Məhkəmə qərarları › İş №2(103)-743/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-743/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-743/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5570/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X9 və cavabdeh X7 rəsmi nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X13 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X8 X2 yanında saxlanılması və hər ay cavabdehdən 87 manat aliment tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2447/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X2 X10 qarşı "alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-2033/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilrək, X4 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə hər ay 154 manat sabit məbləğində aliment tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 iyun 2016-cı il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, qətnaməsinə əsasən tutulan alimentin artırılaraq, 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 iyun 2013-cü ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cu il təvəllüdlü X11 anadan olmuşdur. Hər ikisi tanışlıq münasibətləri əsasında ailə qurmuşlar. Xarakterlərindəki uyğunsuzluq isə birgə yaşayışlarını mümkünsüz edirdi. Uzun müddət ailə münasibətlərində yaranan problemlərə yaxşı olması üçün dözümlülük göstərmişdir. Artıq faktiki olaraq 7 ildir ailə münasibətlərində deyillər. Bu səbəbdən Cavabdeh ilə 22 iyun 2013-cü ildə nikah şəhadətnaməsi ilə təsdiqlənmiş nikahın pozulmasına, xx.xx.2016-cu il təvəllüdlü X5 anada qalmasına və 160 mant sabit pul məbləğində aliment təyin edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış mediator tərəfindən təqdim edilmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, alimentin 190-200 manat müəyyən edilməsinə etiraz etmədiyini, başqa nikaha daxil olduğunu və həmin nikahdan bir uşağının olduğunu bildirmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5570/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim X12) iddia tələbinin təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu tarixli, 2(001)-6971/2019 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 30 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan aliment məbləğinin artırılması, 30 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il, 2(001)-5570/2023 saylı qətnaməsinin dəyişdirilməsini, 30 iyun 2016-cı il təvəllüdlü X1 üçün 190-200 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il, e-2(001)-5570/2023 saylı qətnaməsi ilə qət olunmuş 220 manat alimentin məbləği onun maddi vəziyyəti nəzərə alınmadan müəyyən edilmişdir. Aylıq qazancının az olduğunu nəzərə alsaq qazancından kifayət qədər yüksək məbləğdə aliment ödəmək öhdəliyi maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. Belə ki, qazancından artıq miqdarda alimentin ondan tutulması bir yetkin fərd kimi öz təlabatlarını qarşılamağı mümkünsüz edir. Həmçinin digər ailəsini saxlamaqda çətinlik çəkir. Odur ki, məhkəmə onun maddi vəziyyətini, barəsində olan digər diqqətəlayiq halları araşdırmadan ona münasibətdə ədalətsiz qərar qəbul edilmişdir. Bununla da Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri pozulmuşdur. Sabit pul məbləğinin miqdarıməhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyası iclasın yeri və vaxtı barədə əvvəlcədən qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış iddiaçının iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etdi.

10. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sürücü vəzifəsində işləməklə aylıq qazancı 500 manat təşkil edir. Onun maddi durumu aylıq olaraq apellyasiya şikayətində göstərdiyi kimi 190-200 manat aliment ödəməyə kifayət edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Cavabdeh tərəfindən qətnamənin dəyişdirilməsini xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləriı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir.

21. Məhkəmə kollegiyası cavabdehin qazancının az olması, yeni ailə qurmaqla həmin nikahdan da bir uşağının olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2019-cu il) qəbul edilməsindən 4 ilə yaxın müddət ötmüş, o cümlədən uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin yaşayış minimumu həddində aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

22. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da bir uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşağının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddindən də az tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşağın mənafeyinə uyğundur.

23. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Hazırkı iş üzrə cavabdeh qətnamə ilə müəyyən edilmiş alimentin dəyişdirilərək 190-200 manat məbləğində müəyyən edilməsini tələb edir. Bu baxımdan da kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsi 20-30 manat (30x12=360 manat) 360 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5570/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar