Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7409/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2299/2023 saylı işi üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir. İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda ərizə təqdim edərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2299/2023 saylı işi üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı QSC "Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 133.1, 133.2, 133.3, 133.5, 133.6, 360, 363.1.3-cü maddələrinə; Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, qətnamə xx.xx.2023-cü il tarixdə iddiaçı QSC "Bank Standard” Kommersiya Bankının, eləcə də, bankın nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddiaçı QSC "Bank Standard” Kommersiya Bankının elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixi həmin qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edilməsi tarixidir və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin axımı iddiaçıya münasibətdə bu tarixdən başlamışdır. Əvvəl eyni tərəflər arasında məhkəmənin icraatında mülki işin olub-olmaması qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin dayanmasına və ya kəsilməsinə səbəb olmur. Tərəf qətnaməni almış və qətnamənin məzmunu ilə tanış olmuşdur. Sübuti əhəmiyyət daşıdığına görə iddiaçı tərəfindən ərizəsində qeyd edilmiş halın araşdırılması ilə bağlı məhkəmə təkrar qeyd edir ki, apellyasiya şikayətinin vaxtında hazırlanması və verilməsi birbaşa tərəfin məsuliyyətidir. Yeni sübutların əldə edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbləri nəzərə alınmaqla apellyasiya şikayətinə əlavə edilə və ya apellyasiya icraatı zamanı verilə bilər. İddiaçı ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankı şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(005)-2299/2023 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 133.1, 363.1.3, 372-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası ərizəsində üzrlü səbəb göstərilmiş, Ədliyyə Nazirliyinə verilmiş sorğuya cavabın gəlməməsini əsas gətirərək, sübut qismində sorğunun nüsxəsi və yol qaiməsi əlavə olunmuşdur. Həmçinin, həmin sorğunun cavabı ərizədə qeyd olunmuş halların sübutu olaraq məhkəmə tərəfindən yenidən qiymətləndirilə bilər. Məhkəmənin gələcəyi nəticə üçün sorğunun cavabı mühüm əhəmiyyət kəsb edən sübut ola bilər. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mövcud məsələnin araşdırılması məqsədilə, buraxılmış müddət bərpa edilməli, Bankın verdiyi apellyasiya şikayətinə baxaraq, 2018-ci ildə göndərilmiş iddia ərizəsinin Nərimanov rayon Məhkəməsində hansı səbəbdən aşkar edilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Məhkəmə qərardadında qeyd edir ki, yeni sübutların əldə edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələbləri nəzərə alınmaqla apellyasiya şikayətinə əlavə edilə və ya apellyasiya icraatı zamanı verilə bilər. O səbəbdən, Bank birinci instansiya məhkəməsinə 2018-ci ildə göndərilmiş elektron iddia ərizəsinin nüsxəsini təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin sənəd nəzərə alınmamışdır. Həmin sübutun ətraflı araşdırılması məqsədilə apellyasiya şikayətinin verilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2299/2023 saylı işi üzrə 21 noyabr 2023-cü il tarixli tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-ci maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır ki, 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3.Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, müddətin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmiş, təqdim edilmiş əsaslar isə işin mahiyyəti üzrə baxılmasına aiddir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan QSC "Bank Standard” Kommersiya Bankının şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2299/2023 saylı işi üzrə 31 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7409/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7409/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver