Məhkəmə qərarları › İş №2(103)-7395/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7395/2020

10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7395/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (hakim M.Bağırova, iş № 2(009)-3518/20) qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx xxxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə prosessual müddət buraxıldığına görə apelyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli (hakimlər İ.Şirinov, T.Səmədov, A.Tanrıverdiyev) qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 401ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixdə buraxılmış prosessual müddətin bərpası barədə ərizəni müzakirə etmədən cavabdehin qətnamədən verdiyi apelyasiya şikayətini baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadları mövcuddur. Həmçinin, cavabdeh tərəfindən prosessual müddətin bərpasına dair ərizə təqdim edilsə də, həmin ərizə müzakirə edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi geri qaytarılmış apelyasiya şikayətini prosessual müddət bərpa olunmadan baxılması üçün apelyasiya instansiyasına göndərmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, prosessual müddətin bərpası barədə işin 52-ci vərəqində olan ərizə işə baxan məhkəmə tərəfindən müzakirə olunmalı və ərizə üzrə qəbul edilən qərardan asılı olaraq apelyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlər həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-518/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar