Məhkəmə qərarları › İş №2(103)-739/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-739/2025

13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-739/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Kərimov Nemət Qüdrət oğlu, Cavabdeh8 və Cavabdeh6 qarşı iş üzrə (Açar sözlər: Mənzil-tikinti kooperativinin üzvlərinin kooperativin öhdəliklərinə görə məsuliyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 121 saylı "xxxx" müqavilə ləğv edilmiş, "xxxx" MTK-dan 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla tutularaq İddiaçı (bundan sonra iddiaçı) ödənilməsi qət edilmişdir.

2. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “İcrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 saylı icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiya” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir.

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli, **********430800 nömrəli cavab məktubuna əsasən dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6dur.

4. Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi qismində Cavabdeh8 tanınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər – "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 və Cavabdeh6 müştərək qaydada maddi zərərin əvəzi kimi 20.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə ilə), habelə hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin İddiaçı münasibətdə 20.000 ABŞ dolları məbləğində pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunla müəyyən edilmiş tədbirləri görməmişdir. Digər tərəfdən qətnamənin məcburi icrası üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmişdir.

7. Cavabdeh3 iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçını tanımır və onu heç bir vaxt görməmişdir. Eyni zamanda, "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü deyil və iddia tələbinin ona aidiyyəti yoxdur. Ona görə də iddia tələbinin əsassız olduğunu və rədd olunmasını xahiş edir.

8. Cavabdeh6 iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddianın hüquqi əsası kimi kooperativ haqqında əsas müddəalar, üzvləri və əmlakı ilə bağlı normalar təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109 - 110- cu maddələrinə istinad etmişdir. Lakin iddiaçının istinad etdiyi Mülki Məcəllənin qeyd olunan maddələrin tələbləri irəli sürülən iddianı əhatə etmir və məhkəmə qətnaməsi əsasında MTK-ya yönəldilən qeyd olunan tələbin onun üzvlərinə (təsisçilərinə) müştərək qaydada yönəldilməsinin hüquqi əsası yoxdur. Belə ki, iddiada adı çəkilən 20.000 ABŞ dollar MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranan və illik balansa müəyyən olunan zərərlər deyil, fəaliyyəti ilə bağlı üçüncü şəxsin qarşısında yaranan öhdəlikdir. İddia ərizəsində tələb olunan 20.000 ABŞ dollar məbləği məhkəmə qaydasında müəyyən edilmiş və barəsində qanuni qüvvəsində olan qətnamə mövcud olduğundan, yenidən araşdırmasına yol verilməyən, mübahisə olunmayan haldır. Eyni zamanda, həmin məbləğlə bağlı məhkəmə qətnaməsində müəyyən edilən digər halların da mübahisələndirilməsinə və yenidən sübutuna və ya başqa formada izahına yol verilmir. Həmin qətnamə ilə tələb MTK-nın təsisçilərinə deyil, MTK-ya yönəlmişdir. Qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, tələbin təmin olunmasına əsas olmuş mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır. Müqavilə münasibəti mənzil sahəsinin təqdim edilməsi ilə əlaqəli MTK-nın fəaliyyəti ilə bağlı olmuşdur. "xxxx" MTK Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19 ünvanda yüksək mərtəbəli yaşayış evinin layihələndirilməsi və inşası məqsədləri üçün yaradılmış, adı çəkilən layihə tam icra edilmiş, bina komplekslərinin inşası 2011-ci ildə tamamlanmış və binanın sahələri onun üzvlərinin istifadəsinə verilmişdir. Bundan sonra MTK-nın gəlir və zərərləri ilə bağlı balans tərtib edilmiş kooperativin üzvləri tərəfindən ödənilməmiş üzvlük haqlarının qaldığı müəyyən edilməmişdir. 2012-ci ildən MTK-nın fəaliyyəti dayandırılmış, binada komendantlıq yaradılmış və bina sakinlərin idarəçiliyinə keçmişdir. "xxxx" MTK-nın üzvləri yalnız onun nizamnaməsində adları keçən 5 nəfərdən deyil, onun tərəfindən inşa edilmiş binada sahəyə malik hər bir üzvüdür və hüquq vəzifələri baxımında, nizamnamədə keçən üzvlər digər üzvlərdən yalnız kooperativin təsisi və idarə edilməsində səsvermə hüququna malik olduqlarına görə fərqlənirlər. İddia üzrə tələb pul məbləğinin tutulması ilə bağlı olduğundan, cavabdehin əmlak məsuliyyəti ilə müəyyən edilməlidir. MTK-nın üzvlərinin hər hansı birinin onun üçün müəyyən edilən əlavə əmlak payının ödənilmədiyi hal müəyyən edilmir və son olaraq fəaliyyətinin dayandırıldığı 2012-ci il üçün verilmiş balans hesabatında üzvlərin əlavə əmlak pay haqqı üzrə öhdəlik qeydə alınmamışdır. Cavabdeh MTK-nın üzvlərdən biri olaraq, üzvlüyə qəbul ediləndə müəyyən edilmiş mütləq əmlak payını, daha sonra da tikintinin layihələndirilən zaman müəyyən edilən əlavə əmlak payını vaxtında tam şəkildə ödəmişdir. Göründüyü kimi kooperativin üçüncü şəxslər qarşısında borcuna görə üzvlərdən biri olaraq ondan subsidiar qaydada hər hansı bir məbləğdə ödəniş tələb edilməsi ilə bağlı olan hazırkı iddianın heç bir hüquqi əsası yoxdur.

9. Cavabdeh4 tərəfindən iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Cavabdeh4 iddia ərizəsinə etirazının dəlillərinə əsasən, iddia ərizəsində cavabdeh kimi göstərilməyinə baxmayaraq iddiaçı X5 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış hər hansı müqavilə öhdəliyinə görə cavabdehlik daşımır. Ona görə ki, o "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvü kimi göstərilsə də, faktiki olaraq kooperativ ilə heç bir əlaqəsi olmamışdır. Ona görə də iddia tələbinin ona aid hissənin rədd olunmasını xahiş etmişdir.

10. Cavabdeh2 iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(060)- 6055\2017 nömrəli qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, onun özünə yönəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşaası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. Cavabdeh koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx"MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. "xxxx"MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. "xxxx" MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. "xxxx" MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarəetmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı cavabdehin qarşısında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Cavabdeh müəyyən edilmiş payını və əlavə olaraq tikinti layihələndirilən zaman müəyyən edilmiş əmlak payını vaxtında tam şəkildə ödəmiş və uzun illərdir ki həmin MTK ilə heç bir əlaqəsi yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyildir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıdıqlarından, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi qət edilmiş 20000 ABŞ dolları pul vəsaiti "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh6 və X2 vərəsəsi Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 110- 3.1, 110-3.4 və 110.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

14. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Abbasqulu oğlu, Cavabdeh6 və Cavabdeh7 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Cavabdeh4 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kimi kooperativ məhkəmə qaydasında ləğv edilməmişdir. Eyni zamanda bu “kooperativin üzvü” kimi onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Əlavə haqq isə müəyyən edilməmiş və verilməmişdir. Məhkəmə mövcud borc öhdəliyi məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, kooperativ ləğv olunmadığı, onun bu kooperativin fəaliyyətində heç bir iştirakının olmadığı, kooperativədə olan pay haqqı həcmində maddi məsuliyyət daşıması halda pul tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.

16. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarının (Azərbaycan Respublikası MPM-in 217.1 və 217.3-cü maddələri) tələblərini kobud şəkildə pozaraq qəbul etdiyi qətnamədə iddianın qanuni və əsaslı olmasını kifayət qədər əsaslandırmamış, 3-5 cümlə və MM-in 110-3 və 110.4-cü maddələrinə istinad etməklə kifayətlənmişdir. Lakin, İddiaçı hazırki iş üzrə iddia tələbi ona münasibətdə tamamilə əsassız olmaqla yanaşı formal mülahizələrdən ibarətdir və məhkəməni yanıltmaqla məqsədinə nail olmağa yönəlmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə İddiaçı xeyrinə tutulmalı olan məbləğ MTK-nın fəaliyyətinin təmin edilməsi üçün yaranmış və illik balansa görə müəyyən edilmiş zərərdən ibarət deyildir. Bu, MTK-nın fəaliyyəti nəticəsində üçüncü şəxs qarşısında yaranmış öhdəlikdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hüquq normaları da işin faktiki halları və mahiyyəti ilə uyğunluq təşkil etmir. İddiaçının istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində tələb "xxxx" MTK-nın təsisçilərinə deyil, MTK-nın özünə yönəlmişdir. "xxxx" MTK-nın yaradılmasında məqsəd yaşayış binasının layihələndirilməsi və inşası olmuş, 2011-ci ildə MTK layihəni tam şəkildə icra etmiş, binanın inşası tamamlanaraq sahəsi üzvlərin istifadəsinə verilmişdir. O da koperativ üzvlərindən biri kimi özünə düşən payı almışdır. "xxxx" MTK-nın fəaliyyəti 2012-ci ildən dayandırılmışdır. MTK-nın üzvlərinin üzvlük və ya əlavə üzvlük haqlarının ödənilməyən hissəsi mövcud deyildir. MTK-nın üzvləri təkcə onun Nizamnaməsində adları olan şəxslərdən deyil, həmçinin sözügedən binada müvafiq paya (sahəyə) malik olan hər bir şəxsdən ibarətdir. MTK-nın Nizamnaməsində adları olan şəxsləri, MTK-nın digər üzvlərindən fərqləndirən sadəcə onların idarə etmədə səsvermə və təsis hüquqlarının olmasıdır. İddiaçı onun qarşısında hər hansı pul öhdəliyinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçının tələbi pulun tutulmasından ibarətdir ki, o da MTK-nın əmlak məsuliyyəti ilə əhatə olunur. Hazırkı iş üzrə o da qeyd edilməlidir ki, kooperativ üzvlərinin maddi məsuliyyəti əlavə haqların verilməmiş hissəsi həcmindədir. Lakin bu mübahisə üzrə iddiaçı sübut edə bilmir ki, MTK üzvlərindən hər hansı birinin onun üçün ayrılmış əlavə əmlak payı ödənilməmişdir. Onun həmin MTK-da təsisçiliyim formal xarakter daşıyıb və MTK sədri onu həmin MTK da təsisçi kimi sənədləşdirsə də onun həmin MTK ilə heç bir əlaqəsi də yoxdur və hər hansı sənədlərdə adı keçmir və imzası da mövcud deyil. Məhkəmə MTK-nın təsisçilərinin nə vaxtsa ümumi yığıncağının keçirilməsini, MTK-nın hansısa hüquqi sənədlərində imzasının olmasını, MTK-nın üzvlərinin paylarının rəsmi müəyyən olunub-olunmamasını, bunun hansı qaydada həyata keçirilməsini, formal təsisçiliyə görə formal üzvlüyə görə nə üçün onun MTK-nın ödəməli olduğu vəsaiti ödəməli olmasını, MTK-nın ümumilikdə neçə nəfər üzvü olduğunu, MTK-nın inşa etdiyi binanın (əmlak) yalnız hazırda cavabdeh qismində məhkəməyə verilmiş onların istifadəsində olmasını, onun şəxsən həmin binada hər hansı payının rəsmi olaraq olmasını araşdırmamışdır. MTK-nın sədri ondan mənzili alıb-satmaq üçün sənədini alıb ona heç bir xəbərdarlıq etmədən təsisçi kimi sənədləşdirib, indiyə kimi o heç həmin MTK-da rəsmi təsisçi olmağını da bilməmişdir. Məhkəmə MTK-nın qərarlarını, protokollarını MTK-nın sədrinin vərəsələrindən və müvafiq Vergi orqanından tələb etməyib. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə onun əlavə haqqının verilməmiş hissəsinin həddinin nə qədər olmasını müəyyən etməmişdir.

17. Cavabdeh7 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmişdir.

18. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həmin şirkətin təsisçi olmamış, təsis müqaviləsinə imza atmamışdır. Sadəcə onun şəxsiyyət vəsiqəsindən istifadə edib, onun əvəzinə təsis sənədlərinə imza atıblar.

19. Cavabdeh6 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilik kooperativin üzvlərinin məsuliyyətini onun öhdəlikləri üçün hədsiz deyil, əlavə haqqının verilməmiş hissəsi həcmində müəyyən etmişdir. Üzvlərin əlavə pay haqların həcm məbləğ isə illik balansla təsdiqlənir. Mülki Məcəllənin 109.4-cü maddəsinin tələbinə əsasən kooperativ üzvünün əmlak pay haqqı mütləq və əlavə ola bilər. Məcəllənin 109.5-ci, 110.2-ci maddələrinin tələbləri və nizamnaməsinə əsasən kooperativin üzvləri mütləq pay haqqı üzvlüyə qəbul edilən zaman ödənilmişdir. MTK-nın yaradılması məqsədi yaşayış binasının layihələndirilməsi, inşasının tamamlanmağı və üzvlərin istifadəsinə verməkdir. MTK tərəfindən yaşayış binası 2012-ci ildə üzvlərin istifadəsinə verilmişdir. Həmin ilin yekunu barədə son illik balans bundan 11 il əvvəl tərtib edilmişdir. Bu müddət ərzində müəyyən edilmiş əlavə əmlak payının da 11 il müddətində ödənildiyi mübahisə olunmayan göstəricidir. Çünki qanunvericilik bunun üçün 2 aylıq müddət müəyyən etmişdir. Qeyd olunan maddi normaların tələbləri baxımından, MTK-nın öhdəliyi üzvünə yalnız onun üçün müəyyən edilmiş əlavə haqqın ödənilmədiyi hissəsinə yönəldilə bilər. Lakin məhkəmə qətnamə qəbul edərkən, tələblərin tutulmasını yönəldiyi üzvlərinin, ödəməli olduqları əlavə payının məbləğini və həmin məbləğin hansı hissəsinin ödənilmədiyini müəyyən etməmişdir. Prosessual baxımdan bu halın sübut etmə yükü iddiaçı tərəfə aiddir. Lakin cavabdeh qismində göstərilən və onlara qarşı tələb irəli sürülən Cavabdeh6 və digər üzvlərin ödəməli olduqları əlavə pay məbləğindən ödənilmədiyinə dair iş üzrə dəlil mövcud deyildir. Hazırkı tələbin təkrar məhkəmədə baxılmasına yol verildiyi təqdirdə belə bu dəlilin özü iddianın rəddi üçün əsasdır. Bundan başqa, məhkəmə 2 saylı Vergilər İdarəsinin məktubuna istinad edərək, MTK-nın cəmi 5 nəfər üzvünün olduğunu və Cavabdeh6 bunlardan biri olduğunu qeyd etmişdir. Məhkəmənin bu yanaşması da kökündən səhvdir. Belə ki, "xxxx" MTK-nın 120 mənzil, 12 qeyriyaşayış və 11 mansard sahəsi paya malik 143 nəfər üzvü vardır. Qətnamədə adı çəkilən 5 nəfər isə MTK yaradılanda ilkin üzvləri olmaqla, nizamnamə onların iştirakı ilə reyestrdə qeydə alınmışdır. Hüquqi baxımdan kooperativin adı çəkilən ilk 5 nəfər üzvləri, sonradan qəbul edilmiş 135 nəfər üzvlərlə öhdəlikləri, hüququ və vəzifələri eynidir. Əks təqdirdə MTK-nın üzvlərinin öhdəlik, hüquq və vəzifələrində fərqlilik qətnamədə şərh olunmalıdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2575/2024 nömrəli qətnaməsi ilə (hakimlər-F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyev və X.Ə.Sarıyevdən ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017- ci il tarixli, 2(060)6055/2017 nömrəli qətnaməsi ilə X3 "xxxx" MTK arasında xx.xx.2010-cu il tarixdə bağlanmış 121 nömrəli "xxxx" müqaviləsi ləğv edilmiş, cavabdeh MTK-dan 20.000 ABŞ dolları məbləğində pulun ödənişi gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Qətnamə üzrə verilmiş icra vərəqəsi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Qərara əsasən aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" MTK-nın fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" MTK-nın hüquqi varisinin olmaması müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən iddiaçı hazırkı iddia tələbini MTK-nın təsisçiləri və üzvləri olmuş iş üzrə cavabdehlərə qarşı yönəltmişdir.

23. İşin müəyyən edilmiş hallarına Mülki Məcəllənin Mülki Məcəllənin 110-3.4 və 110.4-cü maddələrinə istinad etməklə iddianı təmin edən birinci instansiya məhkəməsi səhvə yol vermişdir.

24. Mülki Məcəllənin 110.4-cü maddəsinə görə kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.

25. Bu müddəanın yer aldığı 110-cu maddə “Kooperativin əmlakı” adlanır və elə maddənin adından da məlum olur ki, bu maddə bütövlükdə kooperativin daxili əmlak məsələlərinin nizamlanmasına yönəlmişdir. Bu mənada, maddənin dispozisiyasındakı “Zərər” anlayışı kooperativin hər hansı xarici öhdəliyini ehtiva etmir. Üzvlərin verməli olduqları əlavə haqların təyinatı da bu öhdəliklərin qarşılanması ola bilməz. Həmçinin, nəzərə alınsa ki, kooperativ artıq fəaliyyətini dayandırıb, artıq fəaliyyət göstərməyən kooperativdə üzvlərin hər hansı əlavə haqq ödənilməsinə cəlb edilməsi də sadəcə olaraq mümkünsüzdür. Odur ki, istinad olunan 110.4-cü maddə hazırkı iddianın maddi hüquqi əsasını təşkil edən norma kimi nəzərdən keçirilə bilməz.

26. Məcəllənin 110-3.4-cü maddəsinə əsasən isə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.

27. Hüquq ədəbiyyatında subsidiar məsuliyyət dedikdə əlavə, yardımçı məsuliyyət nəzərdə tutulur. Hansı ki, subsidiar məsuliyyət vəziyyətinin aktivləşməsi üçün ilk öncə öhdəliyin icra edilməsi üçün borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.

28. Mülki Məcəllənin 110-3.4-cü maddəsi üzrə subsidiar məsuliyyətin yaranması üçün isə ilk növbədə elə həmin maddədə qeyd olunan “kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərinin olmaması” halının mövcudluğu öz təsdiqini tapmalıdır. Göründüyü kimi, adıçəkilən maddə üzrə subsidiar məsuliyyətin yaranması üçün, yəni hazırkı kazus üzrə iddianın maddi hüquqi əsası kimi bu normaya istinadla iddianın təmin olunması üçün başlıca şərt kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitinin olmamasıdır.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədi mövcuddur. Hazırkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı 2 icra sənədi mövcud olacaqdır. 1-ci icra sənədi geri qaytarılsa da, icraata xitam verilməmişdir, qüvvədədir və istənilən vaxt maraqlı şəxslərin ərizəsinə əsasən yenidən icraya yönəldilə bilər.

30. Həmçinin, qeyd etmək lazımdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Bağırovun “icrası mümkün olmayan icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması baradə” 30 mart 2023-cü il tarixli qərarı da tələbkar tərəfindən mübahisələndirilməmişdir. Həmin qərar ona əsaslanmışdır ki, aparılmış icra tədbirləri nəticəsində və “Elektron İcra İnformasiyası” sistemindən alınan çıxarışa əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyət göstərməməsi aydın olmuş, borclu hüquqi şəxsin və rəhbərinin hüquqi varisinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə “ASAN Xidmət” mərkəzinə və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə sorğular verilmişdir. Cavablarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisinin olmaması müəyyən edilmişdir. Halbuki, kooperativ ləğv olunmamışdır, fəaliyyətini dayandırmışdır, bu halda onun hüquqi varisi ola bilməz.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1, 109.1,109.2,109.5, 109.6, 109-4.4, 109-4.4.1, 109-4.4.2, 104-4.4.3, 110.4, 109-4.4.4, 110.4, 110-3.4 və 113.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-3037/2024 tarixli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər M.T.Əhmədova və A.Ə.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2575/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

34. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi hüququn normasının təfsirində səhvə yol vermişdir.

35. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə cavabdehlərin borclu "xxxx" MTK-nın təsisçiləri və üzvləri olması, "xxxx" MTK-nın İddiaçı 20000 ABŞ dolları məbləğində pul borclu olması, həmin borc tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması və qətnamənin icraya yönəldilməsi mübahisəsizdir.

36. Həmçinin, borclu MTK-dan 20.000 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamənin icrası mümkün olmamışdır, buna əsas isə kooperativin vəsaitinin olmaması, onun fəaliyyətinin dayandırılmasıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıya veriləsi 20.000 ABŞ dolları məbləğində pulun ödənilməsi üçün kooperativin vəsaitinin olmaması halının mövcudluğunun öz təsdiqini tapmaması barədə qənaətə gələrkən iş materallarında olan və tərəflərin təqdim etdikləri sübutları, o cümlədən İcra məmurunun İcra sənədinin qaytarılmasına dair qərarını nəzərə almamışdır. Həmin sənədlərə görə icra məmuru tərəfindən yerinə yetirilmiş icra hərəkətləri nəticəsində MTK vəsaitinin olması müəyyən edilməmiş, kooperativ fəaliyyətinin dayandırmış, bu əsasla icra vərəqəsi geri qaytarılmışdır.

38. Mülki Məcəllənin 110-3.4-cü maddəsində kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımaları müəyyən edilmiş, bu hal kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərin olmaması ilə şərtləndirmiş, kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımasının qaydası isə həmin Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilməsi təsbit edilmişdir. Başqa sözlə, 110.4-cü maddə təkcə əmələ gəlmiş zərərin kooperativi üzvləri tərəfindən qarşılanması qaydasını deyil, həm də kooperativin öhdəliklərinə görə kooperativ üzvlərinin məsuliyyət daşımaları qaydasını da tənzimləyir.

39. Kooperativin idarəetmə orqanları tərəfindən kooperativin öhdəliklərinin silinməsi üçün tədbirlərin görülməməsi, yəni Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi kooperativ üzvlərini (təsisçiləri) həmin öhdəliklərin yerinə yetirilməsindən azad etmir, kooperativ üzvləri (təsisçiləri) həmin öhdəliklər icrasına görə məsuliyyət daşıyırlar.

40. 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi ilə bağlı icra sənədinin artıq mövcud olması, hazırkı iddianın təmin olunduğu təqdirdə eyni məbləğin həm kooperativdən, həm də üzvlərindən tutulması ilə bağlı iki icra sənədi mövcud olacağı, bunun da yolverilməzliyi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddia tələbinin rədd olunması üçün əsas ola bilməz, hazırkı iş üzrə iddia tələbinin təmin olunması, qətnamənin icrası ilə bağlı icra vərəqəsinin verilməsi əvvəlki iş üzrə yenidən icra vərəqəsinin verilməsini istisna edir, habelə əvvəlki iş üzrə icra sənədinin məhkəməyə qaytarılması baradə icra məmurunun qərarı da tələbkar (hazırkı iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir və o, həmin qərarla razılaşmışdır.

Proses iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

42. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya, digər cavabdehlərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh7 və Cavabdeh2 vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsində hazırki məhkəmə iclasından əvvəl təyin edilmiş başqa prosesinin olduğunu, həmin prosesdə iştirak etmədiyi halda iddia ərizəsinin baxılmamış saxlanılacağını bildirmiş, hazırki məhkəmə iclasında iştirakını zəruri hesab etsə də, iştirakı mümkün olmadığından, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq hazırki məhkəmə iclasının iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. Maddə 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. Maddə 109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: Maddə 104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

47. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətlərində qətnamə iş üzrə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

50. İşdə olan sənədlərdən müəyyən olunur ki, "xxxx" MTK-nın İddiaçı 20.000 ABŞ dolları məbləğində pul borclu olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icraya yönəldilsə də, icra məmuru tərəfindən yerinə yetirilmiş icra hərəkətləri nəticəsində MTK-nın vəsaitinin olması müəyyən edilməmiş, kooperativ fəaliyyətini dayandırmış, bu əsasla icra vərəqəsi geri qaytarılmışdır. İcra məmurunun bu qərarı tələbkar (hazırkı iş üzrə iddiaçı) tərəfindən mübahisələndirilməmişdir.

51. Göründüyü kimi, MTK-dan 20.000 ABŞ dollarının iddiaçının xeyrinə tutulması barədə qətnamənin icrası mümkün olmamışdır.

52. Yuxarıda istinad olunan Mülki Məcəllənin 110-3.4-cü maddəsində kooperativin üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımaları müəyyən edilmiş, bu hal kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitlərin olmaması ilə şərtləndirmiş, kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşımasının qaydası isə həmin Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilməsi təsbit edilmişdir. Başqa sözlə, 110.4-cü maddə təkcə əmələ gəlmiş zərərin kooperativi üzvləri tərəfindən qarşılanması qaydasını deyil, həm də kooperativin öhdəliklərinə görə kooperativ üzvlərinin məsuliyyət daşımaları qaydasını da tənzimləyir.

53. Kooperativin idarəetmə orqanları tərəfindən kooperativin öhdəliklərinin silinməsi üçün tədbirlərin görülməməsi, yəni Mülki Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi kooperativ üzvlərini (təsisçiləri) həmin öhdəliklərin yerinə yetirilməsindən azad etmir, kooperativ üzvləri (təsisçiləri) həmin öhdəliklər icrasına görə məsuliyyət daşıyırlar.

54. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli, **********430800 nömrəli cavab məktubuna əsasən dövlət reyestr məlumatlarında "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvləri X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6dur.

55. Cavabdeh3 apellyasiya şikayətində təsis müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirsə də, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində olan məlumatların həqiqiliyinə dair mübahisə açmamışdır. Belə olan halda, məhkəmə kollegiyası reyestrdə olan məlumatların həqiqiliyi prezumpsiyasını əsas tutur.

56. İşdən həmçinin müəyyən olunur ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vərəsəsi qismində Cavabdeh8 tanınmış, miras əmlak Bakı şəhəri, T.Abbasov küçəsi, ev 39, mənzil 1 və bir neçə MTK-da, o cümlədən "xxxx" MTK-da təsisçilik hüququ üzrə paylardan ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

57. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6055/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulmalı olan 20.000 ABŞ dolları pul vəsaiti "xxxx" MTK-nın təsisçiləri olan üzvləri cavabdehlər Cavabdeh3 Abbasqulu oğlundan, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh6 və X2 vərəsəsi Cavabdeh8 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 4693/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar