Məhkəmə qərarları › İş №2(103)-7378/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7378/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7378/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" BOKT ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun adına əsassız olaraq hesablanmış 3878,39 ABŞ dolları borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-97/21) iddia təmin edilmişdir. Tərəflər qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27.11.2015-ci il tarixli, 0444/15/PB saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ona illik 26 faiz olmaqla, 36 ay müddətinə, 25000 ABŞ dolları kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin təminatı olaraq onunla cavabdeh hüquqi şəxs arasında bağlanmış 27.11.2015-ci il tarixli, 0444/15/PB İpoteka müqaviləsinə əsasən mülkiyyətində olan 2007-ci il buraxılışlı, WDD2211711 Al60148 bank nömrəli “Mercedes-Benz” S 500 minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Həmçinin, onunla "xxxx" ASC arasında bağlanmış 0444/15/PB saylı ödəniş cədvəlinə əsasən o, 27.12.2015-ci il tarixindən hər növbəti ayın 27-si tarixində aylıq 1008 ABŞ dolları məbləğində pul vəsaitini hazırkı iş üzrə cavabdehə ödəməli idi. Məlum olduğu kimi ölkə ərazisində baş verən iki ardıcıl devalvasiyalardan sonra ölkə vətəndaşlarının əksər hissəsində qeydə alınan maddi sıxıntılar ondan da yan ötməmişdir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn tələbləri pozmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən Bankla yenidən danışıqlar aparmaq məcburiyyətində qalmışdır. Lakin "xxxx" ASC ona heç bir güzəşt etməmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarları Nəzarət Palatasının ünvan 1 ünvanladığı ərizəyə əsasən "xxxx" ASC-nin lisenziyası 21.07.2016-ci il tarixində ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASCyə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və Məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. "xxxx" ASC-nin nizamnaməsi 02 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Onun Banka dəfələrlə şifahi olaraq müraciətinə və ölkə iqtisadiyyatının tənəzzülünə əhəmiyyət verməyən sözügedən təşkilat eyni zamanda hal-hazıradək Banka etdiyi ödənişləri nəzərə almamışdır. Bu ona maddi və mənəvi cəhətdən çox iztirablar vermişdir. Belə ki, o, sonuncu dəfə Banka yaxınlaşdığında borc məbləğinin həddindən artıq çox şişirdilməsi ilə bağlı ona şifahi məlumat verilmişdir. Bu səbəbdən o, məcbur olub cababdeh təşkilata 27.03.2019-cu il tarixli məktubla müraciət edərək həmin günə olan borc məbləğinin miqdarı barədə yazılı məlumat verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin ona ünvanladığı 724/pB saylı, 03.04.2019-cu il tarixli arayışa əsasən onun Banka 03.04.2019cu il tarixə 16488,01 ABŞ dolları əsas borcu, 2391,93 ABŞ dolları faiz borcu, 48746,31 ABŞ dolları cərimə borcunun olduğu barədə məlumat vermişlər. Bütün bunlardan belə nəticəyə gəlmək olmaq olar ki, Bank onun ödənişlərini nəzərə almamış və ya ödəniş etdiyi pul vəsaitlərindən qanunamüvafıq silinmə aparmamışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi C.Mahmudov iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya illik 26 faiz olmaqla, 36 ay müddətinə, 25000 ABŞ dolları pul vəsaiti verilmişdir. İddiaçının ödənişdə gecikmələri olub deyə ödədiyi məbləğlərin bir hissəsi faizə silinmiş, sonuncu ödəniş 2019-cu ilin mart ayında 700 ABŞ dolları olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilib məhkəməyə təqdim etdiyi şikayət əsasında yeni qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsi ilə oxşar məzmun təşkil edən şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsas borcdan 3878,39 ABŞ dolları silinməsini qeyd etsə də, ümumi məbləğə münasibət bildirməmişdir. Bundan başqa, sonuncu mühasibatlıq ekspertizasının rəyləri kifayət qədər ziddiyyət təşkil edir. Mühasib hesablamaları apararaq gəldiyi nəticə onu göstərir ki, onun cavabdeh "xxxx" ASC-yə cəmi 8516,61 ABŞ dolları məbləğində ümumilikdə borcu qalmışdır. Hesab edir ki, qətnamə ləğv edilərək, iddiası tam təmin olunmalı və cavabdehə borcunun cəmi 8516,61 ABŞ dolları məbləğində olmasına dair qətnamə qəbul edilməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilmiş rəydə iddiaçının əsas borcu 12609,62 ABŞ dolları müəyyən edildiyi üçün məhkəmə cavabdehin əsas borcunun 3878,39 ABŞ dolları azaldılması qənaətinə gəlmişdir. Bu isə tərəflər arasında bağlanmış müqavilə və həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərə tamamilə ziddir. Qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd olunmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank (kreditor) İddiaçı (borc alan) illik 26 faiz hesablanmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı qeyd edilən müqavilə üzrə ödəniş etdiyi pul vəsaitlərindən əsas borc üzrə silinmənin düzgün aparılmadığını bildirərək 17.04.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi artıq hesablanmış 3878,39 ABŞ dolları borcun silinməsi barədədir. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş maliyyə arayışına əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 0444/15/PB saylı, 27.11.2015- ci il tarixli kredit müqaviləsi üzrə sonuncunun 03 aprel 2019-cu il tarixə banka olan əsas borc məbləği 16488,01 ABŞ dolları təşkil etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 25.01.2021-ci il tarixli ekspert rəyinə əsasən 444/15/PB saylı, 27.11.2015ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 03 aprel 2019-cu il tarixə "xxxx" ASC-yə 12609,62 ABŞ dolları əsas borcunun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək iddianı əsaslı saymış və təmin etmişdir. Apellyasiya şikayətlərində göstərilən halların araşdırılması ilə bağlı məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/6328 saylı, 25 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı Bəhman oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 27 noyabr 2015-ci il tarixli, 0444/15/PB saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı Bəhman oğlunun 28 aprel 2021-ci il tarixə banka olan borcunun ümumilikdə 27640,46 ABŞ dolları olduğu müəyyən edilmişdir, o cümlədən, 27.11.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 20099,64 ABŞ dolları, faiz borcu üzrə 58,07 ABŞ dolları; 28.04.2021-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 17853,67 ABŞ dolları, faiz borcu üzrə 9786,79 ABŞ dolları. Göründüyü kimi, cavabdehin verdiyi maliyyə arayışında 27.11.2015- ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının 03 aprel 2019-cu il tarixə banka olan əsas borc məbləği 16488,01 ABŞ dolları göstərilsə də, 25 oktyabr 2021-ci il tarixli ekspert rəyində 28.04.2021-ci il tarixə, yəni qətnamənin çıxarıldığı tarixə əsas borcun 17853,67 ABŞ dolları olduğu qeyd edilmişdir. Beləliklə, ekspert rəyi ilə iddiaçının apellyasiya şikayətinin dəlilləri, o cümlədən borcun şişirdilməsi təkzib olunmuş, cavabdehin apellyasiya şikayətində göstərilən hallar isə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də onun iddiası əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə olan məlumatlara əsasən "xxxx" ASC tərəfindən iddiaçıya qarşı kredit borcunun tutulması barədə hələ iddia qaldırılmamışdır. Belə bir iddia qaldırılacağı təqdirdə kredit borcunun məbləği həmin icraatda yenidən araşdırılacaqdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar