Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7456/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" Mənzil Tikinti Şirkəti ilə İddiaçı (payçı) arasında bağlanmış 16 noyabr 2017ci il tarixli N-11/15 nömrəli mənzil tikinti haqqında müqaviləyə əsasən şirkətə ayrılmış Bakı şəhəri, ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa edilmiş 4 mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təklif edir. Şirkət inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində 1 otaqlı 31 nömrəli mənzili payçıya təhvil verməyi öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 29 kv.metr olmaqla bir otaqdan ibarətdir, mənzilin dəyəri 18.000 (on səkkiz min) manat təşkil edir. Mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun şirkətə müvafiq mənzilə dair borcu qalmamışdır. Bu barədə payçıya şirkət tərəfindən müvafiq maliyyə arayışı təqdim edilmişdir. "xxxx" Mənzil Tikinti Şirkəti ilə İddiaçı (payçı) arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli mənzil tikinti haqqında müqaviləyə əsasən payçıya verilən 31 nömrəli mənzil 27 nömrəli mənzilə dəyişdirilərək müqavilədə dəyişiklik edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 313, 32.4, 313-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif cəzalara məhkum edilmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 18 000 (on səkkiz min) manat məbləğində əsas borcun, 2506,50 (iki min beş yüz altı manat əlli qəpik) manat məbləğində əldən çıxmış faydanın, ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 20 536,50 (iyirmi min beş yüz otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixdə Cavabdeh1 göstərişi ilə X3 baldızı X4, Cavabdeh2 və “X6” Açıq Səhmdar Cəmiyyətinin birgə müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanında ilkin olaraq 3 mərtəbə, üstü mansard 33 mənzildən ibarət bina inşa etdirilməyə başlandı. Cavabdeh1 məsləhəti ilə X7, baldızı X1 nümayəndəsi kimi binanın tikilməsində və mənzillərin satışı ilə bağlı bütün işlərin aparılması tapşırılmışdır. O da digər sakinlər kimi satış müdiri olan X5 yaxınlaşdı, tikilinin şərtləri ilə maraqlandıqdan sonra şərtlər onu qane etdiyinə görə oradan mənzil almaq qərarına gəlmişdir. Bakı şəhəri, ünvan 3 ünvanında inşa aparılan 1 nömrəli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasından, dəyəri 18.000 (on səkkiz min) manat olan 29 kv.metr, 31 nömrəli mənzilə görə 16 noyabr 2017-ci il tarixli 11/15 nömrəli müqavilə bağlayaraq, 18.000 (on səkkiz min) manat məbləğində pul vəsatini şəxsən ödəmişdir. Ona həmin pulun dəyərində olan mənzil üçün müqavilə və borcunun olmaması barədə maliyə arayışı təqdim edilmişdir. Sonradan 33 mənzilli binadan digər sakinlər iki evi alıb birləşdirdiyi üçün mənzilin sayı 30 olmuşdur. Beləliklə, ona verilən mənzil 31 mənzil 27-yə dəyişərək müqavilədə dəyişiklik etdilər. Beləliklə o təmir işlərini apara bilməsi üçün mütəmadi olaraq alaçağı evlə maraqlanırdı. Cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən və ondan aldıqları pulları qaytarmadıqlarından, onların barəsində şikayət edildi, cavabdehlərin ona və qeyrilərinə qarşı hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlıqları kimi qiymətləndirilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli hökmü ilə müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 313, 32.4, 313-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. Cinayət işinin ibtidai istintaq zamanı və iş məhkəmədə baxılan ərəfədə cavabdehlər ona vurduğu maddi ziyanın ödənilməsini təmin etməmişlər. Cinayət işi məhkəmədə baxılan zaman ona dəymiş maddi ziyanla bağlı cavabdehlərə mülki iddia verməmişdir. Göründüyü kimi, X3 16 noyabr 2017-ci ildə ondan 18.000 (on səkkiz min) manat məbləğində pul alması və həmin pulu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisinə istifadə etməklə, bu günədək ona qaytarmamaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X7, Cavabdeh1 və Cavabdeh2 oğu haqqındakı 04 fevral 2020-ci il tarixli ittiham hökmü ilə müəyyən edilmişdir. Bundan əlavə, cavabdehlərin ondan aldıqları 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitindən özü istifadə etməklə bu üç ilə yaxın müddət ərzində 4.000-5.000 manat məbləğinə pul qazana bilərdi. Lakin, cavabdehlərin vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığından istifadə edib, onun pulunu ələ keçirməklə və vaxtında qaytarmamaqla onu bu imkandan məhrum etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-2963/20) iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1. 386. 390, 449.1, 1091. 1092, 1096, 1097-ci maddələri, həmçinin "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməyib. İddia tələbi ilə bağlı məhkəmə prosesində yuxarıda göstərilən halların araşdırılması qətnamədə göstərilsə də, iş üzrə Cavabdeh1 məhkum edilməsinin iddiaçıya mənzil ayrılması ilə bağlı olmamasına, iddiaçının həmin cinayət işi üzrə X5 verilmiş ittiham üzrə zərərçəkmiş qismində tanınmasını nəzərə almamış, qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 390.1-ci, 449.1-ci, 567-ci, 1091-ci, 1092.1ci, 1093.1-ci, 1096.1-ci və 1097.1-ci maddələrinə istinad etməklə yanlış nəticəyə gələrək iddia tələbini tərəflər arasında bağlanılmış ("xxxx" Şirkəti ilə iddiaçı arasında bağlanılmış) 16 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən payçı tərəfindən mənzilə görə ödənilmiş 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qıznın xeyirinə müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)- 10/2020 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, mənzilə dair müqavilə cavabdehlərlə iddiaçı arasında bağlanmamış, həmin müqavilə cinayət işi üzrə təqsirləndirilən şəxs X3 etirafına görə "xxxx"şirkəti adından onun tərəfindən bağlanılmış, imzalanmış, Şirkətin möhürü ilə təsdiq edilmiş və müqavilədə göstərilən məbləğ onun tərəfindən alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
12. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir;
13. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər;
14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür,
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
18. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalıdır.
24. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-10/2020 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair müqavilə cinayət işi üzrə təqsirləndirilən şəxs X3 etirafına görə "xxxx" şirkəti adından onun tərəfindən bağlanılmış, imzalanmış, Şirkətin möhürü ilə təsdiq edilmiş və müqavilədə göstərilən məbləğ onun tərəfindən alınmışdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Qeyd edilən hökm ilə mənzilə dair müqavilənin iş üzrə məhkum edilmiş şəxs X7 ilə bağlandığı və 18000 min manat məbləğində pulu onun tərəfindən alınması öz təsdiqini tapmışdır. Belə olan halda hazırki iddia tələbi Cavabdeh1 qarşı irəli sürülməməli idi.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.).
28. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.
29. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə təmin edilməməlidir.
30. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.