Məhkəmə qərarları › İş №2(103)-7430/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7430/2020

27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7430/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx xxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 76 manat məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, onların birgə nikahlarından xx xxx 2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflərin nikahı pozulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(007)-491/2011 saylı qətnaməsi ilə xx xxxxxx 2011-ci il tarixindən hesablanmaqla, birgə nikahdan olan xx xxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 76 manat məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda X2 13 yaşı var. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın artan tələbatının ödənilməsinə kifayət etmir. Bundan başqa, ölkədə uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx xxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 2012-ci il tarixində yenidən rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikahdan iki azyaşlı uşağı var. Cavabdeh ikinci qrup əlildir və 230 manat məbləğində əlilliyə görə pensiya alır, başqa gəlir mənbəyi yoxdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat məbləğində alimentin ödənilməsi cavabdehin maddi imkanı xaricindədir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, cavabdeh isə apelyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli 2(007)-491/2011 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 2011-ci il tarixindən hesablanmaqla, tərəflərin birgə nikahlarından doğulmuş xx xxx 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 76 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi Bildirişi üzrə X1 əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 9 ildən çox vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını və uşağın 13 yaşında olmasını nəzərə alaraq, hər ay 76 manat miqdarında aliment hazırda uşağın maddi təminatı üçün yetərli deyil. Cavabdehin heç bir yerdə işləməməsi, sabit qazanca malik olmaması, eyni zamanda yeni nikaha daxil olması halları onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahlarından doğulmuş uşağın saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1439/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar