Məhkəmə qərarları › İş №2(103)-7417/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7417/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7417/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı-nin nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 noyabr 2016-ci il tarixli, 2(004)-823/2016 saylı qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydasında ödənilmiş 1675 manat məbləğində vurulmuş zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 1705 manat alınaraq, İddiaçı-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan «Toyota Camry» markalı, 10-PR- 556 dövlət nömrə nişanlı minik avtomobilini 22 noyabr 2014-cü ildən 21 noyabr 2015-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən İddiaçı-də könüllü sığorta növündə sığortalamışdır. Sığortalıya CSB 20093386 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2015-ci il mayın 08-də Cavabdeh1 idarə etdiyi “Mercedes Benz GL450” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mərdanov küçəsindən Bakıxanov küçəsinə dönərkən İddiaçı-də sığortalanmış «Toyota Camry» markalı, **-PR-*** dövlət nömrə nişanlı minik avtomobillə toqquşaraq ona maddi ziyan vurmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 13.05.2015-ci il tarixli 249 nömrəli nöqsan aktına əsasən hadisə nəticəsində sığortalı avtomaşına 1775 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 manat franşiza məbləği razılaşdırıldıqdan sığorta ödənişi 1675 manat olmuşdur, iddiaçı həmin məbləği 21.05.2015-ci il tarixində 665 nömrəli ödəniş tapşırığı ilə ödəmişdir. DYPŞ-nin 11.05.2015ci il tarixli 474565 MYP nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 inzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “Mercedes Benz GL450" markalı, **-MC- *** dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur, öz növbəsində avtomobili Cavabdeh1 idarə etmişdir. Odur ki, vurulan zərərin əvəzi Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Sığortalı CSB18448 nömrəli sığorta aktının V bəndində cavabdehə qarşı reqres tələbi ilə hüququnun iddiaçıya verildiyini təsdiq etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 noyabr 2016-ci il tarixli, 2(004)- 823/2016 saylı qətnaməsi ilə 1246 (min iki yüz qırx altı) manat məbləğində sığorta ödənişinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 22 (iyirmi iki) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nndan müştərək qaydada, 8 manatı İddiaçı-yə və 50 manat ekspertiza tədqiqatının 37 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 13 mantının isə İddiaçı-yə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnaənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayaon Məhkəməsinin 08.11.2016-cı il tarixli, 2(004)-823/2016 saylı əsassız və qanunsuz qərarının mövcudluğundan bu vaxtlara qədər onların məlumatı olmayıb. 08.05.2016-cı ildə baş vermiş yol-nəqliyyat hadisəsinin üzərindən kifayət qədər 6 il,vaxt ötdükdən sonra,çıxarılmış məhkəmə qərardadı barədə onlara İddiaçı tərəfindən məlumat verilmişdir. Məlumat əsasında dəfələrlə məhkəmə qətnaməsinin surətinin verilməsi barədə Yasamal Rayon Məhkəməsinə müraciətlər edildikdən sonra, 02 iyun 2021-ci il tarixdə qərardadın əsli və digər sənədlər onlara təqdim edilmişdir. Belə məlum olmuşdur ki, “Toyota Camry” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri və guya xarab olmuş avtoehtiyyat hissələrinin dəyişdirilməsi üçün 21.05.2015-ci il tarixli 665 saylı ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə 3140 manat ödəniş edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 13.05.2015-ci il tarixli 249 saylı nöqsan aktına əsasən isə "Toyota Camry" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1775.90 manat ziyan dəydiyini bildirilir. Belə olan halda uyğunsusluq yaranır və belə bir sual ortaya çıxir: Təmirbərpa işlərinə görə 1775.90 manat tələb olunduğu halda İddiaçı hansı səbəbdən "Bərpa Təmir-Tikinti-2011” MMC-yə 3140 manat ödəniş etmişdir.Yol-nəqliyyat hadisəsinin yüngül toqquşma nəticəsində baş verməsini nəzərə alınsa müəyyən olunar ki, "xxxx" MMC-nin verdiyi 249 saylı nöqsan aktında göstərilmiş ziyanın 1775.90 manat məbləğində qiymətləndirilməsi şişirdilmiş rəqəmlərə əsaslanmışdır və inandırıcı hesab edilə bilməz.Yasamal Rayon Məhkəməsi vurulmuş maddi zərərin həcminin sübutu kimi peşəkarlığı barədə heç bir sənəd təqdim olunmayan "xxxx" MMC-nin 13.05.2015-ci il tarixli 249 saylı nöqsan aktının iddiaçı tərəfindən təqdim edilmiş sübutlar,hadisə zamanı həqiqətən sığortalanmış avtomobilə iddia olunan məbləğdə ziyan vurulduğu qənaətinə gəlməyə əsas vermədiyini bildirərək,vurulmuş zərərin miqdarının dəqiqləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını zəruri saymış.01 fevral 2016-cı il tarixli qərardadı ilə Ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Beləliklə Məhkəmənin qərardadı əsasında iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Bundan sonra 01.02.2016-cı il tarixdən bu vaxta kimi keçən bir neçə il müddət ərzində məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələri və ümumiyyətlə icraatı dayandırılmış iş üzrə onlara heç bir məlumat veriməmiş, heç bir bildiriş göndərilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının təmin edilmiş hissədə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMCyə məxsus «Toyota Camry» markalı, **-PR-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı-də 22.11.2014-cü İldən 21.11.2015-ci il tarixədək sığortalanmış, ümumi sığorta haqqı 808 manat, şərtsiz azadolma 100 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş CSB18448 saylı Sığorta Aktının təsdiq olunmuş surətinə əsasən 08.05.2015-ci il tarixdə saat 19:25-də Mərdanov qardaşları ilə Bakıxanov küçələrinin kəsişməsində sığortalanmış «Toyota Camry» markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobil “Mercedes Benz GL450" markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, zərərlə bağlı maddi ziyan 1775.90 manat, şərtsiz azadolma 100 manat, ödəniləcək məbləğ 1675.90 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən “Bərpa Təmir Tikinti- 2011" MMC-yə 3140 manat ödəniş edilmişdir. Ondan 1675,90 manatı CSB 20093386 saylı sığorta şəhadətnaməsi üzrə ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 13.05.2015-ci il tarixli 249 saylı nöqsan aktına əsasən «Toyota Camry» markalı, 10-PR- 556 dövlət nömrə nişanlı avtomaşına 1775.90 manat ziyan dəymişdir. BDYPİ-nin 474565 saylı 11.05.2015-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh1 tərəfindən idarə olunan “Mercedes Benz GL450" markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mərdanov qardaşları küçəsindən Bakıxanov küçəsinə dönərkən normal ara məsafəsi saxlamamış və qarşıda hərəkət edən «Toyota Camry» markalı, 10-PR- 556 dövlət nömrə nişanlı avtomaşını arxadan vurmuşdur. Cavabdeh1 İXM-nin 151.1 -ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 3833 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Bərpa Təmir Tikinti-2011" MMC-nin 03.05.2015-ci il tarixli nöqsan aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı «Toyota Camry» markalı, 10-PR- 556 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1346 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyin görə, Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz GL450” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərər üçün mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərlərinə müştərək qaydada qoyulmalıdır. Belə ki, Cavabdeh2 mülkiyyətində olan "Mercedes Benz GL450” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxmasına dair sübutlar təqdim etməmişdir. Buna görə də, “Mercedes Benz GL450” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 istifadəsinə qanuni əsaslarla daxil olmadığına, sığorta hadisəsi doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə onun təqsiri məhkəmə qaydasında müəyyən olunduğuna görə həm Cavabdeh1, həm də digər Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz GL450" markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 tərəfidən qanunvericiliyin tələbləri pozulmaqla, etibarnamə olmadan X4 verməsi, sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, dəymiş zərərin miqdarı müəyyən edilərkən birinci instansiya məhkəməsi məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatının nəticələrinə dair ekspert rəyi aylınmışdır. Həmin ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bundan başqa kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehlər məhkəmə iclaslarında iştirak etmişlər və öz prosessual hüquqlarından istifadə etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə, həmçinin qəbul edilmiş məhkəmə aktları cavabdehlərin qeydiyyatda olduğu ünvana məktubları göndərilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq işə onların iştirakları olmadan baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə apellyatorlar аpellyаsiyа şikayətinin əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmə araşdırmasında sübutа yetirə, şikayətin dəlillərini qanun nöqteyi-nəzərindən əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 noyabr 2016-ci il tarixli, 2(004)- 823/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar