Məhkəmə qərarları › İş №2(103)-7388/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7388/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7388/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(010)-3868/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı İKB ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli 21- Y-2-0-175-15 saylı kredit müqaviləsinə əsasən borc verən tərəfindən borc alana 1000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 12 ay müddətinə kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcu qalmışdır.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı "xxxx" ASC adına dəyişdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kreditorun xeyrinə xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi üzrə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə olmaqla, cəmi 1554,74 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir.

5. Ərizədə göstərilmişdir ki, İddiaçı İKB ilə X1 arasında bağlanan xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsinə əsasən borc alana 1000 ABŞ dolları məbləğində illik 28 % olmaqla 12 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-7176/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

7. Borclu Cavabdeh məhkəmə əmrindən verdiyi etiraz əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır.

8. Bundan sonra, iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək göstərmişdir ki, cavabdehdən Bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı ərizə ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, iş üzrə məhkəmə əmri qəbul edilmiş, lakin uzun müddət keçdikdən sonra Cavabdeh ərizəsinə əsasən, məhkəmə əmri ləğv edilmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və bu səbəbdən borc məbləğinin dəqiqləşdirilməsi zəruridir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçının xeyrinə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(010)-3868/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Sərdar Mehrəliyev) ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi üzrə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 (min səkkiz yüz altmış yeddi dollar, 64 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 21-Y-2-0-175-15 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-dən borc alması və onu vaxtında ödəməməsi, nəticədə 999,72 ABŞ dolları əsas borc, 480,84 ABŞ dolları faiz borcu, 74,18 ABŞ dolları cərimə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 312,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 1867,64 ABŞ dolları borcunun qalması təsdiq olunduğundan və cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğundan həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilir ki, borcu ilə bağlı banka müraciət etmiş və ona bildirilmişdir ki, kredit restrukturizasiyaya düşmür. Bank tərəfindən hansı əsasla və səbəbi qeyd olunmadan bildirilmədən kreditin restrukturizasiyaya düşmədiyi bildirilir (məktubun surəti əlavə olunur). Bununla bağlı, Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətə cavab olaraq banklara 2019-cu il 28 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edildiyi qeyd olunmuşdur (məktubun surəti əlavə olunur). Bank qərəzli olaraq hərəkətsizlik göstərərək bununla bağlı hər hansı müqavilənin bağlanması və ya hər hansı tədbirlərin görülməsi ilə bağlı ona məlumat verməmişdir. Halbuki, vətəndaşın bankdan götürülmüş kreditinin ilk gecikdirməsində mütəmadi olaraq zəng edir, məlumat verir, məktub göndərir. Bütün bunlar barədə ona hər hansı məlumat verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia tam təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Əvvəla, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

24. Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

25. Cavabdeh şikayətində bankın qərəzli olaraq hərəkətsizlik göstərərək hər hansı müqavilənin bağlanması və ya hər hansı tədbirlərin görülməsi ilə bağlı ona məlumat vermədiyini göstərsə də, bu dəlillər iddianın əsassızlığını təsdiq etmir. Çünki, iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(010)-3868/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(010)-3868/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar