Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7464/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Məhərrəmova, iş 2(001)-1638/2018) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 cəmi 335.184,05 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub “xxxx” KB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,40 ha torpaq sahəsinə və X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,1076 ha torpaq sahəsinə yönəldilməsi, 0,40 ha torpaq sahəsinin ilkin satış qiymətinin 240.000 manat, 0,1076 ha torpaq sahəsinin və orada yerləşən bağ evinin ilkin satış qiymətinin isə 170.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin daşınmaz əmlakın mülkiyyətçilərinə verilməsi, əmlaklar satıldıqdan 1 ay sonra cavabdehlərin oradan çıxarılmaları qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-V.Baxışova, R.Qurbanov və C.Yusifov, iş №2(103)-72/20) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən - ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətləri ilə bağlı hissədə dəyişdirilmiş, sahəsi 0,40 kv.metr olan torpaq sahəsinin ilkin satış qiymətinin 480.000 manat, sahəsi 0,1076 ha olan torpaq sahəsi və onun üzərində yerləşən bağ evinin ilkin satış qiymətinin isə 180.000 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər-İ.Xələfov, G.Quliyev, Z.Əliyev, iş №2(102)-5621/20) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 20.04.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsini alaraq apellyasiya şikayəti vermiş və müddətin buraxılmamış hesab olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermə müddəti buraxılmamış sayılaraq Cavabdeh2 Binəqədi Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından məlum olur ki, cavabdeh X2 mübahisələndirdiyi qətnamədən nəinki xəbərdar olmuş, hətta digər Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı qaydasında işin araşdırılmasında iştirak edərək iş üzrə icraatın dayandırılmasına dair vəsatət təqdim etmiş və məhz onun vəsatəti üzrə mülki işin icraatı dayandırılmışdır (İİ cild, i.v. 76-87). Belə olan halda, Cavabdeh2 tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmamış hesab edilməsi ağlabatan deyildir. Göründüyü kimi, cavabdehin əvvəllər apellyasiya baxışında icraatın dayandırılması barədə vəsatətlə çıxış etməsi, birinci instansiya məhkəməsinin qətnaməsindən xəbərdar olması məsələsi rayon məhkəməsi tərəfindən araşdırılmamış, birinci instansiya məhkəməsi əsas olmadan müddəti buraxılmamış hesab edərək apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmiş, həmçinin səlahiyyəti olmadığı halda, Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinin tələblərini pozaraq, apellyasiya instansiyası məhkəməsinin əvəzindən apellyasiya şikayətini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinin tələbinə görə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-1638/18 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-7464/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7464/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver