Məhkəmə qərarları › İş №2(103)-7403/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7403/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7403/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı - ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanma Fondunun Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 64 000 manat əsas, 15 680,84 manat faiz, 640 manat dəbbə borcunun, yəni cəmi 80 320,84 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur.

2. Həmin qətnamədən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-dən borcun tutulmasına dair hissədə ləğv olunaraq həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə - Maraqlı şəxs 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, 64 000 manat əsas borc, 15 680,84 manat faiz borcu, 640 manat dəbbə borcu, cəmi 80 320,84 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

Birinci və apellyasiya instansiya məhkəmələrində icraatlar, qəbul olunmuş məhkəmə aktları

a) Bakı Kommersiya Məhkəməsinə icraat

4. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, bankla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli qətnamə ilə müəyyən edilən borcdan 23 dekabr 2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmış, məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mübahisə üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

b) Bakı şəhəri Xətai Rayon Məhkəməsində birinci icraat

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraata qəbul edilməsindən imtina olunmuş, aidiyyət məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

c) Bakı Apellyasiya Məhkəməsində birinci incraat

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Xətai Rayon Məhkəməsi işin ərazi aidiyyatını mübahisələndirmək üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərərkən, işin ümumi məhkəmə yox, ixtisaslaşmış məhkəmə olan kommersiya məhkəməsi tərəfindən göndərildiyini nəzərə almamışdır. Belə olan halda, işin ərazi aidiyyati üzrə düzgün verilmədiyi nəticəsinə gələn məhkəmə bu işin başqa eyni statuslu məhkəməyə göndərilməsi barədə qərardad qəbul etməyə səlahiyyətlidir.

d) Bakı şəhəri Xətai Rayon Məhkəməsində ikinci icraat

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə həmin qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddiaçı ləğv prosesində olan "Texnikabank” ASC-dir və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Həmçinin "Azemis” Elektron Məhkəmə informasiya sistemindən vergi ödəyicisinin məlumatları barədə çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 40-dır. "Bank Technique” ASC ilə "AAAF- İnşaat” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsində "Tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisə və ziddiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmiş qaydada aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir” qeyd edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin Bakı şəhərinin məhkəmələrində həll edilməsi barədə razılığa gəlsələr belə, tərəflərin iradə ifadəsi qeyri-dəqiq ifadə edilmiş, mübahisənin məhz hansı məhkəmədə həll edilməsi göstərilməmişdir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 9.2-ci maddəsinə əsasən tərəflər öhdəliklərini yerinə yetirdiyi zaman yaranan mübahisələrə aidiyyatı üzrə Bakı şəhərində baxılması barədə razılığa gəldiklərindən, hazırkı mübahisənin həllində müqavilə aidiyyəti əsas götürülməli olduğundan, cavabdehlərin Abşeron rayonunda qeydiyyatda olması və mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi müqavilənin Bakı şəhər məhkəmələrində baxılması müddəası ilə uzlaşmadığından, mülki iş baxılması üçün iddiaçının ləğvedicisinin hüquqi ünvanı əsas götürülməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməldir”.

10. Qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

e) Bakı Apellyasiya Məhkəməsində ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ləğv olunaraq, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək işə Bakı şəhərinin ümumi yurisdiksiyalı məhkəmələrində baxılmalı və bu zaman səlahiyyətli məhkəmənin iddiaçının ünvanı üzrə müəyyənləşdirilməli olduğu nəticəsinə gəlsə də, nəzərə almamışdır ki, iddiaçı Əmanətlərin Sığortalanması Fondu deyil, hüquqi ünvanı Bakı şəhərinin Xətai rayonu ərazisində (Xətai rayonu, ünvan 3exnikabank” ASC-dir. Buna görə də, birinci instansiya məhkəməsi istinad etdiyi əsasla işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır.

f) Bakı şəhəri Xətai Rayon Məhkəməsində üçüncü icraat

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli qətnamə ilə müəyyən edilən borcdan xx.xx.2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" MMC-dən tutulmasını tələb edir. Halbuki, qanuni qüvvəyə minmiş qətnamələrlə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 64 000 manat əsas borc, 15 680,84 manat faiz borcu, 640 manat dəbbə borcu, cəmi 80 320,84 manat pul məbləği Maraqlı şəxs tutulmuşdur, həmin proseslərdə tərəf olmuş "xxxx" MMC-ə qarşı olan tələbə mahiyyəti üzrə baxılmış və iddia rədd edilmişdir.

15. Məhkəmə vurğulamışdır ki, hazırkı mübahisə də vaxti ilə mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gəldiyindən yenidən baxıla bilməz. Belə ki, həmin müqavilə üzrə qətnamə ilə tutulan puldan Maraqlı şəxs tərəfindən ödənişlər edilmiş və qalan məbləğin "xxxx" MMC-dən tutulması tələb edilir. Hazırkı iddiaya məhkəmə qaydasında baxılması digər qətnamənin icrasına mane olmaqla, eyni kredit müqaviləsi üzrə iki fərqli icra vərəqəsinin olmasına gətirib çıxaracaqdır.

16. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci, 153.2.4-cü maddələrinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarına istinad etmişdir.

17. İddiaçı ASC-nin (ləğvedicinin) nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, eyni tərəflər arasında eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu, başqa əsasla yenidən məhkəməyə müraciət olunmasını istisna etmir və məhkəmə nəzərə almamışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi iddia tələbini baxılmamış saxlamalı olduğu halda, onu əsassız olaraq rədd etmişdir.

18. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

19. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

21. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

23. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.

25. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olubolmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.

26. MPM-nin 153.2.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı ASC-nin hazırkı iddia tələbi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

27. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

28. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

29. İşdən görünür ki, İddiaçı ASC-nin hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər, habelə iddianın predmeti və əsasları eynilik təşkil edir.

30. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin də vurğuladığı kimi, iddiaçı hazırda İddiaçı ASC və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli qətnamə ilə müəyyən edilən borcdan xx.xx.2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" MMC-dən tutulmasını tələb edir. Hansı ki, xx.xx.2018-ci il tarixli qətnamə ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 80 320,84 manat pul məbləği Maraqlı şəxs tutulmuş, həmin prosesdə tərəf olmuş "xxxx" MMC-nə qarşı olan tələbə mahiyyəti üzrə baxılmış və iddia rədd edilmişdir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4969/2023 saylı iş üzrə 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar