Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7466/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Müqabil qızının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə İddiaçı Müqabil qızının Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Müqabil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından 12.04.2014-cü il tarixdə Mədinə, 25.10.2017-ci il tarixdə Məcid adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, uşaqların onun himayəsinə verildiyini və yetkinlik yaşlarına çatanadək onların saxlanılması üçün cavabdehdən hər uşağa görə 154 manat aliment tutulduğunu, Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə “alimentin artırılması” tələbinin təmin olunmadığını, lakin Məcidin 3 yaşına çatmasınadək cavabdehdən əlavə 70 manat tutulmasının qərara alındığını, uşaqların artan təlabatları baxımından artıq aliment məbləğinin yetərli olmadığını bildirmiş, buna görə də aliment məbləğinin hər uşaq üçün 175 manata artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi ilə 12.04.2014-cü il təvəllüdlü X2 və 25.10.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı Müqabil qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 165 manat olmaqla cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Müqabil qızına ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, uşaqlar üçün yaşayış minumumunun 175 manat müəyyənləşdirildiyini, uşaqların bütün qayğılarının məhz onun üstündə olduğunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh isə 529 manat əmək haqqı aldığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, tərəflərin nikahlarından 12.04.2014-cü il tarixdə Mədinə, 25.10.2017-ci il tarixdə Məcid adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar iddiaçının himayəsinə verilmiş və yetkinlik yaşlarına çatanadək onların saxlanılması üçün cavabdehdən hər uşağa görə 154 manat aliment tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı “alimentin artırılması” tələbi təmin olunmamışdır. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nizami Rayon Məhkəməsi 27.09.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 308 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşaqların yaşını və onların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün artırılaraq 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin məbləğinə və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İşin hallarından aydın olur ki, Cavabdeh N saylı hərbi hissədə baş mekanik vəzifəsini icra edir və aylıq əmək haqqı 529,37 manat təşkil etməklə İddiaçı üçün aliment tutulmasından sonra 221,17 manat əmək haqqı alır. Cavabdehin aylıq qazancının məbləğini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği ədalətlidir və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə əsas təşkil etmir. Cavabdehin daha yüksək qazanc əldə etdiyi barədə apellyasiya şikayətində qeyd olunanlarla əlaqədar kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4376/2021 saylı iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7466/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7466/2021
29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver