Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7375/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2(009)- 933/2022 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 30 may 2021-ci ildə İddiaçı ilə Cavabdeh MMC arasında “Xidmətlərin göstərilməsi haqqında” RBA 3579-2021 N-li müqavilə bağlanmışdır. Müqaviləyə müvafiq olaraq İddiaçı tərəfindən Cavabdeh MMC-yə 30 may 2021-ci ildə 850 AZN məbləğində pul ödənilmişdir.
2. İş materiallarında olan iddiaçının pretenziya məktubunun surətindən görünür ki, cavabdehə zərərin ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmiş, təqdim olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı Baş Səhiyyə Mərkəzi 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin məhkəmənin sorğusuna 160 saylı 10 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinə müraciət etməyib. X3 adına X1 Dermatovenerologiya kafedrasının asistantı İsmaylova Mədinə qəbul edib.
3. Təqdim olunmuş Cavabdeh MMC-nin məhkəmənin sorğusuna 13 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli RBA 3579-2021 N-li “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi özəl tibb müəssisəsində aşağıda göstərilən kosmetoloji prosedurlardan keçmişdir: 1. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30); 2. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30); 3. Baltuşka+darsenval+iltihab əleyhinə maska+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30); 4. Elektroparasiya+anti akne+led maska (göy rəng) (xx.xx.2021-ci il, saat 11:30)
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-yə ödədiyi 850 manat, habelə səhhətinə vurulmuş ziyana görə müalicəyə sərf etdiyi 105 manatın, cəmi 965 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 may 2021-ci ildə o, Cavabdeh MMC-yə müraciət etdi və onunla “Xidmətlərin göstərilməsi haqqında” RBA 3579-2021 N-li müqavilə bağlanıldı. Müqaviləyə müvafiq olaraq o, Cavabdeh MMC-yə 850 AZN məbləğində pul ödədi. Müqaviləyə və onun tərkib hissəsi olan əlavəyə - spesifikasiyaya görə onunla “Profeccional Care L” nişanlı kosmetik-müalicəvi əməliyyatlar: jeet peel”, “canlı ilbiz”, “bio oxugen”, “glove therapy”, “mikrotok terapiyası”, “elektroporasiya”, “mikrotok-roller lift” icra edildi. Müqavilənin tərəflərin vəzifə və öhdəliklərinə aid olan 3.1.1.-ci bəndində qeyd edilmişdir ki, “xidmət göstərənin” “xidmət alana” müqavilə şərtləri əsasında göstərdiyi xidmət keyfiyyətli olmalıdır. Lakin Cavabdeh MMC-nin ona göstərdiyi xidmət nəinki keyfiyyətli olmamışdır, əksinə onun sağlamlığına və sifətinin görünüşünə ciddi zərər vurmuşdur. Belə ki, kosmetik əməliyyat proseduru zamanı şirkətin əməkdaşlarının səhlənkarlıq edərək, gigiyena-sanitariya və sterilizasiya qaydalarına riayət etməmələri nəticəsində onlar tərəfindən onun üzünün dərisinə demodeks paraziti yoluxdurulmuşdur. Buna görə də, onun sifətinin dərisində çoxsaylı sızanaqlar əmələ gəlmişdir. Bununla əlaqədar olaraq, o, Cavabdeh MMC-yə ödədiyi məbləğin geri qaytarılması barədə yazılı ərizə ilə müraciət etdi. Əvvəlcə ona həmin məbləği qaytaracaqlarını vəd etdilər, sonra isə bundan imtina etdilər. Müalicə üçün o, 07 iyul 2021-ci ildə Bakı şəhəri Dəri-Zöhrəvi Dispanserinə müraciət etməyə məcbur oldu. Orada aparılmış mikoloji laborator tədqiqatı onun sifətinin dərisinə demodeksin yoluxmasını təsdiq etdi. Bundan sonra bir müddət o bu xəstəlikdən müalicə olundu. İki müalicə kursu üçün o, 105 AZN məbləğində pul ödədi. Bununla əlaqədar o, cavabdehə 05 yanvar 2022-ci ildə pretenziya yazmış, lakin bu günə kimi cavab almamışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(009)- 933/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh MMC -dən 850 manat pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim Mədinə Bağırova)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Ona görə də Cavabdeh MMC-dən 850 manat tutularaq İddiaçı ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onlara müraciət edərkən, onun üzündə demodex paraziti təsiri nəticəsində yaranan sızanaqlar olmuşdur. Həmin parazitin təsirinin nəticələrinin yox olması üçün klinika tərəfindən anti-akne (sizanağa qarşı) proseduru tətbiq olunmuşdur. Yəni həmin şəxs Cavabdeh MMC-yə müraciət edərkən artıq demodex paraziti onun üzündə var idi və ilk prosedurdan demodex nəticələrinin kosmetolojik olaraq ləğv edilməsi üçün tədbirlər görülüb. Həmçinin iddiaçıya bildirilib ki, demodexdən əlavə müalicə olunmalıdır. Məhkəmə tərəfindən Cavabdeh MMCdə prosedur keçməsi və şəxsdə demodex parazitinin olması faktı həmin demodex parazitinin cavabdehden yoluxması faktlarını qəti şəkildə təsdiqləmir. Məhkəmə iddiaçının yetərli olmayan sübutları əsasında işə baxmış, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
13. İddiaçı isə izahatında apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəf isə iddianın qismən təmin edilən hissəsini mübahisələndirdiyindən qətnamə həmin hissələrdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas yoxdur.
17. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 30 may 2021-ci il tarixli müqaviləyə əsasən, xidmət göstərənin xidmət alana müqavilə şərtləri əsasında göstərdiyi xidmətin keyfiyyətli olmasını cavabdeh öz öhdəsinə götürmüşdür.
18. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı 07 iyul 2021-ci il tarixdə «Dəri-Zöhrəvi Dispanseri»nin laboratoriyasında üzün sızanaqlarından və kipriklərindən analiz götürülmüş, analizin nəticəsində onda «demodex»in (dəri altı gənə) olduğu aşkar edilmişdir. Bununla əlaqədar müvafiq təyinat verilmişdir. «Demodex» xəstəliyi müxtəlif şəraitlərdə, o cümlədən xarici və daxili faktorların təsiri nəticəsində meydana çıxa bilər.
19. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 tərəfindən keçirilmiş məhkəmətibbi ekspertizasının 04 avqust 2022-ci il tarixli 411/KEŞ nömrəli rəyindən görünür ki, 1978ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda dəri xəstəliyi müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-də kosmetoloji prosedurlar qəbul edildikdən qısa müddət sonra sifətinin dərisinə demodeksin yoluxması aşkar olunduğundan və beləliklə cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
22. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (850 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(009)-933/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.