Məhkəmə qərarları › İş №2(103)-739/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-739/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-739/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-1460/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində yaranmış borcun, dəymiş zərərin əvəzinə görə 2000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar cavabdeh ilə uzun müddət qonşuluq münasibətində olmuşlar və həmin müddətdə (təxminən 2016-cı ildə) cavabdeh iddiaçıların etibarından istifadə edərək cavabdeh öz övladı üçün cehizlik əşyalarını və bundan da əlavə olaraq əlbəəl satmaq məqsədi ilə geyim, gümüş və digər əşyaları nisyə şəklində almışdır və son nəticədə cavabdehin bugünkü günə onlara 7000 manat məbləğində borcu yaranmışdır. Beləliklə, onlar cavabdehlə qonşuluq münasibəti olsa da, dəfələrlə onlara yalan vəd verərək borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1 saylı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət olunmuş, lakin sonuncunun xx.xx.2019-cu il tarixli məktubuna əsasən məsələ ilə bağlı məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh uzun müddətdir 7000 manat məbləğində borcunu ödəmədiyi üçün onlara təxminən 2000 manat məbləğində zərər də vurulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 1460/2020 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin olunmamışdır. İddiaçılar birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, şahidlərin ifadələrinin nəzərə alınmamasını, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1 saylı polis şöbəsindən materialların tələb olunaraq baxış keçirilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şikayətləri əsasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1 saylı polis şöbəsində araşdırma aparılmış, cavabdehin həyat yoldaşı polisə verdiyi izahatında cavabdehin iddiaçılardan həqiqətən 7000 manat dəyərində nisyə mal almasını təsdiq etmişdir. Həmçinin, işdə olan digər sübutlar, şahidlərin ifadələri, cavabdehin maaş kartını onlara verməsi faktları da iddianın əsaslı olmasını ehtiva edir. Onlar cavabdehin kartından ümumilikdə 540 manat pul çıxarmışlar, lakin sonra bu mümkün olmamışdır. Bu barədə birinci instansiya məhkəməsinə hesabdan bank çıxarışını və s. sübutları təqdim etmişlər. Birinci instansiya məhkəməsi isə sübutlara obyektiv hüquqi qiymət verməmiş, iddianı rədd etməkdə haqlı olmasmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən – iddiaçıların sübutetmə yükünü həyata keçirə bilməməsinə əsaslanmış, lakin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Halbuki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun uzaq qohumu və qonşusudur. O, cavabdeh Güneli Minarənin evində tanımışdır. O, danışıqlarından Günelin Minarəyə borcu olduğunu eşitmişdir. Günel onun yanında Minarəyə demişdir ki, 5000 manatdan çox borcu var, maaş kartını versin, Minarə borcdan çıxsın. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun qonşusudur. Cavabdeh ilə də evləri yaxındır. O, Günellə alış-veriş etmişdir. Günelin Minarəyə nə qədər borcu olduğunu bilmir, lakin tərəflərin arasında borc məsələsi olduğunu eşitmişdir. Bununla yanaşı, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş, İddiaçı2 Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi şikayət ərizəsi üzrə araşdırma materiallarından görünür ki, İddiaçı2 şikayətində və sonradan verdiyi izahatında Cavabdeh 7000 manatlıq mal (qadın geyimi, uşaq geyimi, ev əşyası) verməsini, lakin pulu tam ödəməməsini, 2000 manat hissəsini qaytarsa da, 5000 manat borcunun qalmasını göstərmiş, araşdırma zaamnı həmçinin Cavabdeh həyat yoldaşı X5 izahat vermiş, izahatında həqiqətən həyat yoldaşının iddiaçılardan 7000 manat dəyərində müxtəlif əşyalar almasını, pulun bir hissəsini qaytarmasını və s. bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıların təqdim etdiyi cavabdehə məxsus plastik bank kartdan, “xxxx” ASC-nin ödəniş kartı üzrə xx xxx 2019-cu il tarixli çıxırışından, cavabdehin iş yeri üzrə arayışından görünür ki, cavabdeh mağazada xadimə işləyərək, 180 manat əmək haqqı almış, iddiaçılar kartdan ümumilikdə 540 manat pul çıxararaq borca silmişlər. Qeyd edilən sənədlərin iddiaçılarda olması bir daha tərəflər arasında müvafiq münasibətlərin yaranmasını təsdiq edir. Lakin, iddiaçılar iddia tələbində cavabdehdən 7000 manat pul tələb etsə də, araşdırılmış qeyd edilən sübutlardan (iddiaçının polisə yazdığı şikayət ərizəsi, cavabdehin həyat yoldaşının pulun bir hissəsinin qaytarılması barədə polisə yazdığı izahatı və s.) aydın olur ki, cavabdeh pulun 2000 manat hissəsini ödəmiş, kartdan isə iddiaçı tərəf 540 manat çıxarmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə qismən, yəni 4460 manat həddində əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 2000 manat zərərin ödənilməsi hissədə təmin oluna bilməz. Çünki, iddiaçı tərəf ziyanla bağlı hissədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, iddia tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 600.1-ci maddəsinə əsasən ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. MM-nin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçıların xeyrinə 4460 manat pul tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddianın təmin olunması nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğ sonuncudan iddiaçıların xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-1460/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-1460/2020 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 4460 (dörd min dörd yüz altmış) manat pul, həmçinin ödənilmiş dövlət rüsumu ilə əlaqədar 30 (otuz) manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar