Məhkəmə qərarları › İş №2(103)-7403/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7403/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7403/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-462/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat borc, gecikdirilmiş vaxt üçün hesablanmış 490 (dörd yüz doxsan) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 10320 (on min üç yüz iyirmi) manatın alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-462/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 9800 (doqquz min səkkiz yüz) manat borc, gecikdirilmiş vaxt üçün 5% dərəcəsində hesablanmış olan 400 (dörd yüz) manat, cəmi 10200 (on min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iştirakı olmadan çəkişmə prinsipinə zidd olaraq iddiaçının xeyrinə qətnamə çıxartmışdır. İddiaçıya olan borcunun faiz və cərimə məbləğlərinin hesablanması üçün məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, müvafiq məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, pulu qaytaracaq. Sadəcə pandemiya olduğuna görə qaytara bilmədi. 350 manat maaş alır, müəllimə işləyir. Borcu hissə-hissə ödəyə bilər. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış kredit müqaviləsində qeyd olunduğu kimi, qaytarmalı olduğu pul vəsaitini tam həcmdə 16.05.2020-ci il tarixədək qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün, həmin kredit müqaviləsi üzrə ödənilməmiş 9800 (doqquz min səkkiz yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda, iddia tələbinin borc məbləğinə illik hesablanmış 5% dərəcəsində pul vəsaitinin tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin təmin olunan hissəsi üzrə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə həmin hissədə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh məhkəmənin onun iştirakı olmadan kesirildiyini, çəkişmə prinsipinin zidd olaraq iddiaçının xeyrinə qətnamə çıxarılmasını bəyan edirsə bu təsdiq olunmalıdır. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir.Belə ki, Cavabdeh iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildiriş və SMS bildiriş göndərilmişdir. Məhkəmə bildirişləri qeyd olunan ünvanda yaşamadığından geri qaytarılsa da, mobil telefonuna SMS bildiriş göndərilmiş, eyni zamanda həmin telefonla əlaqə saxlanılaraq məhkəmə iclasının yeri və vaxtı barədə bir daha məlumat verilmişdir. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla yanaşı, başa düşülən də deyildir. Çünki, bu cür dəlillərdən ancaq mülki məsuliyyətdən yayınmaq üçün istifadə etdiyi iş materialları ilə təsdiq olunur. İkincisi, cavabdeh iddiaçıya olan borcunun faiz və cərimə məbləğlərinin hesablanması üçün məhkəmə tərəfindən heç bir araşdırma aparılmadığını və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmədiyini göstərsə də bu dəlillərin özü açıq-aşkar əsassızdır. Çünki, cavabdehdən faiz və cərimə tələb edilməmiş, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik 5 faizlə tələb edilən məbləğin müəyyən edilməsi üçün isə ümumiyyətlə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə ehtiyac yoxdur. Üçüncüsü, cavabdehin apellyasiya baxışı zamanı göstərdiyi dəlillər də onu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir və bu əsasla da iddia rədd edilə bilməzdi. Borcun hissəhissə ödənilməsi isə icra sənədinin icrası ilə əlaqədar həll edilməli bir məsələ olduğundan hazırki icraatda bu məsələyə baxılmır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)- 462/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar