Məhkəmə qərarları › İş №2(103)-743/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-743/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-743/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(006)-10368/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 114732-1-7530 saylı, xx.xx.2013-ci il tarixli avtomobil krediti müqaviləsinə sasən bank cavabdehə avtomobil almaq məqsədi ilə 60 ay müddətinə illik 18 faiz olmaqla 20523 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında bağlanmış eyni tarixli 1147xx-xx-10390 saylı ipoteka müqaviləsinə əsasən borclu ona məxsus olan «Hyundai Elantra minik» markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, avtomobilin dəyəri 24.145 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

2. Tərəflər arasında bağlanmış “Avtomobil krediti müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən borclunun 14.174 ABŞ dolları məbləğində borcu 29 ay müddətinə xx.xx.2018-ci il tarixədək 18% hesablanmaqla kapitallaşdırılmışdır. Həmçinin tərəflər arasında “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşma bağlanmışdır.

3. Bank tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuilə kredit borcunun, hesablanmış faizlərin və cərimənin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 21 oktyabr 2016-ci il tarixə banka borclu olduğu 14128,07 ABŞ dolları məbləğində əsas borc, 1048,70 ABŞ dolları məbləğində faiz, 107 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15283,77 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti «Hyundai Elantra minik» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və ödənilmiş dövlət rüsumunun ödənilməsi, aralarında bağlanmış 114732-1-7530/1 saylı, xx.xx.2016-cı il tarixli “avtomobil krediti müqaviləsinin” ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə ASC arasında bağlanmış 114732- 1-7530 saylı, xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə, illik 18 % hesablanmaqla 20.523 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh 114732-1-7530 saylı, xx.xx.2013-cii il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan «Hyundai Elantra minik» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekaya qoymuşdur. Borclu kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya məktubları göndərilmiş, həmçinin şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə Bank arasında bağlanmış Avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən 01 fevral 2016-cı il tarixə mövcud olan borc 29 ay müddətinə - xx.xx.2018-ci il tarixədək, illik 18 % hesablanmaqla kapitallaşdırılaraq 14174 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Lakin borclu yenidən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır.

6. İddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli arayışa əsasən borclunun xx.xx.2016-cı il tarixə banka 14128,07 ABŞ dolları əsas borc, 1048,70 ABŞ dolları faiz, 107 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15283,77 ABŞ dolları borcu vardır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 dekabr 2016-cı il tarixli 2(006)-10368/2016 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin edilmiş, tərəflər arasında bağlanmış avtomobil krediti müqaviləsinə əsasən cavabdehdən 14128,07 ABŞ dolları məbləğində əsas borc, 1048,70 ABŞ dolları məbləğində faiz borcu, 107 ABŞ dolları cərimə borcu, cəmi 15.283,77 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ASC-yə verilməsi, tələbin cavabdehə məxsus olan «Hyundai Elantra minik» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin cavabdehə qaytarılması, tərəflər arasında bağlanmış 114732-1-7530/1 saylı, xx.xx.2016-cı il tarixli “avtomobil krediti müqaviləsi”nin ləğv edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka xx.xx.2016-cı il tarixə 14128,07 ABŞ dolları əsas borc, 1048,70 ABŞ dolları faiz borcu və 107 ABŞ dolları cərimə borcu olmaqla, 15283,77 ABŞ dolları məbləğində borcu vardır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 448.1, 449.1, 739, 295, 317.1, 296.1, 279, “İpoteka haqqında” Qanunun 34.1.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4, 217.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və kredit borcunun hesablanmaqla ona müvafiq güzəşt tətbiq olunması və iddiaçı onu borcun ödənilməməsi barədə xəbərdar etmədiyindən faiz və cərimə borcunun silinməsi, 14128,07 ABŞ dolları pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla deyil, 1 ABŞ dolları pul məbləğinin = 1,50 manat pul məbləğinin məzənnəsi ilə hesablanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, ailədə olan problemlə bağlı Bankla razılığa gələrək avtomobili etibarnamə əsasında digər şəxsə həvalə etmişdir. Həmin şəxs də krediti ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxtdan isə bu hadisələrdən xəbəri olmamışdır. Bu ilin təxminən mart ayında “BOA” şirkətindən gələn zəng nəticəsində olanlardan məlumatı olmuş və hüquq-mühafizə orqanlarına avtomobil barədə axtarış verilməsi üçün müraciət etmişdir. İddiaçı borcun ödənilməməsi barədə onu xəbərdar etmədiyi üçün faiz və cərimə borcu yaranmış, borcun isə qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması tələb edilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

32. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

33. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, iddia tələbi irəli sürülən vaxtadək cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Həmin tarixdə ödənilmiş 220 ABŞ dollarının 45,93 ABŞ dolları əsas borca, 174,07 ABŞ dolları isə faiz borcuna silinmişdir. İddia tələbində isə xx.xx.2016-ci il tarixə yaranmış borc məbləği tələb edilmişdir.

34. Belə olan halda əsas qalıq borcu olan 14128,07 ABŞ dolları məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 7.06 ABŞ dolları (14128,07x18%/360=7.06), həmin faizlərin hesablandığı müddət isə sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixdən iddia qaldırılarkən verilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2016-ci il tarixədək 80 gün olduğu müəyyən edilir ki, bu da 565,12 ABŞ dolları təşkil edir.

35. Buna baxmayaraq iddiaçı xx.xx.2016-cı il tarixə 1048,70 ABŞ dolları faiz borcu tələb etmişdir.

36. Hesabdan çıxarışdan həmçinin görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə edilmişdir. Həmin tarixdə edilmiş 150 ABŞ dolları ödənişin 38,93 ABŞ dolları əsas borc məbləğindən, 111,07 ABŞ dolları isə faiz borcundan silinmişdir.

37. Kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixdə ödənilmiş məbləğdən faiz borcundan silinmiş 111,07 ABŞ dolları xx.xx.2016-cı il tarixdə olan 565,12 ABŞ dolları faiz borcundan çıxılmalı və qalan 454,05 ABŞ dolları məbləğində faiz borcu (565,12- 111,07=454,05) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Əsas borc məbləğinə aid hissədə də Kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixdə edilmiş ödəniş məbləğindən 38,93 ABŞ dolları hissəsi əsas borc məbləğində silinmişdir. Odur ki, həmin məbləğ tələb edilən 14128,07 ABŞ dolları məbləğindən çıxılmalı (14128,07-38,93=14089,14) və cavabdehdən tutulmalı olan əsas borcun məbləği 14089,14 ABŞ dolları müəyyən edilməlidir.

39. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan dəbbə pulu məbləğini müəyyən edərkən cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə tənasübsüz surətdə müəyyən edilmiş dəbbə pulu tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.

43. Qalan hissələrdə isə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10368/2016 saylı iş üzrə 16 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilsin. Tərəflər arasında bağlanmış avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 14089,14 ABŞ dolları, faiz borcu 454,05 ABŞ dolları və cərimə borcu 50 ABŞ dolları məbləğində (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar