Məhkəmə qərarları › İş №2(103)-7426/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7426/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7426/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SSANG YONG” minik markalı, 90-OZ970 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 12215 (on iki min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi; vəkilə göstərdiyi yardıma görə ödənilmiş 201 (iki yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 mülkiyyətində olan Koreya Respublikasının istehsalı olan, 2015-ci il buraxılışlı “SSANG YONG” minik markalı, **-OZ- *** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyun ayında “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnaməyə əsasən İddiaçı1 19400 manata satmışdır. 18 iyun 2020-cı il tarixdə etibarnamənin müddəti bitdiyindən həmin tarixdə Bakı şəhəri 44 saylı notariat ofisində yenidən İddiaçı2 İddiaçı1 “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə vermişdir. İddiaçı1 08 sentyabr 2020-ci il tarixindən 09 sentyabr 2020-ci il tarixinə keçən gecə, təxminən saat 01:30 radələrində istifadəsində olan “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Mərdəkan şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində yolun sağdan birinci zolağı ilə, saatda təxminən 70 km sürətlə hərəkətdə olarkən yolun sol zolağında “BMW” markalı avtomobilin dayandığını görmüş, hərəkətini davam etdirərkən Cavabdeh idarə etdiyi “FORD KUGA” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı1 idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. .N.Əhmədovun idarə etdiyi “SSANG YONG" minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən sağa doğru hərəkət edib dəmir səddə dəyərək dayanmışdır. Nəticədə “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisədən sonra məlum oldu ki, Cavabdeh mülkiyyətində olan “FORD KUGA” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığorta olunmayıb. Cavabdeh İddiaçı1 “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirəcəyi barədə söz versə də lakin, bir müddət sonra o, avtomobili təmir etdirməkdən imtina etmişdir. “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri müəyyən etmək üçün İddiaçı1 avtoservisə müraciət etmişdir. Oradan bildirilmişdir ki, sözügedən avtomobilin dəyişdirilməli olan ehtiyyat hissələrinin əksəriyyəti Azərbaycanda satılmadığı üçün Koreyadan sifariş olunmalıdır. “Chery Service”də həmin ehtiyyat hissələrinin siyahısı və qiymətləri müəyyən olunmuşdur. Ümumilikdə 24 ehtiyyat hissəsi və həmin hissələrin ümumi dəyəri 9725 manat təşkil etmişdir. Bundan sonra İddiaçı1 “Avangard” avtoservisə müraciət edərək “SSANG YONG” minik markalı avtomobilin təmiri üçün usta xərclərini müəyyən etmişdir. “Avangard” avtoservisdə tərtib olunan, 20.10.2020-ci il tarixli zərər aktina əsasən usta xərci ümumilikdə 2490 manat müəyyən olunmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov 22 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara əsasən, Cavabdeh əməlində Az. Res. İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün qərarın sürəti icra olunması üçün Xəzər Rayon DYPŞnə göndərilmişdir. Xəzər Rayon DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən qəbul olunmuş 10.10.2020-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat cərimə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(005)- 595/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 10219 manat pul İddiaçı1 və İddiaçı2, hüquqi yardıma görə ödənilmiş 201 manat və 30 manat dövlət rüsumu İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh X2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, İddiaçı1 hazırki iddia üzrə subyektiv hüququ olmadığı halda, ona münasibətdə birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Eyni zamanda avtomobilə dəymiş zərərlə bağlı “Avangard” avtoservis tərəfindən tərtib edilən ziyan aktı ilə arasında ciddi fərq var. “Avangard” avtoservis tərəfindən tərtib edilmiş 20.10.2020-ci il tarixli ziyan aktından görünür ki, İddiaçı2 məxsus olan “SSang Yong” markalı **-OZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dəymiş maddi ziyan 2490 manat müəyyən edilmişdir. Ona görə də iş üzrə təkrar ekspertiza keçirilməli idi. Lakin məhkəmə təkrar ekspertiza keçirməmişdir. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(005)-595/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı2 mülkiyyətində olan “Ssang Yong” markalı, 90-0Z-970 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək səlahiyyətini İddiaçı1 vermişdir. Cavabdeh 08.09.2020-ci il tarixində, saat 01:30 radələrində özünə məxsus Ford Kuga minik” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və İddiaçı2 məxsus olan “SSang Yong” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla əlaqədar 21.10.2020-ci il tarixli, TP ******* nömrəli nzibati xəta haqqında protokol tərtib olunmuş, 21.10.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 məxsus olan “SSang Yong” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə qeyd olunan əsaslar müəyyən edilir. Çünki baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi, həmin hadisə baş verərkən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilməsi işin mübahisəsiz hallarıdır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun müəyyən olunmalıdır. Belə ki, həmin maddəyə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərə görə məsuliyyəti yüksək təhlükə mənbəyinin sahibi olan Cavabdeh daşıyır. Ona görə də, iddiaçılara dəymiş zərərin məbləği Cavabdeh tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli, 9/368 saylı rəydə göstərilmişdir ki, «Chery Service» tərəfindən təqdim edilmiş 14.09.2020-ci il tarixli və «Avangard Avtoservis» tərəfindən təqdim edilmiş 20.10.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «SSang Yong» minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10219 manat müəyyən edilir. Ona görə kollegiya hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh 10219 manat alınaraq iddiaçılara ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1 və 121.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ekspertiza xərcinin dəyərini təşkil edən 120 manat məbləğində pulun cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmasını müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətindəki dəlilləri isə əsassızdır. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd edir ki, İddiaçı2 məxsus avtomaşına zərər yetirildiyinə görə həmin avtomaşını etibarnamə əsasında idarə edən İddiaçı1 münasibətdə avtomaşına vurulan ziyana görə pul tutula bilməz. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli etibarnaməyə əsasən İddiaçı1 ona etibar edilən avtomaşını idarə etməklə yanaşı onun üzərində sərəncam vermək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, avtomaşın üzərində sərəncam vermək hüququ, həmçinin, avtomaşına dəyən ziyanın ödənilməsini tələb etmək hüququnu da ehtiva edir. Ona görə də hazırki iş üzrə İddiaçı1 avtomaşına dəyən ziyana görə pulu tələb etməyə subyektiv hüququ movcuddur. İş üzrə təkrar ekspertizanın keçirilməməsi isə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün heç bir əsas movcud deyil və birinci instansiya məhkəməsi haqlı olaraq təkrar ekspertiza keçirməmişdir. Belə ki, MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Cavabdeh “Avangard” avtoservis tərəfindən tərtib edilmiş 20.10.2020-ci il tarixli ziyan aktına istinad edərək ekspert rəyi arasında uyğunsuzluğu qeyd edir. Lakin “Avangard” avtoservis tərəfindən tərtib edilmiş 20.10.2020-ci il tarixli ziyan aktında “SSang Yong” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı təmir üçün göstərilən xidmət və onun qiyməti qeyd olunmuşdur. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-595/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar