013-ci il tarixli baş kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı qismində ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Cavabdeh5 MMC ilə 113711-7-G_RAN-76 saylı xx.xx.2013-cü il tarixli, Cavabdeh2 ilə 113736-7-4204 saylı xx.xx.2013-cü il tarixli, Cavabdeh1 ilə 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli və Cavabdeh3 ilə 112826-7- 4205 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini Cavabdeh4 MMC-yə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, Cavabdeh4 MMC isə müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit borcunu tələb etməkdə haqlıdır. Cavabdeh4 MMC kredit borcunun tutulmasına etiraz etməsə də, borc məbləğinin düzgün hesablanmaması, yəni çox hesablanması qənaətindədir. Bununla bağlı Kollegiya qeyd edir ki, məhkəmə Cavabdeh4 MMC-nin kredit öhdəliyini pozması (lazımınca icra etməməsi) barədə düzgün nəticəyə gəlmiş olsa da, tutulmalı olan əsas və faiz borcunun məbləği hissəsində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-5087/2015 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2015-ci il tarixli 20228 ekspert rəyi ilə xx.xx.2015-ci il tarixə (iddia verilən tarixə) olan əsas borc 252.363,06 ABŞ dolları, faiz borcu 9.648,53 ABŞ dolları, cərimə borcu isə 1920,49 ABŞ dolları müəyyən edilmişdir. Bundan sonra məhkəmə kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-5087/2015 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli 2678 saylı ekspert rəyinə əsasən, borclunun xx.xx.2015-ci il tarixə (iddia ərizəsinə əlavə verilən tarixə) olan əsas borcu 255,128,79 ABŞ dolları, faiz borcu 13.133,39 ABŞ dolları müəyyən edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-753/2016 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2017-cı il tarixli 944 saylı ekspert rəyinə əsasən, borclunun xx.xx.2015-ci il tarixə (iddia ərizəsinə əlavə verilən tarixə) olan əsas borcu 257,392,09 ABŞ dolları, faiz borcu 15.961,86 ABŞ dolları, cərimə borcu isə 3988,64 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya sonuncu ekspert rəyini əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməklə, əsas borc 257.392,09 ABŞ dolları, faiz borcu isə 15.961,86 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cərimə borcuna aid hissədə isə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Cavabdeh (ipoteka qoyan və zamin) Cavabdeh1 münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Məlum olduğu kimi, Cavabdeh1 ilə həm zaminlik, həm də ipoteka müqaviləsi bağlınmışdır. Apellyasiya şikayətinə əlavədə Cavabdeh1 zaminlik və ipoteka müqavilələrinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. İş materiallarından müəyyən olunur ki, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi və 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu Cavabdeh4 MMC-nin bank qarşısında olan 112828-1-7032 saylı xx xxxx 2013-ci il tarixli Baş kredit razılaşması üzrə öhdəliklərinə birgə məsuliyyət daşımağı və ipoteka təminatı verməyi öhdəsinə götürmüşdür. Lakin hər iki müqavilə ümumi xarakterli olmuş və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Baş kredit razılaşması ilə açılmış kredit xəttinin ümumi məbləği 1.000.000 ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 2.1-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, Baş kredit razılaşması özü əsas müqavilə hesab olunsa da, bu müqavilənin bağlanması ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, həmin müqaviləyə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya müvafiq şərtlər daxilində (faiz, müddət və s.) kredit verməyi öhdəsinə götürür, borclunun öhdəlikləri isə konkret krediti aldıqdan sonra yaranır. xx.xx.2013-cü il tarixli Baş kredit razılaşmasında gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Zaminlik və ipoteka müqavilələrində də zaminlik və ipoteka ilə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, buna görə zaminlik və ipoteka müqavilələrində də gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik və ipoteka müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Beləliklə, Cavabdeh1 ilə bağlanmış zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədiyindən və sonradan bağlanmış kredit müqaviləsində də belə şərtlər barəsində zamin və ipoteka qoyan kimi Cavabdeh1 razılığı alınmadığından, xx.xx.2013-cü l tarixli Baş kredit razılaşması üzrə onun zaminliyə bütövlükdə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamış qalmışdır. Buna görə də ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarının tətbiqi baxımından qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından götündüyü kimi, hazırkı tələb üzrə mübahisəyə dair iddia ərizəsi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daxil olmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarları qəbul edilənədək hazırkı iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı olmamışdır. Belə olan halda hazırkı mübahisə qeyd olunan qərarların təsiri dairəsinə düşdüyündən həmin qərarlar hazırkı iş üzrə tətbiq edilməlidir. Kassasiya instansiya məhkəməsinin sonuncu qərarında qeyd olunanlara münasibətdə kollegiya qeyd edir ki, əvvəlki kassasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-1878/2018 saylı qətnaməsini bu və ya digər hissədə yox, tam ləğv edərək, işi yenidən baxılması üçün qaytarmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh1 həmin mübahisə üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarlarının tətbiq olunaraq, onun zaminliyinə və ipoteka müqaviləsinə xitam verilməsi barədə apellyasiya şikayətinə əlavə vermişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətinə əlavədə irəli sürdüyü dəlillər nə apellyasiya şikayətində, nə də kassasiya şikayətində irəli sürülməmiş və həmin dəlillər ümumiyyətlə müzakirə edilməmişdir, bu məzmunda tələb irəli sürülmədiyi halda apellyasiya məhkəməsi tərəfindən zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin isə bağlanmamış hesab edilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinə əlavədən də göründüyü kimi, Cavabdeh1 həmin əlavəni Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarları qəbul edildikdən sonra vermişdir, yəni Cavabdeh1 xx.xx.2015-ci ildə apellyasiya şikayəti, xx.xx.2018-ci il tarixdə isə kassasiya şikayəti verərkən belə bir hüquqi mövqe olmamışdır (Konstitusiya Məhkəməsinin məlum qərarları müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir). Digər tərəfdən, Kollegiya qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinə bu məzmunda əlavə yaxud qarşılıqlı və ya müstəqil iddia verməsinə ehtiyac yoxdur, bunun üçün hətta iddiaya şifahi etiraz etmək də kifayətdir, çünki hazırki iş müstəvisində müzakirə edilən zaminlik müqaviləsinin xitamı üçün hər hansı məhkəmə aktı və s. tələb olunmur, bu qanunun imperativ göstərişidir, yəni məhkəmə belə halda iddianı həmin zaminə münasibətdə təmin etməməlidir. Eyni qayda ipoteka müqaviləsinə də aiddir, yəni hazırki işdə ipoteka müqaviləsi bağlanmış hesab edilmir, belə vəziyyətdə isə həmin ipoteka müqaviləsinə istinadən tutmanın ipoteka predmetinə yönəldilməsi yolverilməzdir və məhkəmə də bu məzmunda iddianı rədd etməlidir. Cavabdeh1 apellyasiya şikayətinə verdiyi əlavə yeni tələb yox, ona qarşı yönəlmiş tələbə etirazdır. Başqa sözlə, iddiaya yönəlmiş etirazın ifadə etmə formasından asılı olmayaraq, bankın tələbinin zaminə və ipoteka predmetinə yönəldilməsi üçün zaminlik və ipoteka təminatının yaranması əsasları mövcud olmalıdır, yəni bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən zaminlik və ipoteka müqavilələri (təminatları) mövcud və qüvvədə olmalıdır. Hazırki işdə isə xx.xx.2013-cü il tarixli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx bağlanarkən faiz və s. barədə zamin və ipoteka qoyan kimi Cavabdeh1 razılığı alınmadığından (halbuki ipoteka müqaviləsi xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxndən 2 gün sonra bağlanmışdır və ipoteka qoyanı kredit müqaviləsi üzrə konkret şərtlərlə tanış etmək heç br çətnlik yaratmırdı), elə həmin tarixdən zaminlik müqaviləsinə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamış qalmışdır, yəni bank məhkəməyə müraciət edərkən artıq zaminlik və ipoteka təminatı mövcud olmamışdır. Belə olan halda isə iddiaçının həmin müqavilələrə istinadən Cavabdeh1 qarşı yönəlmiş tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qanunvericiliyin tələbləri baxımından hazırki halda cavabdeh (ipoteka qoyan və zamin) Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi üzrə onun zaminliyinə xitam verildiyindən və ipoteka müqaviləsi bağlanmamış hesab edildiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh4 MMC-nin direktoru (həm də zamin) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə xx xxxxx 2015-ci il tarixli qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilsin. İddiaçı ASC-nin hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 257.392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə xx xxxxx 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manat İddiaçı ASC-dən tutularaq “X4” MMC-nin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar