Məhkəmə qərarları › İş №2(103)-7444/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7444/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7444/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Xəqani Hüseynovun, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 26.08.2019-cu il tarixli, 20-MZ1-1-0-588-19 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 5.052,84 manat, faiz borcu kimi 255,35 manat, cəmi 5.308,19 manat Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamindən) tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 4.624,77 manat, faiz borcu kimi 30,13 manat, cəmi 4.654,90 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən borcalan apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, zamin məsuliyyətdən azad edilsin, 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin, iddiaçıya olan borcunun məbləği 3.876 manat müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Xəqani Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan müəyyən olunur ki, borc alanın banka qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnamsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin borc alana aid olan hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Zamin qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qətnamənin zaminə aid olan hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar