Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7445/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı İB-nin ilkin iddia üzrə Cavabdeh, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-ə qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi, borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2742/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 137768 nömrəli "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmışdır.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş zərərin hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4406,40 manat (36720 m3 x 0,12 manat = 4406,4manat) məbləğində pul borc hesablanmışdır.
3. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03455 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2022ci ilin dekabr ayınadək ümumilikdə cəmi 4595,48 (4406,40 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 189,08 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı 4406,40 manat zərərin, 189,08 manat depitor borcun, 65,96 manat dövlət rüsumunun, cəmi 4661,44 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 137768 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı X3 Departamenti tərəfindən **********03455 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4406,40 manat manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 189,08 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 4595,48 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4406,40 manat manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 189,08 manat və 65,96 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4661,44 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh İddiaçınə qarşı 4595 manat borcun silinməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən guya Xəzər rayonu, Binə qəsəbəsi ünvanında ona məxsus evdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında barəsində məhkəmədə iddia qaldırılmışdır. Ona bu barədə məlumat verildikdən sonra, məsələni araşdırdığı zaman Azəriqaz tərəfindən 4595 manat məbləğində cərimə hesablandığı bəlli olmuşdur. Qeyd edir ki, sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Onun həmin qaz sayğacına müdaxilə etmək imkanı heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq İddiaçı tərəfindən ona əsassız olaraq yüksək məbləğdə borc hesablanmışdır. Bildirir ki, cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2742/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 116,64 manat məbləğində dəymiş zərərin, təbii qazdan istifadəyə görə yaranmış 189,08 manat pul və 4 manat dövlət rüsumunun, ümumilikdə 309.72 manat tutularaq İddiaçınə ödənilməsi, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********3455 olan sayğaca hesablanmış 4289,76 manat borcun silinməsi, ilkin iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2, 5.5, 6.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, yəni ilkin iddia tələbinin tam təmin edilməsinə, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İstinad edilən maddəyə əsasən bildirilmişdir ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarıaşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xə(inə qoşulma mövcuddur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim olunmuş sübutlara,yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyimiz sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, ilkin iddia üzrə cavabdehin və ya abonentin iki il ərzində 189 manat debitor borcunun olduğunu və birlik tərəfindən tərtib olunmuş aktların əsassız olduğu qənaətinə gəlmişdir. Əslində abonentin iki il ərzində 189 manatlıq təbii qaz istehlak etməsi məhkəmədə şübhə yaratmalı idi və bundan da məlum olur ki məhkəməyə təqdim olunmuş sübutlar tam obyektiv və hərtərəfli araşdırılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki qətnamənin əsaslı olması üçün məhkəmə- mühasibatlıq ekspertizasını təyin edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun
19. Maddə 6.2 bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
20. Maddə 11.6 Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
21. 1.3-cü bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir
22. 1.4-cü bəndinə görə istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
23. 3.4.1-ci bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
24. 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
25. 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
26. 6.5-6.7-ci bəndlərinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, ilkin iddia tələbi üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini, yəni ilkin iddia tələbinin tam təmin edilməsinə, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2742/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı Bakı X3 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.
36. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş zərərin hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4406,40 manat (36720 m3 x 0,12 manat = 4406,4 manat) məbləğində pul borc hesablanmışdır.
37. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03455 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2022ci ilin dekabr ayınadək ümumilikdə cəmi 4595,48 (4406,40 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə akt əsasında hesablanmış borc, 189,08 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır.
38. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı İstehsalat Biriliyi ilə arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı” barədə xx.xx.2022-cı il tarixli 137768 saylı müqavilə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıdan aldığı qazın dəyərini tam həcmdə ödəmədiyindən onun iddiaçı qarşısında öhdəlikləri qalmışdır. Həmçinin Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsinə görə iddiaçı tərəfindən itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehdən dəymiş ziyan tələb olunur.
39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın işdə olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər).
40. Kollegiya hesab edir ki, ikin iddia üzrə iddiaçı sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında Cavabdeh 4406,4 manat məbləğində borcunun yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin məbləğdə pulun tutulması hissəsində əsaslandıran, yəni cavabdeh Rəcəbzadənin məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir.
41. Belə ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqlarından QSSQ və dəmir sobanın olmasının qeyd olunan ünvanda mövcud olması sübut olunmamışdır.
42. Belə ki, iş materiallarında olan Azəriqaz” İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin 4.3-cü bəndindən də görünür ki, müqavilə bağlanarkən qeyd olunan ünvanda 1 ədəd PQ4 qaz avadanlığı olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı İB-i tərəfindən itirilmiş qazın bərpası ilə əlaqədar heablama aparılarkən ümumilikdə Cavabdeh 180 gün hesabı ilə, günlük 24 saat olmaqla dəymiş zərər hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasında itirilmiş qazın bərpası üçün 4406,4 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz.
43. Kollegiya bildirir ki, ilkin iddia üzrə cavabdehin evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin akt əsasında qeyd olunan ünvanda 4 qaz avadanlığın olması sübuta yetirilmir.
44. Belə ki, iş materiallarında olan İddiaçı İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 137768 saylı müqavilənin 4.3-cü bəndindən də görünür ki, müqavilə bağlanarkən qeyd olunan ünvanda 1 ədəd PQ4 qaz avadanlığı olmuşdur.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh qeyd olunan ünvanda 2 qaz avadanlığının, 1ədəd PQ4 qaz və 1 ədəd iran sobasının olmasının etiraf etməsini əsas götürüərək itirilmiş qazın bərpası ilə əlaqədar hesablamanı həmin qaz avadalıqlarına əsasən hesablanması ədalətli yanaşmadır.
46. Eyni zamanda kollegiya qeyd edir ki, hesablama aparılarkən akt üzrə orta günlük iş rejimi 24 saat olmaqla hesablanma aparılmışdır. Lakin məhkəmə qaz avadanlıqları üzrə orta günlük iş rejiminin PQ4 qaz sobası və iran sobası üzrə akt üçün 12 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Məhkəmə bir aya görə itirilmiş təbii qazın hesablanması qaydasını araşdıraraq hesab edir ki, dəymiş ziyan hesablanarkən istehlakçıya məxsus evdə 1 ədəd PQ-4 və iran sobasından istifadə olunduğu nəzərə alınmalıdır.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə bir ədəd PQ-4 qaz sobası və iran sobasına görə 972 kub metr (1.2x12x30=432 və 1.5x12x30=540) təbii qaz itkisi müəyyən olunması, 116,64 manat (972 x 0,12) məbləğində dəymiş zərər ilkin iddia üzrə cavabdehdən cavabdehdən alınıb İddiaçı İB-nə ödənilməsi ilə bağlı məhkəmənin qənaəti düzgün olmuşdur.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassızdır və təmin edilmə bilməz.
51. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyator özünə aid edilməlidir.
55. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2742/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.