Məhkəmə qərarları › İş №2(103)-7450/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7450/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7450/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Yasin oğlu tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş MPM-ə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, iddiaçı şikayətində sadəcə işin hallarını göstərmiş, prosessual hüquq normalarını sadalamış, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, hansı maddi hüquq normalarının pozulduğunu, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslarını məhz MPM-ə 2 saylı Əlavədə göstərilən qrafalara uyğun tərtib etməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3420/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Yasin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar