Məhkəmə qərarları › İş №2(103)-7424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7424/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7424/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh MTK-nın nümayəndəsi X2 və MTKnın vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 8.082,80 manat məbləğində pulun MTK-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla MTK arasında bağlanmış 07.04.2008-ci il tarixli müqaviləyə əsasən MTK-nın inşa etdiyi və Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955 saylı məhəllədə yerləşən 20 mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsindəki ümumi sahəsi 151,7 kv.metr olan 3 otaqlı 93 saylı mənzili, mənzilin hər kv.metri üçün 918,50 manat, ümumilikdə isə 139,336 manat ödəməklə MTK-dan almışdır. 04.06.2020-ci il tarixdə iddiaçının mənzilinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət haqqında № ********** saylı çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 142,9 kv.m göstərilmişdir (fərq 8,8 kv.metr). İddiaçı bu barədə MTK-ya öz narazılığını bildirsə də MTK-nın vəzifəli şəxsləri buna heç bir məhəl qoymamış, yaranmış fərqin pulunu (918,5 x 8,8=) 8.082,80 manatı iddiaçıya ödəməmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İddiaçı qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddiaçının mülkiyyətində olan mənzilinin müqavilə üzrə hər kv.m-ə görə alınmış pulun mövcud vəziyyətdə mənzilinin yaşayış sahəsinin ölçüləri düzgün olmayaraq az olduğundan yaranmış fərqin pul ekvivalentinin, yəni 8.082,80 manat məbləğində pulun cavabdeh MTKdan tutularaq iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iddiaçıdan ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində pulun dövlət nəfinə tutulmasını qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə iddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışında iştirak edən cavabdeh MTK-nın nümayəndəsi və vəkili apellyasiya şikayətin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh (İcraçı) MTK ilə iddiaçı (payçı) arasında bağlanmış 07.04.2008-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri MTK-nın inşa etdiyi və iddia ərizəsində qeyd edilən yaşayış binasında yerləşən 93 saylı mənzilin MTK tərəfindən iddiaçı üçün tikintisi ilə əlaqədar razılığa gəlmişlər. Mənzilin sahəsi 151,7 kv.metrdir. Mənzilin sahəsinin hər kv.metri üçün 918,50 manat olmaqla iddiaçı cavabdeh MTK-ya cəmi 139.336 manat məbləğində pul ödəməlidir. Payçı olan iddiaçı ilkin ödəniş olaraq 41.750 manatı, qalan 97.586 manat məbləği isə 2008-ci ilin may ayından 2009-cu ilin aprel ayınadək aylıq 8.130 manat olmaqla MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. MTK-nın 07.04.2008-ci il tarixli "xxxx" görünür ki, iddiaçı ilk ödəniş olaraq 41.750 manatı MTK-ya ödəmişdir. MTK tərəfindən verilmiş "xxxx" görünür ki, 07.05.2008-ci il tarixdən 07.04.2009-cu il tarixədək MTK-ya ayda 8.130 manat ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 04.06.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi 955-ci məhəllə 21 saylı evin 93 saylı ümumi sahəsi 142,9 kv.metr olan mənzil (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu M.Sənani küçəsi 102, M8, m4) iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 09.04.2021-ci il tarixli, 10/3347 saylı rəyindən görünür ki, həmin mənzil üzrə aparılmış tədqiqat zamanı mənzilə baxış keçirilərək, ekspert tərəfindən müvafiq ölçü işləri aparılmışdır. Müəyyən olunur ki, MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki sahəsi 154,75 kv.metr təşkil edir. Müqavilədə qeyd olunan 151,7 kv.metr ölçülü mənzilin sahəsi MTK tərəfindən yaşayış və yardımçı sahələrinin daxili sahələri (bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan) nəzərə alınmaqla hesablanmışdır. MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilinin sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 144,8 kv.metr olmaqla, həmin normativ aktların tələblərinə əsasən düzgün hesablanmamışdır. Rəydə göstərilən ziddiyyəti nəzərə almış Rayon Məhkəməsi rəyi vermiş eksperti X4 didirmiş və sonuncu Rayon Məhkəməsinə bildirmişdir ki, Rəydə texniki səhvə yol verilmiş, “hesablanmamışdır” sözü səhv yazılmışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, MTK tərəfindən inşa edilmiş və iddia ərizəsində qeyd edilən yaşayış binasının layihəsinin tərtib olunmasında iştirak etmişdir. Layihə üzrə mənzilin nəzərdə tutulmuş sahəsi ilə iddiaçıya təhvil verilmiş sahə eynidir. Sonradan ölçülər aparılarkən iddiaçının mənzili təmir edərkən bütün otaq boyu alçipandan istifadə etməsi, mənzildə dekorativ dəyişikliklər aparması nəzərə alınmamışdır. Göstərilənlərə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh MTK iddiaçıya sahəsi 151,7 kv.m olan mənzili inşa edib təhvil verməyi öhdəsinə götürmüş, faktiki olaraq isə sahəsi 154,75 kv.m olan mənzili iddiaçıya təhvil vermişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2.-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.6.) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (8.0.9.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1.ci maddəsinə görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2.-ci maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Məcəllənin 59.3.-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məcəllənin 59.4.-cü maddəsinə görə, yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məcəllənin 59.5.-ci maddəsinə görə, mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Qüvvədə olan Mülki Məcəllənin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” 28.01.2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi barədə aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının mənzilə dair mülkiyyət hüquqlarını qeydə alarkən DƏDRX-nin əməkdaşları tərəfindən və iş üzrə keçirilən ekspertiza tədqiqatı zamanı ekspert tərəfindən mənzilin sahəsinə dair aparılan hesablamalar 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsaslandığından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinin yalnız mənzilin inventarlaşdırılması və müvafiq reyestrdə qeydiyyata alınması zamanı nəzərə alınması mümkün olduğundan, tərəflər arasında bağlanmış 07.04.2008-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyindən, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığından, onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edildiyindən iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar