Məhkəmə qərarları › İş №2(103)-7418/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7418/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7418/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi zərərin, təbii qazdan istifadə nəticəsində yaranmış borcun cavabdehdən tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5492/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 04/313 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmış və həmin müqavilə əsasında cavabdehin fərdi yaşayış evi qazla təmin edilmişdir. Cavabdehin adına **********00036 nömrəli abonent kodu açılmış və xx.xx.2023cü ildə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları ünvanında istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent mənzildə sayğacdan kənar təbii qazdan istifadə edir.

3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında sərfiyyatın cəmi 3456 kub.m müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı "345,6 manat məbləğində maddi zərərin, 360,4 manat təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun, cəmi 706 manat məbləğində pulun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 360,4 manat borcu yaranmış, bundan başqa, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmışdır. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 345,6 manat məbləğində maddi ziyan hesablanmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5492/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 360,4 manat təbii qazdan istifadə nəticəsində yaranmış borc və 15,3 manat dövlət rüsumu, cəmi 375,7 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməsi, iddia tələbinin 345,6 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbuletmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlarla iddia tələbimizin tam sübuta yetirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

12. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

15. Maddə 6.2 bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

16. Maddə 11.6 Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

17. 1.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir

18. 1.4-cü bəndinə görə istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

19. 3.4.1-ci bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.

20. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

21. 6.5-6.7-ci bəndlərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5492/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/313 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi"ndən görünür ki, "Azəriqaz" İB cavabdehin fərdi yaşayış evini qazla təchiz etmişdir. Müqavilənin 1-ci maddəsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

31. İş materiallarında olan, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları ünvanında istehlakçı Cavabdeh məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent mənzildə sayğacdan kənar təbii qazdan istifadə edir.

32. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında sərfiyyatın cəmi 3456 kub.m müəyyən edilmiş və dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 10368 kub.m, - Radiatorun maksimal saatlıq qaz sərfi 0,8 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla, 25920 kub.m. İşdə olan, iddiaçı Cavabdeh adına olan "Abonentin saldosu"ndan görünür ki, onun 2020-ci ilin mart ayına akt üzrə 3456 kub.m qaza görə borcu 345,6 manat təşkil edir.

33. Lakin, məhkəmə kollegiyası cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun reallığı əks etdirmədiyini hesab edir.

34. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın işdə olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər).

35. Eyni zamanda, mülki işin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, akt təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı tərtib edilmiş və 345,6 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Lakin müəyyən edilmişdir ki, həmin akt istehlakçının (cavabdehin) iştirakı olmadan tərtib edilmiş və surəti ona təqdim edilməmişdir.

36. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsini təsdiq edən heç bir görüntü əks olunmamışdır.

37. Kollegiya bildirir ki, iddiaçı tərəfindən qeyd olunan faktı təsdiqləyən hər hansı başqa sübut təqdim edilməmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassızdır və təmin edilmə bilməz.

41. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir.

45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5492/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar