Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7413/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2346/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2014cü il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh Rafik oğlundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 27.07.2016cı il tarixli, 2(075)-4998/2016 nömrəli qətnaməsi ilə İddiaçı, Cavabdeh arasındakı nikah pozulmuş və 01.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 70 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. O, aliment məbləğinin həcminin artırılmasına dair iddia ərizəsi il məhkəməyə müraciət etmişdir. Şəki rayon Məhkəməsinin 18.12.2017-ci tarixli, 2(075)-6502/2017 saylı qətnamasi ilə tərəflərin birgə nikahdan doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 85 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. X4 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əlaqədar olaraq iddiaçı aliment məbləğinin həcminin artırılmasına dair məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(075)- 1191/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 120 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qismən təmin edilmişdir. Halhazırda X4 7 yaşı var. Şəki rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın səhhətində çox ciddi problemlər vardır. Pisxo-nevroloq və Qastroenteroloq həkimləri tərəfindən, nevroloji-psixoloji və qastroenteroloji diaqnozlar qoyulmuşdur. Hal-hazırda "Büllur" klinikasında müalicə alır, səhhətindəki problemlər sinir oyanıqlığı əqli gerilik beyinin qidalanmaması beyinə oksigen çatmamazlığı və mədə-bağırsaq problemləri daxil olmaqla, məsrəfləri yetərincə artmışdır. Cavabdeh X3 maddi vəziyyəti yaxşı olduğundan ikinci dəfə ailə həyatı qurmuşdur. Həm özünün, həm də ailəsinin imkanları genişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, xəstə uşağını atıb getmiş, uşağı ilə maraqlanmamış, uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa vaxtında ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə məhdud imkanlarla, borcxərclərlə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın mənəvi təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1191/2019 nömrəli, 10 iyun 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirimiş, 01.11.2014-cü il təvəllüdlü - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 175 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini maddi imkanlarının aşağı olması, ailə vəziyyətində heç bir dəyişklik olmaması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmiş; cavabdeh isə özünün apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın təmin edilməməsini xahiş etsə də, şikayətinin məzmunundan qətnaməni məhz qeyd edilən hissədə mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə, iddia tələbinin təmin edilmədiyi hissə apellyasiya baxışının predmeti deyildir. Kollegiya iddiaçının izahatını bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.11.2014cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 437480 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X5 01.11.2014-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC-nin 05.04.2021-ci il tarixli arayışının məzmununda “X2, 2014-cü il təvəllüdlü ondan ötrü ki, o, həqiqətən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 05.04.2016-ci il tarixində verilmiş növbəti 089233 №-li müddətsiz lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-də "Psixomotor inkişafın ləngiməsi" diaqnozu qoyulmuş və müvafiq müalicələr olunmuşdur” qeyd edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli Qətnaməsinin surətinə əsasən 01 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Həmidova (İmamverdiyeva) Sahibə İlqar qızına ödənilməsi qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Şəki Rayon Məhkəməsi 10.06.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində hər uşaq üçün 120 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın xəstəlikdən əziyyət çəkməsini də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını əsas götürərək ədalətli nəticəyə gəlmişdir. Apellyatorun, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar cavabdehi iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, cavabdehin fiziki vəziyyəti onun müəyyən peşə fəaliyyəti ilə məşğul olmasına maneə törətmir və o, işləyərək ata kimi üzərinə düşən vəzifəni icra etməklə övladının təminatında iştirak edə bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2346/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7413/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7413/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver