Məhkəmə qərarları › İş №2(103)-7462/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7462/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7462/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2430/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayəti məhkəmənin 08 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarılmışdır. BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmənin həmin qərardadından şikayət verərək eyni zamanda qətnamədən şikayət vermə müddətinin bərpa olunması barədə ərizə də təqdim etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvafiq ərizə təmin olunmamış, bununla belə 08 avqust 2022-ci il tarixli qərardaddan verilən şikayətə münasibət bildirilməmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət, müddət ötürülməklə verildiyi əsas göstərilməklə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan verilən şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı QSC-nin elektron sisteminə 24 iyun 2022-ci il tarixində yerləşdirilməsi göstərilsə də, qətnamə xx.xx.2022-ci ildə elektron sistemdən çıxarış edilmiş və həmin tarixdə də daxil olma möhürü ilə təsdiq olunmuş, 03 avqust 2022-ci il tarixdə qətnamədən apelyasiya şikayəti verilmişdir. Bundan başqa, qətnamədən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin vəsatət təmin olunmamışdır. Qərardad iddiaçının elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, xx.xx.2022-ci ildə sistemdən çıxarış edilmiş, beləliklə də ondan şikayət vermə müddəti ötürülməmişdir. “Azərbaycan Respublikasında Elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 4.6-cı bəndinə əsasən, göndərənin göstərdiyi və ya tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində təsdiqləmə alınmamışdırsa, göndərən bu barədə alanı məlumatlandırır və təsdiqləmənin göndərilməsi müddətini təyin edir. Göstərilən müddətdə göndərən təsdiqləmə almadıqda, elektron sənəd göndərilməmiş sayılır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş, xx.xx.2022-ci il tarixli qərardaddan verilən şikayətə yenidən baxılması, eləcə də 08 avqust 2022-ci il tarixli qərardaddan verilən şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardaddan verilən şikayətə baxarkən şikayətçinin dəlillərinə heç bir qiymət verməmiş, qərardadını ümumiyyətlə əsaslandırmamış, hansı səbəblə müvafiq nəticəyə gəldiyi qeyri-müəyyən qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur; lazımi qaydada əsaslandırılmamış məhkəmə qərarı isə hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə qərarlarının əsaslandırılması xüsusi prosessual tələb kimi həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit olunur və Avropa Məhkəməsinin presedent hüququnu təşkil edir. Ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi ilə bağlı olan bu prinsip məhkəmə qərarlarında onların əsaslandığı dəlillərin kifayətedici tərzdə göstərilməsini tələb edir. Digər tərəfdən mülki işin materiallarından, qətnamədən iddiaçının nümayəndəsinin verdiyi apellyasiya şikayətinin məhkəmənin 08 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarıldığı, BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin həmin qərardaddan şikayət verdiyi, lakin bu şikayətə baxılmadığı aydın olur; halbuki Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2430/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, 06 sentyabr 2022-ci il tarixli qərardaddan verilən şikayətə yenidən baxılması, həmçinin 08 avqust 2022-ci il tarixli qərardaddan verilən şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar