Məhkəmə qərarları › İş №2(103)-7454/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7454/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7454/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(011)-3661/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə verdiyi 5500 manat pulun qaytarılması, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş zərərin əvəzi kimi 630 manat və iddia ərizəsi verərkən ödədiyi 30 manat pulun, ümumilikdə 6160 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünü ona vəkil kimi tanıtmış, kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi barədə mülki işin aparılması üçün aralarında 13 yanvar 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh onların məlumatsızlığından və etibarlarından sui-istifadə edərək hələ məhkəmənin başlamadığı və kompensasiya məbləğinin təyin edilmədiyi halda, ödənişi daha tez etdikləri halda işlərin daha rahat gedəcəyi kimi yalan vədlər verərək onları aldatmış, kompensasiya məbləğinin 8000 manat olacağını bildirərək həmin məbləğdə pulu onlardan almışdır. İddiaçı tərəf olaraq müraciət etdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində 01 aprel 2019-cu il tarixində kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi barədə işə baxılaraq qətnamə çıxarılmış və kompensasiya məbləği 9000 manat məbləğində müəyyən edilmişdir. Qətnamənin icrası Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Kompensasiya məbləği onların Cavabdeh ödədiyi məbləğdən 1000 manat çox təyin edildiyindən, əlavə olaraq 1000 manat məbləğində pulu Cavabdeh vermişdir. Qətnamə 01 may 2019-cu il tarixində icraya yönəldilmiş olsa da, Cavabdeh tərəfindən ödənişin könüllü icra müddəti ərzində ödənilməməsi səbəbindən kompensasiya məbləğinin 7%-i həcmində, yəni 630 manat məbləğində məcburi icra xərci hesablanmışdır. Hesablanmış bu məbləğin 500 manat hissəsi onlar tərəfindən Cavabdeh verilmişdir. Onların çoxsaylı təkidləri nəticəsində Cavabdeh verilmiş pulun yalnız 4000 manat hissəsi geri qaytarılmış, qalan 5500 manat pul isə qaytarılmamışdır. Cavabdeh tərəfindən icranın yubadılmasına görə o 630 manat məcburi icra xərci ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(011)-3661/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(011)-3661/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yenə həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. İş materiallarından görünür ki, tərəflər arasında hüquqi xidmət göstərilməsinə dair 13 yanvar 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə məzmununa görə tapşırıq müqaviləsinə uyğun gəlir. 14 yanvar 2017-ci il tarixdə iddiaçı və onun atası Eldar Zərbiyev tərəfindən 13 yanvar 2016-cı il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsi üçün notarial qaydada təsdiq olunmuş etibarnamə verilmişdir. 28 yanvar 2017-ci il tarixdə Cavabdeh yazılı qəbz verərək İddiaçı mülki işin icraatı ilə əlaqədar 8000 manat pul aldığını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(010)-1134/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 tərəfindən cavabdehlər X2 və X1 9000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən X3 ünvanlanmış 6 iyul 2020-ci il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli 2(010)-1134/2019 saylı icra sənədinin icrası ilə əlaqədar kompensasiya məbləğindən 4000 manat ödənilmiş, qalan 5000 manat pul onun pensiyasına və əmək haqqına yönəldilmişdir. İddiaçı iddia ərizəsində və izahatında Cavabdeh 8000 manat, 1000 manat və 500 manat olmaqla cəmi 9500 manat pul verdiyini, həmin puldan 4000 manat hissəsinin Cavabdeh tərəfindən qaytarıldığını, 5500 manat hissəsinin isə qaytarılmadığını, icra sənədi vaxtında icra olunmadığına görə iddiaçı tərəfindən 630 manat məcburi icra xərci ödənildiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı cavabdehə 8000 manat məbləğində pul verməsini müvafiq qəbzlə sübuta yetirə bilmiş, qalan 1500 manat pulun verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında da qalan 1500 manat pulla bağlı hər hansı sübuta malik olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən tapşırıq müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı cavabdehə verdiyi pulu geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə 8000 manat məbləğində pul verilməsi və həmin pulun 4000 manat hissəsinin qaytarılması sübuta yetirildiyindən, 1500 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi təsdiq olunmadığından, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 630 manat məcburi icra xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb əsassızdır və kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçı tərəf icra sənədinin icrasının məhz cavabdehin təqsiri üzündən yubanması nəticəsində məcburi icra xərci ödəməyə məcbur olmasını sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddianı təmin etməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1500+630=2130 manat təşkil etməklə 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli e-2(011)-3661/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar