Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7401/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4260/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank ilə Namazov Osman Mustafa oğlu arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Tam kart çərçivə” müqaviləsinə əsasən sonuncu tərəfindən 24 ay müddətinə 18%-lə 5000 manat məbləğində pul vəsaiti götürülmüşdür.
2. Namazov Osman Mustafa oğlu 03 mart 2021-ci il tarixdə ölmüşdür.
3. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum Namazov Osman Mustafa oğlundan miras qalmış əmlakda - ünvan 1-də onun vərəsələri (2 oğlu və arvadı) - hazırki iş üzrə cavabdehlərin hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir.
4. Həmin notariat ofisi tərəfindən təsdiq edilmiş eyni tarixli miras payın bağışlanması müqaviləsinə görə Cavabdeh1 və Cavabdeh3 miras əmlakdakı paylarını anaları Cavabdeh2 bağışlamışlar.
5. Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən verilmiş çıxarışa əsasən miras əmlak – Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 3, mənzil 64 üzərində Cavabdeh2 tam mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Namazov Osman Mustafa oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ASC-nin xeyrinə əsas borc üzrə 3270,13 manat olmaqla, cəmi 3270,13 manat borcun, 52,71 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, borclu Namazov Osman Mustafa oğlu "xxxx" ASC-nin Asan 3 şöbəsi ilə bağlanmış BPM**********44 saylı, xx.xx.2020-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 24 ay müddətinə, 18 faizlə, 5000 manat məbləğində pul vəsaiti əldə etmişdir. X6 Mustafa oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisi tərəfindən Namazov Osman Mustafa oğlunun ünvan 1 ünvanında qeydiyyatda olan arvadı - Cavabdeh2, oğlanları - Cavabdeh1 və Cavabdeh3 miras əmlakı qəbul etməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Namazov Osman Mustafa oğlunun banka əsas borc üzrə 3270,13 manat olmaqla, cəmi 3270,13 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehlər miras əmlakı qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 oktyabr 2023-cü il tarixli 2(004)-4260/2023 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia qismən təmin edilmiş, Cavabdeh2 3270,13 manat borc, 52,71 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclu Namazov Osman Mustafa oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, onun kredit müqaviləsi üzrə öhdəliklərinə görə onun vərəsəsi Cavabdeh2 məsuliyyət daşıyır və iddiaçı haqlı olaraq ona qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur k, mərhum Namazov Osman Mustafa oğlunun yeganə vərəsəsi Cavabdeh2 olduğundan iddia tələbləri yalnız ona münasibətdə təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 1306.1, 1306.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin cavabdehlərə mütənasib hissədə dəyişdirilməsini, cavabdehlərdən borcun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə miras payın bağışlanması müqaviləsini əsas götürərək, iddia tələbini yalnız Cavabdeh2 münasibətdə təmin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsələri cavabdehlərin hər üçü olmuşdur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almışdır. Cavabdeh1 və Cavabdeh3 miras əmlakdakı paylarını anaları Cavabdeh2 bağışlamalarına baxmayaraq, onlar şəhadətnaməyə əsasən qanun üzrə vərəsə sayılırlar və mirasın paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Miras payın bağışlanması vərəsələrin kreditorları qarşısında olan məsuliyyətdən azad etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti verdiyindən, onun apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göründüyü kimi bankla mərhum Osman Namazov arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən 24 ay müddətinə 18% 5000 manat məbləğində pul vəsaiti götürülmüşdür.
30. Müqavilə üzrə mərhumun 3270,13 manat əsas borcu qalmışdır.
31. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak olan Bakı şəhəri Yasamal rayonu X3 küçəsi ev 3 mənzil 64 ünvanında yerləşən ümumi sahəsi 64,73 kv.m, yaşayış sahəsi 46,73 kv.m olan 3 otaqlı mənzilə cavabdehlərin hər birinin 1/3 hissədə payı müəyyən edilmişdir.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstituasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmuşdur ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. Göründüyü kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 miras əmlakdakı paylarını anaları Cavabdeh2 bağışlamışlar və mənzil üzərində Cavabdeh2 tam mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
34. Belə olan halda məhkəmə də haqlı olaraq iddia tələbini yalnız Cavabdeh2 münasibətdə təmin etmişdir.
35. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır.
36. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4260/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.