Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7388/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artıralaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Ayan Davudlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü Ayan Davudlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 130 manat miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən nə ölkə üzrə təyin edilmiş yaşayış minimumunu, nə də uşağın tələbatını nəzərə almamışdır. Halbuki, uşaq hüquqları haqqında konvensiyalar, milli qanunvericilik normaları və beynəlxalq təcrübəyə əsasən, dövlət orqanları öz işlərində uşağın mənafeyini rəhbər tutmaqla qərar qəbul etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh isə, şikayətə etiraz edərək, həmçinin bildirmişdir ki, iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə nikaha daxi olmuş və bu nikahdan daha iki uşağı doğulmuşdur. Aylıq qazancı 400 manatdır. Buna görə də, maddi vəziyyəti bir uşağa görə 170 manat aliment ödəməyə imkan vermir. Odur ki, şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmamalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ayan Davudlunun saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay 108 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq Aygün Davudovaya ödənilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğini artırılmasını tələb etməkdə haqlıdır. Çünki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazırkı işdə müəyyən edilmişdir ki, Ayan Davudlunun saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı 108 manatdır. Lakin uşaqların yaşayış minimumu sonrakı illər ərzində artırılmış və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı həmin həddə artırılmalıdır. Birinci instansiya məhkəməsi isə, cavabdehdən tutulan alimentin miqdarını artıraraq 130 manat məbləğində müəyyən edərkən,hər iki tərəfin maddi vəziyyətini, cavabdehin himayəsində iki azyaşlı uşağının da olmasını, uşağı saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq bu qənaətə gəldiyini qeyd etmişdir. Kollegiya, rayon məhkəməsinin alimentin artırılması barədə qənaətini əsaslı hesab etsə də, alimentin artırılmış miqdarı ilə razılaşmır. Ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayanmaddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması, başqa nikahdan uşaqlarının olması onun övladı Ayan Davudlunun yaşayış minimumuna uyğun qaydada saxlanılması öhdəliyini aradan qaldırmır. Ali Məhkəmə, yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayanmaddi təminatı ödəmək vəzifəsindənazad etmir. Odur ki, qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməmiş hissəsində ləğv olunaraq, iddia tələbi tam təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1505/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7388/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7388/2020
07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver