Məhkəmə qərarları › İş №2(103)-7441/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7441/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7441/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı BOKT ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 2020/00148-01 nömrəli istehlak kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 59100 manat məbləğində qalıq, ona hesablanmış 43202,10 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 42020,10 manat məbləğində dəbbə pulu, cəmi 144322,20 manat borcun, ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 700 manat pulun, təkrar ekspertiza təhqiqatının dəyəri kimi ödənilmiş 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına irəli sürülmüş pul tələbinin İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2020-ci il tarixli, 2020/00148-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 59.100 manat əsas borc, 43.202,10 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 103.302,10 manat məbləğində borc, təkrar ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzil və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 124.000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 nömrəli, 5 mərtəbəli binada 31.6 kv.m sahədən ibarət 2 otaqlı 16 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh verilməsi, mənzilin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin mövcud borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutulması, mənzilin açıq hərracda satılmasından sonra həmin mənzilin 1 ay ərzində boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi və ipoteka predmetlərinin boşaldılmasına münasibətdə iddiaçının tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə adı çəkilən şəxsin sözügedən qətnamədən şikayət vermək hüququnun olmadığı əsas göstərilməklə şikayət geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan verdiyi şikayət də məhkəmənin 217 oktyabr 2022ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin 2(004)-973/15 saylı, xx.xx.2015-ci il tarixli qərardadına əsasən həmin mənzilin ½ hissəsi ona müəlkiyyət hüquqi ilə məxsusdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə onun işə cəlb edilməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir. Hazırkı şikayətində də Maraqlı şəxs bu zərurəti əsaslandırmamış və qərardadın onun hansı maraqlarına toxunduğunu izah etməmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-155/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar