Məhkəmə qərarları › İş №2(103)-7422/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7422/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7422/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və 14 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində 3 M-2064 və 3M-2066 reyestr №-ləri ilə rəsmiləşdirilmiş kredit müqavilələri üzrə 01 yanvar 2021-ci il tarixə kimi qaytarılmalı olan ümumilikdə 46.000 (qırx altı min) manat təşkil edən pul vəsaitinin və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin İddiaçı ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış 14.09.2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1096/21) ilkin iddia tələbi təmin olunaraq X1 46000 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçı verilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Cavabdeh (qarşılıqlı iddiaçı) qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və bu tanışlığa əsaslanaraq ona müqavilə üzrə borc pul vermişdir. Belə ki, cavabdehlə arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli kredit müqavilələri əsasında 01 yanvar 2021-ci il tarixdə qaytarılması şərti ilə cavabdehə 18000 (on səkkiz min) manat və 28000 (iyirmi səkkiz min) manat olmaqla cəmi 46000 (qırx altı min) manat pul vermişdir. Lakin müqavilə müddətinin bitməsinə sayılı günlərin qalmasına baxmayaraq cavabdeh götürdüyü krediti ona qaytarmamış və onun tələblərindən də müxtəlif bəhanələrlə yayınmışdır. Ona görə də o, verdiyi pulların qaytarılması üçün məhkəmə müdafiəsi qaydasında müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırlmışdır ki, İddiaçı öz tələbinin əsası kimi aralarında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış 14.09.2020-ci il tarixli kredit müqavilələrinə istinad etmişdir. Aşağıda qeyd edilən əsas və dəlillərə əsasən hesab edir ki, ilkin iddiaçı ilə aralarında bağlanılmış kredit müqavilələri qanunvericiliyin tələbləri pozulmaqla bağlanıldığı üçün etibarsız hesab edilməlidir. Belə ki, o, “Brand” kredit təşkilatında baş mütəxəssis vəzifəsində işləyir. Təşkilatda kreditlərin verilməsi işinin təşkili ilə məşğul olur. İddiaçı onun işlədiyi kredit təşkilatının davamlı olaraq müştərisidir. Hazırda da İddiaçı təşkilata kredit borcu vardır. İddiaçı götürdüyü kredit pullarını ətrafında tanıdığı insanlara və ona müraciət edən ehtiyacı olan insanlara yüksək faizlə qeyri-rəsmi qaydada verməklə məşğul olmaqdadır. O, İddiaçı belə bir işlə məşğul olduğunu sonradan bilmişdir. Onun tanıdığı Nazim adlı şəxsə öz şəxsi ehtiyacı üçün pul lazım olduğundan o, İddiaçı zəng edərək tanışına 23000 (iyirini üç min) manat pul lazım olduğunu bildirmiş, İddiaçı pulu qısa zaman içində iki-üç dəfəyə aylıq 10 % -lə verə biləcəyini bildirmişdir. 2019-cu ilin iyun ayının sonlarına yaxın o, Nazim adlı tanışı ilə ona faizə pul almaq məqsədilə İddiaçı yaşadığı Sabunçu qəsəbəsində yerləşən evinin qarşısında görüşərək Nazim ondan 13000 (on üç) manat pul götürmüşdür. Təxminən bir həftə sonra iyul ayının əvvəlində o, Nazim adlı tanışı ilə yenidən Yasamal rayonu ərazisində yerləşən İran klinikasının yaxınlığında İddiaçı ilə görüşərək ondan əlavə olaraq 10000 (on) manat pul vəsaitini götürmüşdür. Sonucu görüşlərindən 2 gün sonra Yasamal rayonu ərazisində yerləşən "Baku Mall” ticarət mərkəzinin qarşısında İddiaçı ilə görüşərək yenidən ondan 3300 (üç) manat pul vəsaitini Nazim onun yanında götürmüşdür. Nazim ümumilikdə İddiaçı 23.000 (iyirmi üç) manat pul vəsaitini aylıq 10% ödəməklə götürmüşdür. Nazim 2020-ci ilin mart ayına kimi 7 ay müddətində həy ayın faiz borcu kimi 2300 (iki min üç yüz) manat pul vəsaitini onun vasitəsi ilə İddiaçı ödəmişdir. O, ümumilikdə götürdüyü pulun yeddi aylıq faizini yəni, 17000 (on yeddi) manatını İddiaçı onun vasitəsi ilə qaytarmışdır. 2020-ci ilin mart ayından COVİD-19 virusu ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq edilməsi səbəbilə Nazim bildirdi ki, İddiaçı faiz ödəmək nisbətində götürdüyü pulu bir müddət qaytara bilməyəcəkdir. Həmin ilin mart ayının sonuna yaxın Nazim işləri ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. O, bu barədə İddiaçı məlumat verdiyində, onun nəyinə lazım deyib pulu ona ödətdirəcəyini bildirdi. Bundan sonra İddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona hədə qorxu gələrək iş yerinə gələrək biabır edəcəyini, onu işdən çıxartdıracağını və bu pul ödənilməzsə onun başına oyun açdıracağını bildirmişdir. Nazim adlı tanışı ilə bu barədə vatsap sosial şəbəkəsi vasitəsi ilə mütəmadi danışsa da, o, işlərinin hazırda normal getməməsi səbəbindən bir müddət İddiaçı ilə danışaraq vaxtı uzatmağa kömək etməyi xahiş etmişdir. Nazim avqust ayında ona bildirdi ki, çalışacaq ki, ilin sonuna kimi ondan vaxt alsın. İddiaçı bu barədə dedikdə onun nəyinə lazımdır ki, onsuz da pulu səndən alacaq deyərək onu mütəmadi təhdid etməyə davam etmişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində İddiaçı ona davamlı hədə-qorxu gələrək onunla şəxsi adına rəsmi borc müqaviləsi bağlayacağı halda ondan əl çəkəcəyini və pulun ödənilməsi üçün əlavə müddət verəcəyini bildirdi. Onunla aralarında olan razılaşmaya əsasən, 2021 ci ilin əvvəlinə kimi pulun qaytarılması üçün vaxt verilir, eyni zamanda əsas borcun yəni, 23000 (iyirmi üç) manatın üzərinə 10 aylıq 10% həcmində borc hesablanmaqla borca əlavə faiz tətbiqi də dayandırılır. Artıq başqa yolu qalmadığından və iş yerində biabır olmamaq üçün, eyni zamanda İddiaçı müxtəlif səlahiyyət orqanlarında çalışan vəzifə sahiblərinin adlarını çəkməklə onu qorxu altında saxlamasından yorularaq çarəsiz vəziyyətdə onunla borc müqaviləsi bağlayacağına razılaşmışdır. Sentyabr ayının on dördündə İddiaçı ona Bakı şəhəri 14 savlı notariat kontoruna gedəcəyinizi bildirmişdir. Qeyd edir ki, əvvəldə dediyi kimi hədə və digər təhdidlər qarşılığında başqa çıxış yolu qalmadığı üçün Nazimin aldığı pulun onun borcunun olmağını təsdiq etmək üçün notariat kontorona getmək məcburiyyətində qaldı. Bakı şəhəri 14 saylı notariat kontorunda onlara bildirildi ki, müqavilənin bağlanılması razılaşdırılmış pulun həmin əraziyə yaxın yerdə yerləşən Bankda onun adına qoyulmasına dair sənəd təqdim edildikdən sonra mümkün olacaqdır. Bu səbəbdən İddiaçı ilə o, 20 yanvar metrosundan üzü Şamaxinka gedən yolda yerləşən “Muğan Bank"a gedərək əvvəlcədən razılaşdırdıqları 46000 (qırx altı min) manat dəyərində müqavilənin bağlanılması üçün pulu onun adına müvəqqəti hesaba yerləşdirmək istədik. İddiaçı mənə Bankda bildirdi ki, hazırda onun üzərində 28000 (iyirmi səkkiz) manat olduğu üçün borcu iki müqavilə əsasında rəsmiləşdirməklə bağlayacaqdır. Bu səbəbdən də o, ilk öncə 28000 (iyirmi səkkiz) manat dəyərində müqavilənin bağlanılması üçün mənim adına müvvəqəti hesaba pulu yatıraraq notariat kontoronda müqaviləni bağladıqdan sonra yenidən banka qayıdıb adına qoyulmuş pul onun tərəfindən çıxarılaraq bankın özündə İddiaçıva təqdim edilmişdir. Bundan sonra biz yenidən 18000 (on səkkiz) manat dəyərində ikinici müqaviləni bağlamaq məqsədilə notoriat kontoruna qayıtdıq. Notariat kontoronda müqavinin hazırlanmasından sonra yenidən banka qayıdaraq həmin pul onun adına yatırıldı. Notoriat kontorunda müqavilə imzalandıqdan sonra yenidən Banka qayıdaraq pulu müvəqqəti hesabdan çıxararaq İddiaçıva vermişdir. Göründüyü kimi, o, iddiaçının qaldırmış olduğu iddia tələbi üzrə əsas sübut olaraq təqdini etdivi müqavilələrin bağlanılmasına hədə - qorxu və digər qanunsuz tələblərin qaşılığında məcbur olmuşdur. Eyni zamanda Sevinc Abısova tərəfindən həmin pul vəsaitləri Nazim adlı şəxsə heç bir sənəd imzalanmadan verildiyi halda, ona şəxsən heç bir zaman borc olaraq pul vermədiyi halda müqaviləni guya ki, ona borc verilməsi kimi rəsmiləşdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi ətraflı araşdırmamış, məsələyə səthi yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, “Borc verən İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış 14.09.2020-ci il tarixli, 3M-2066 reyestr nömrəli və 14.09.2020-ci il tarixli, 3M- 2064 reyestr nömrəli kredit müqavilələrinə əsasən “Borc verən” “Borc alan”-a ümumilikdə 46000 manat məbləğində pul vermişdir. Borcun qaytarılmadığını və bununla da müqavilə öhdəliyinin yerinə yetirilmədiyini iddia edən İddiaçı 25.12.2020-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Cavabdeh borcu başqa şəxs üçün götürdüyünü, ona aid olmadığını, müqaviləni hədə-qorxu təsiri altında bağladığını bildirərək kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə əsassız sayaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər kreditin faizsiz verilməsini şərtləndirmiş, iddiaçı cavabdehə müqavilədə göstərilən pulu verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2-ci və s. maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddiaya dair gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, cavabdehin iddiaçıdan borc alması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi iş materiallarında olan mötəbər sübutlarla tam şəkildə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı həmin müqavilələrin həqiqəti əks etdirmədiyini, hədə-qorxu təsiri altında bağlandığını bildirsə də, sadalanan xüsusatlar üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.4, 339.1-ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl edilmişdir. Bunun əksini təsdiq edən sübutlar qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri məhkəmə tərəfindən işin ətraflı araşdırılmaması, məsələyə səthi yanaşılması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və s. barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar