Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7377/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-39/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2, Əliyev Anar Əlövsət oğlu və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş №2(001)-39/20) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Əliyev Anar Əlövsət oğlundan müştərək qaydada xx xxxx 2015-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən əsas kredit borcu üzrə 30505,03 ABŞ dolları, faiz borcu üzrə 13064,63 ABŞ dolları, cərimə borcu üzrə 430,34 ABŞ dolları olmaqla, cəmi 44000 (qırx dörd min) ABŞ dollarının borc ödənişin icra ediləcəyi gün məzənnə üzrə manatla tutulub iddiaçı BOKT “xxxxxxxxxxx” MMC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 47000 (qırx yeddi min) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı BOKT “xxxxxxxxxxxx” MMC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satıldığı gündən 1 (bir) ay müddətində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı “xxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 06/357 saylı kredit müqaviləsinə əsasən iddiaçı borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə illik 26% dərəcəsi ilə biznesin inkişafı üçün 35.000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalanın öhdəliklərinin təminatı məqsədi ilə cavabdehlərdən Əliyev Anar Əlövsət oğlu zaminlik müqaviləsi bağlamaqla zamin durmuş, eyni zamanda Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyeestrində qeydiyyatdan keçmişdir. Lakin borc alan kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsini təmin etməmiş və bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin əsas kredit borcu üzrə 30342.22 ABŞ dolları, faiz borcuna görə 13669 ABŞ dolları, cərimə borcuna görə 84456 ABŞ dolları olmaqla, cəmi 128467,22 ABŞ dolları borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan daşınmaz əmlakın təxmini dəyəri 90 000 - 100 000 manat civarında olsa da, qiymətləndirmə düzgün aparılmamış və evə 47000 manat, yəni çox aşağı qiymət qoyulmuşdur. 30342 manat əsas borca 13669 manat faiz borcu hesablanması da əsassız olmaqla həddən artıq şişirdilmiş məbləğdir. Bundan əlavə, məhkəmə iclasının vaxtı və yeri haqqında da ona lazımi qaydada məlumat verilməmiş və onun iştirakı olmadan işə baxılmaqla yekun qərar qəbul olunmuşdur. Hesab edir ki, apelyasiya baxışı zamanı təkrar mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin olunmalı və əsas borca hesablanmış faizlərin və ipoteka predmetinin real bazar dəyərinin həqiqiliyi müəyyən edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Qətnamə digər cavabdehlər tərəfindən, həmçinin iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə və apelyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxxxxxxxxxx” BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 26 faiz ödəmək şərtilə 24 ay müddətinə, 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh Əliyev Anar Əlövsət oğlu ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmış, eyni tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus Bakı şəh, Binəqədi rayonu, Biləcəri qəs., Rəşad İsmayılov küçəsi, ev 1, mənzil 2 ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək hazırkı iddianı qaldırmış və maliyyə arayışı təqdim edərək xx.xx.2017-ci il tarixə Cavabdeh1 BOKT “xxxxxxxxxxxx” MMC-yə əsas borcunun 30342,22 ABŞ dolları, faiz borcunun 13669 ABŞ dolları, cərimə borcunun 84456 ABŞ dolları olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən borcun məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və xx.xx.2019-cu il tarixli, 12409 nömrəli ekspert rəyi ilə Cavabdeh1 BOKT “xxxxxxxxxxxx” MMC-yə borcunun aşağıdakı kimi olduğu müəyyən edilmişdir: əsas kredit borcu üzrə 30505,03 ABŞ dolları, faiz borcu üzrə 13064,63 ABŞ dolları. Məhkəmə həmçinin ipoteka predmeti olan daşınmaz əmlakın dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etmiş və “xxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, PR-155/2020 nömrəli hesabata əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 42,17 kv.m. olan 2 otaqlı mənzilin xx.xx.2020-ci il tarixə likvid dəyərinin 47000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 467, 739-cu və s. maddələri ilə əsaslandırmışdır. Cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti əsas üç dəlil üzərində qurulmuşdur: Birinci dəlil faiz borcunun düzgün hesablanmaması barədədir. Apelyatorun fikrincə faiz borcu şişirdilmişdir və ona görə də təkrar ekspertiza təyin olunmalıdır. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası cavabdeh E.Cəfərovun özünün vəsatəti əsasında təyin edilmiş və faiz borcunun 13064,63 ABŞ dolları olduğu müəyyən edilmişdir. Ekspert müəyyən etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixədək cəmi 7596 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, bunun da 3101,03 ABŞ dolları faiz borcuna, 4494,97 ABŞ dolları isə əsas borcun ödənilməsinə silinmişdir. Ekspert kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilmiş və vaxtı keçmiş borclara görə də əlavə faizlər ödənilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq ödənilməli olan cəmi faiz məbləğinin 13064,63 ABŞ dolları olduğu qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin 2-ci dəlili ipoteka predmeti olan daşınmaz əmlakın bazar dəyərinin düzgün müəyyən edilməməsi barədədir. Yuxarıda qeyd olunduğu kimi, ekspert (qiymətləndirici) tərəfindən daşınmaz əmlakın bazar dəyəri yox, onun likvid qiyməti müəyyən olunmuşdur və məhkəmə də məhz ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən məhz bu qiyməti əsas götürmüşdür. Cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən əsas götürülmüş mütəxəssis rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin rəyin əsassızlığını şübhə altına alan, orada göstərilənləri təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Apelyasiya şikayətinin 3-cü dəlili işə cavabdehin iştirakı olmadan baxılması, məhkəmə iclasının vaxtı və yeri haqqında ona lazımi qaydada məlumat verilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, Cavabdeh1 iş materiallarında olan yeganə ünvanı ünvan 2 və işə baxan məhkəmə də məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişləri həmin ünvana göndərmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığına görə məktublar geri qaytarılmışdır. Cavabdeh1 yeni ünvanı barədə məhkəməyə hər hansı məlumat verməmiş və hətta apelyasiya şikayətində belə faktiki yaşadığı ünvan kimi ünvan 3 göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş mahiyyəti üzrə düzgün həll edildiyindən apelyasiya şikayətinin bu dəlili formal mülahizə xarakteri daşıyır və MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya qaydasında mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7377/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7377/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver