Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7394/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, X3nin, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” ilk iddiasına, Cavabdeh iddiaçı X2 qarşı “kredit müqaviləsinin ləğv olunması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin hər ikisi bildirir ki, dost olublar və qazanc əldə etmək üçün birgə fəaliyyət göstəriblər. Belə ki, iddiaçı təmirsiz vəziyyətdə olan müxtəlif daşınmaz əşyaları öz adına əldə edir, cavabdeh onları təmir etdirir, daha sonra isə həmin daşınmaz əşyaları sataraq əldə olunan mənfəəti aralarında bölürdülər. Hazırkı mübahisə kredit münasibəti ilə bağlıdır. Belə ki, xx.xx.2016-cı il tarixdə iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında notariat qaydasında kredit müqaviləsi bağlanıb. Müqavilədə qeyd olunub ki, iddiaçı cavabdehə 100.000 ABŞ dolları məbləğində kredit verir, cavabdeh isə öhdəlik götürür ki, həmin pulu 1 il müddətində, yəni xx.xx.2017-ci il tarixədək qaytaracaq. Tələb və onun həlli: İşdə 2 iddia var: iddiaçının ilk iddiası və cavabdehin qarşılıqlı iddiası. İlk iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 100.000 ABŞ dolları, faiz borcu kimi 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi ləğv olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, əsas borc kimi 100.000 ABŞ dolları, faiz borcu kimi 10.000 ABŞ dolları, cəmi 110.000 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun, qarşılıqlı iddia təmin edilməsin. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə dost olublar, birgə iş görüblər, iddiaçı təmirsiz daşınmaz əşyaları öz adına əldə edir, o isə həmin əşyaları təmir etdirir, daha sonra sataraq mənfəəti bölürdülər. Bu işlə bağlı iddiaçının qarşısında pul öhdəliyi qalmayıb. Daha sonra iş görmək üçün özünə 100.000 dollar pul lazım olmuş, borc almaq üçün iddiaçıya müraciət etmiş, iddiaçı isə müqavilə bağlandıqdan sonra pul verə biləcəyini demişdir. Notariat kontoruna gedərək müqavilə bağlamışlar, iddiaçı demişdir ki, 2-3 günə pulu verəcək, lakin verməmişdir. Sonradan iddiaçı bildirmişdir ki, müqaviləni cırıb atıb. İddiaçıya inandığına görə ötən müddət ərzində müqavilənin ləğvi üçün məhkəməyə müraciət etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, kredit müqaviləsi konsensualdır, ona görə də əvvəlcə iddiaçı öz üzərinə düşən öhdəliyi icra etdiyini, yəni pulu verdiyini sübut etməlidir, lakin bu, sübut olnmur. X3 izahatında bildirdi ki, cavabdehlə dostluq münasibəti olub, müəyyən müddət birgə iş görüblər, təmirsiz daşınmaz əşyaları öz adına əldə edir, cavabdeh həmin əşyaları təmir etdirir, daha sonra sataraq mənfəəti bölürdülər. Həmin işlə bağlı bir-birlərinin qarşısında pul öhdəliyi qalmayıb. 2016-cı ildə cavabdeh ona müraciət edərək 100.000 dollar borc lazım olduğunu bildirmiş, o isə müqavilə bağlandıqdan sonra pul verə biləcəyini demişdir. Cavabdeh razılaşmış, “ASAN Xidmət” mərkəzindəki notariat kontoruna getmişlər və müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra həmin pulu “ASAN Xidmət” mərkəzinin qarşısında, özünə məxsus avtomobilin salonunda cavabdehə vermişdir. Hesab edir ki, müqavilə pulun verildiyini təsdiq edir, ona görə də əlavə hər hansı sənədin tərtib edilməsinə zərurət görməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, müqavilənin mətnində olan ifadələr pulun cavabdehə verildiyini təsdiq edir. Bundan başqa, əgər iddiaçı pulu cavabdehə verməmişdirsə cavabdeh vaxtında müvafiq tədbirlər görə bilərdi. Lakin cavabdeh heç bir tədbir görməmiş, yalnız iddiaçının məhkəməyə müraciət etməsindən sonra müqavilənin ləğvi barədə qarşılıqlı iddia qaldırmışdır. Qətnamənin yoxlanılması: İşdə 2 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: İlk iddia barədə İlk iddiaya aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, kredit müqaviləsində göstərilən pulun iddiaçı tərəfindən cavabdehə verildiyi sübut olunur: 1-ci, yazılı müqavilənin mətni ilə. Belə ki, müqavilənin mətnində iddiaçıya münasibətdə “borc verir” ifadəsindən istifadə olunub. Halbuki, qanunda borc verənə münasibətdə “pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür” ifadəsində istifadə olunub (Mülki Məcəllə, maddə 739.1). Əgər müqavilənin mətnində “borc verir” deyil, “öhdəsinə götürür” ifadəsi olsayıdı iddiaçının üzərinə vəzifə düşürdü ki, öhdəliyini icra etdiyini sübut etsin. Hazırkı müqavilənin mətni həm öhdəliyin yarandığını, həm də icra edildiyini təsdiq edir. Cavabdeh göstərilən mətni imzalamaqla pulun iddiaçı tərəfindən ona verildiyini təsdiq edib. 2-ci, müqavilənin bağlanmasından sonra cavabdehin nümayiş etdirdiyi davranışla. Belə ki, borc pul verilməsi təşəbbüsü cavabdeh tərəfindən irəli sürülüb: ona pul lazım olub. Əgər lazım olan pul cavabdehə verilməmişdirsə, ağlabatan mühakiməyə görə o, pulun verilməsi və ya başqa mənbədən (bankdan, fiziki şəxsdən və s.) pul əldə edilməsi üçün müvafiq tədbirlər görməli idi. Lakin cavabdeh heç bir tədbir görməyib, bu isə onu təsdiq edir ki, müqavilədə göstərilən pul (cavabdehə lazım olan pul) ona verilib. Əks təqdirdə sual yaranır ki, cavabdeh ona lazım olan pula ehtiyacını necə təmin edib? Nəzərə alınmalıdır ki, pul cavabdehə o dərəcədə lazım olub ki, onu əldə etmək üçün notariat kontoruna gedərək müqaviləni imzalamağa razılıq verib, hətta müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini öz üzərinə götürüb (müqavilənin 11-ci bəndi). Bundan başqa, əgər iddiaçı cavabdehi aldatmışdırsa, yəni pul verəcəyini yalandan vəd edərək kredit müqaviləsinin imzalanmasına nail olmuşdursa, ağlabatan mühakiməyə görə cavabdeh Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 il ərzində müqavilənin etibarsız hesab edilməsini tələb etməli idi. Lakin cavabdeh bunu etməmiş, 3 il keçdikdən (pul tələbi barədə iddia verildikdən) sonra müqavilənin ləğvi barədə qarşılıqlı iddia qaldırmış, daha sonra işin məhkəmə aidiyyətinə dair əsassız vəsatət qaldırmış, bu vəsatət üzrə məhkəmə qərarını apelyasiya və kassasiya qaydasında mübahisələndirməklə işin yekunlaşmasını 8 aydan artıq ləngitmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin özü bildirir ki, müqavilə imzalandıqdan sonra iddiaçı pulu 2-3 günə ona verəcəyini demiş, lakin verməmişdir. Əgər cavabdehin dedikləri həqiqət kimi qəbul olunarsa, deməli, müqavilə bağlandıqdan 2-3 gün sonra cavabdeh aldadıldığını bilmiş, lakin ötən 3 il ərzində müqavilənin etibarsız sayılması və ya ləğv edilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh bu davranışını belə əsaslandırır ki, iddiaçı ona “müqaviləni cırmışam” demiş, o isə buna inanaraq heç bir tədbir görməmişdir. Lakin müqavilənin mətnində qeyd olunub ki, onun bir nüsxəsi notariat kontorunda saxlanılır. Cavabdeh müqaviləni imzaladığına görə bunu bilirdi, habelə cavabdeh bilirdi ki, müqavilənin iddiaçıda olan nüsxəsinin cırılması notariat kontorunda saxlanan nüsxədən istifadə edilməsinə mane olmur. Bundan başqa, cavabdeh iddiaçının “müqaviləni cırmışam” sözünə nə üçün inandığını əsaslandıra bilmir, halbuki, cavabdehin özünün dediklərinə görə bundan əvvəl iddiaçının sözünə inansa da (müqaviləni imzalasa da) iddiaçı sözünün üstündə durmamışdır, yəni pulu ona verməmişdir. İddiaçı isə bildirir ki, cavabdehə “müqaviləni cırmışam” deməyib. Müqavilənin bağlandığı və pulun verildiyi zaman tərəflərin yanında özlərindən başqa heç kim olmadığından hər hansı şəxsin bu məsələ ilə bağlı şahid kimi dindirilməsi mümkün deyil. O cümlədən məhkəmə notariusu çağırıb dindirməli deyil, çünki notariat hərəkəti ilə bağlı mübahisə qaldırılmayıb, notarius işdə iştirak edən şəxs deyil. Notarius şahid kimi dindirilə bilər, lakin tərəflərin heç biri bu barədə vəsatət verməyib, məhkəmə öz təşəbbüsü ilə şahid çağırmaq hüququna malik deyil. Göründüyü ki, iddiaçının cavabdehə 100.000 ABŞ dolları borc pul verdiyi müəyyən olunur. Həmin pulun geri qaytarılması üçün müqavilədə müəyyən edilmiş 1 illik müddət bitib, lakin cavabdeh pulu qaytarmayıb. Mülki Məcəllənin 739.1-ci maddəsində borc alanın öhdəliyi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə qanunda müəyyən edilmiş faiz tələb olunub. Belə ki, öhdəliyin icrası vaxtı xx.xx.2017-cü il tarixinə təyin olunsa da, cavabdeh 3 ildir ki, öhdəliyi icra etmir. Birinci instansiya məhkəməsi 5 faizlə hesablama apararaq gecikməyə görə 2 il üçün 10.000 ABŞ dolları faiz tutulmasını qət edib, bu nəticə Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə uyğundur. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiaya aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, qarşılıqlı iddia onunla əsaslandırılıb ki, müqavilədə göstərilən pul iddiaçı tərəfindən cavabdehə verilməyib. Lakin yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, pul cavabdehə verilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7394/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7394/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver