Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7374/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş 2 övladının – xx.xx.2006-cı il təvəllüdlü Nəzrin və xx.xx.2009-cu il təvəllüdlü Mehrinin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin işlədiyi müəssisələrdən aldığı əmək haqqından və digər qazancından hər ay 1/3 hissədə alimentin, habelə mediasiya xərcinin əvəzi kimi 50 manat, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi kimi 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların 2 övladı olsa da, münasibətləri pisləşmiş, onlar ayrılmışlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3801/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən, qazancının 1/3 hissəsi miqdarında alimentin hər ay tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra Suraxanı Rayon Məhkəməsinin 2(010)-1031/2012 saylı, xx.xx.2012ci il tarixli qətnaməsi ilə, hər ay tutulan alimentin məbləğinin dəyişdirilməsi və cəmi 180 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, hər ay tutulan alimentin məbləğinin dəyişdirilməsi və cəmi 150 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2015-cü il tarixli qətnamə (iş № 2(103)-4736/2015) ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, hər ay tutulan alimentin məbləğinin hər uşaq üçün 108 manat, cəmi isə 216 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Bundan başqa, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Barışıq sazişi” bağlanmışdır. Sazişin şərtlərinə görə, hər ay tutulan alimentin məbləğinin hər uşaq üçün 250 manat, cəmi isə 500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh aldığı əmək haqqını və digər aylıq qazanclarını ondan gizlədir. O, cavabdehin əmək haqqısının və gəlirlərinin məbləğinin müəyyən edilməsi üçün cavabdehin işlədiyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (“TƏBİB”) sorğu versə də, “TƏBİB”, Əmək Məcəlləsinin 88-ci maddəsinə istinad edərək, sorğu edilən məlumatlar barədə ona cavab verməmiş və imtinanı onunla əsaslandırmışdır ki, cavabdeh, bu məlumatların verilməsinə razı deyil. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini və bu qaydada alimentin, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ondan iddiaçının xeyrinə tutulan alimentin məbləğinin hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikahın pozulmasından sonra cavabdeh yeni nikaha daxil olmuş və həmin nikahdan 2 övladı var. Bundan başqa cavabdehin himayəsində arvadı və yaşlı valideynləri var. Cavabdeh “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır. Hazırki iş üzrə məhkəmə araşdırmasına qədər cavabdeh “M.A.Topçubaşov adına X1”ndə qaraciyər, öd kisəsi, mədəaltı vəzinin cərrahlığı şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. İddiaçı ilə barışıq sazişi bağlanan zaman cavabdeh iki yerdə işləyirdi və həmin dövrdə alimentin məbləği hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat müəyyən edilmişdir. Qətnamə qəbul edilən zaman isə cavabdeh sadəcə “TƏBİB”də çalışmışdır. Cavabdeh, məhkəmə baxışı zamanı hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bu təklif isə əvvəlki aliment məbləğinin 20% artımı deməkdir. Ölkə üzrə inflyasiya həddi 20% təşkil etmədiyi halda, cavabdehin bu təklifi, habelə dəlilləri və təqdim etdiyi sübutlar Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Məhkəmə bildirir ki, MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
10. Qeyd edilən prosessual hüquq normasının tələbini, Rayon Məhkəməsinin qətnaməsindən iddiaçının apellyasiya şikayəti verməməsini, qətnamədən apellyasiya şikayəti vermiş cavabdehin qətnaməni yalnız alimentin məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirməsini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, iş üzrə tərəflərin nikahdan 2 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmışlar. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi (İş №: 2(010)-3801/2011) ilə onların arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması qət edilmişdir. İddiaçının yanında qalmış uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə alimentin tutulması, alimentin məbləğinin dəyişdirilməsi proseduru baş vermişdir. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-cü il tarixli qətnaməsi (İş №: 2(103)-4736/2015) ilə tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan başqa, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Barışıq sazişi” bağlanmışdır. Sazişin şərtlərinə görə, hər ay tutulan alimentin məbləğinin hər uşaq üçün 250 manat, cəmi isə 500 manat məbləğində müəyyən edilmişdir.
13. İddiaçı cavabdehə qarşı hazırda iddia irəli sürərək xahiş edir ki, cavabdehin aylıq qazancı yüksək olduğundan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin işlədiyi müəssisələrdən aldığı əmək haqqından və digər qazancından hər ay 1/3 hissədə aliment tutularaq ona ödənilməlidir.
14. Cavabdeh iddianı qismən qəbul edərək, ondan iddiaçının xeyrinə tutulan alimentin məbləğinin hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
15. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh bu təklifini onunla əsaslandırır ki, o ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan 2 övladı var. Bundan başqa onun himayəsində arvadı və yaşlı valideynləri var. O, əvvəl iki iş yerində işlədiyi halda, hazırda maddi vəziyyətində dəyişiklik olmuş, yalnız “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır. “Barışıq sazişinə” əsasən, hər bir uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödəyirdi, hazırda həmin məbləği 20% artıraraq hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat ödəməyə hazırdır. Ölkə üzrə inflyasiya həddi nəzərə alınarsa iddiaçının tələb etdiyi aliment miqdarı əsassızdır.
16. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan müəyyən edilir ki, cavabdeh, “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqısı 3.561,15 manat təşkil edir. İddiaçı isə “X2” MMC-də fizik vəzifəsində çalışır və aylıq əmək haqqısı 442 manat təşkil edir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
20. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur (maddə 17.). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34; bənd 4.).
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.
23. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
25. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
26. Məhkəmə qeyd edir ki, cavabdeh aylıq qazancı yetərli səviyyədə olduğu üçün, iddiaçı ilə birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Çünki valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu və vəzifəsidir.
28. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən etməkdə haqlı olmuşdur. g) apelyasiyanın nəticəsi
29. Bununla da apellyasiya baxışının nəticəsi olaraq müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığına görə qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2023-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.