Məhkəmə qərarları › İş №2(103)-7396/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7396/2022

01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7396/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, işin icraatına xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Cavabdeh ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Baş kredit razılaşması”na əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinədək 250 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, X7, İddiaçı və X3 həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün zamin durmuş, həmçinin X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzili və İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

2. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cəmi 211 417,41 ABŞ dolları kredit borcunun, habelə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 90 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh, X4, İddiaçı və X1 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 29 №-li evin 37-ci mənzilinə (ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə); X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzilinə (ilkin satış qiyməti 47 000 manat müəyyən edilməklə); İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinə (ilkin satış qiyməti 115.000 manat müəyyən edilməklə) tutma yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması qət olunmuşdur.

3. Həmin qətnamə əsasında verilmiş icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurunun sifariş məktubu ilə İddiaçı məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinin satılması “X5” MMC-yə həvalə edilmişdir.

4. Əmlak hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixində “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi” bağlanmış, "xxxx" ASC həmin fərdi yaşayış evini 73 312,50 manata almışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehdən 73 312,50 manatın reqress qaydada alınıb ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən cəmi 211 417,41 ABŞ dolları kredit borcunun, habelə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi olaraq 90 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh, X4, ondan və X1 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 29 №-li evin 37-ci mənzilinə, X2 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 1 nömrəli evin 37-ci mənzilinə, ona məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evinə tutma yönəldilməsi göstərişi verilmiş, həmin icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən ona məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsində yerləşən 25 №-li fərdi yaşayış evin satılması “X5” MMC-yə həvalə edilmiş, əmlak hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixində “Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi” bağlanmış, "xxxx" ASC həmin fərdi yaşayış evini 73 312,50 manata almışdır. Beləliklə, Cavabdeh "xxxx" ASC-yə olan borcu ona məxsus əmlakın satışından ödənilmişdir. Buna görə həmin şəxsə qarşı reqres qaydasında pul tələb etmək hüququna malikdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7685/2017 saylı qətnaməsi üzrə verilmiş icra sənədi icra edilmiş, borc zamin İddiaçı əmlakı hərraca çıxarılmaqla ödənilmiş, bununla da zaminin əsas borcluya, yəni Cavabdeh qarşı reqres hüququ yaranmışdır. Buna görə də İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin "xxxx" ASC-yə satılması nəticəsində ödənilmiş 73 312,50 manat pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

9. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 431-ci, 472-ci, 475-ci maddələrinə istinad etmişdir.

10. Həmin qətnamədən cavabdeh (nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını, ərazi aidiyyatı qaydalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, cavabdehin yaşamadığı ünvana bildirişlər göndərərək işə iştirakı olmadan baxdığı, cavabdehin iddiaçıya 74 000 ABŞ dolları pul ödədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil artıq barışdıqlarını və iddiaçının iddiadan imtina etmək istədiyini bildirmişlər.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş, işin icraatına xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 370. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

14. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

15. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

16. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya baxışının həddi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

19. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5083/2022 saylı iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq mülki işin icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar