Məhkəmə qərarları › İş №2(103)-7393/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7393/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7393/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2020 nömrəli, 20 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi üzrə məhkəmənin 25 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 5444/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 9634,89 manat məbləğində pul, 30 manat dövlət rüsumun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)- 5444/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Sonradan sözügedən qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh yenidən apellyasiya şikayəti və şikayətlə birlikdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən qətnamədən barəsində icra şöbəsində zaman məlumatı olmuş və qətnaməni 2022-ci ildə götürmüşdür. Həmin qətnamədən 2 dəfə verdiyi apellyasiya şikayətləri geri qaytarılmış və elektron qaydada müraciət etməsi izah olunmuşdur. Buna görə də, hesab edir ki, göstərilənlər üzrlü hallardır və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunmasını məhkəmədən xahiş edir. Sabunçu Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Həqiqət Mahmudova) məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizənin rədd edilməsi, apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsində işə baxılan zaman iştirakı təmin olunmamışdır. İşin baxılması pandemiya dövrünə təsadüf etmişdir. Ona görə də, iş apellyasiya məhkəməsinə göndəriləcəyi tədqirdə, məhkəməyə tərəfindən kifayət qədər dəlillər təqdim olunacaqdır. Bundan başqa, apellyasiya şikayəti ilə müraciət etsə də, Sabunçu Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayəti iki dəfə geri qaytarılaraq, izah olunmuşdur ki, şikayət elektron qaydada verilməlidir. Bu barədə ona məlumat verilən kimi, tərəfindən dərhal ASAN imza aktivləşdirilmişdir. Beləliklə, ondan asılı olmayan səbəblərə görə qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Həmin səbəblər üzürlü olan səbəblər olmuşdur. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2020 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İş materialları ilə müəyyən olunur ki, Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizəsində cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-5444/2020 saylı qətnaməsinin surətini ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Qətnamədən ilk apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin apellyasiya şikayətində və sonrakı apellyasiya şikayətlərində “4.3. Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi:” qrafasında qətnamənin alınma tarixi olaraq 07 oktyabr 2022-ci il tarixi göstərilmişdir. Sonrakı vaxtlarda (xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində) verilmiş apellyasiya şikayətlərində də qətnamənin alınma tarixi olaraq 07 oktyabr 2022-ci il tarixi göstərilmişdir. Göründüyü kimi, cavabdeh mübahisələndirilən qətnaməni 07 oktyabr 2022-ci il tarixdə əldə etməsinə baxmayaraq, ilk dəfə təxminən 3 aya yaxın müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermiş, sonralar verilmiş apellyasiya şikayətləri müxtəlif səbəblərdən geri qaytarılmışdır. Sonuncu apellyasiya şikayəti isə, müddətin bərpası barədə ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixdə - qətnamənin rəsmi qaydada təqdim edilməsindən 11 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Həmçinin iş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-5444/2020 saylı qətnaməsindən cavabdehin nümayəndəsi qismində X3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə cavabdehə poçt vasitəsilə göndərilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə məhkəmənin inzibati binasında, sonuncu tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. Bununla belə, cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında geri qaytarılmış apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə, hazırkı şikayətini isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Şikayətinin “işə baxılan zaman iştirakınnın təmin olunmaması” barədə dəlilini əsasız hesab edərək kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, hazırki mübahisələndirilən qərardad elan olunarkən cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2020 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar