Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7468/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(004)-1577/2020 saylı qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor “xxxxxxxxxxxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh oğlundan kreditorun xeyrinə mobil rabitə xidmətlərinə görə 1863,48 manat pulun və ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli e-2(004)- 10401/2018 saylı məhkəmə əmri ilə “xxxxxxxxxxxxxxxx” MMC-nin ərizəsi təmin edilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə borclu Cavabdeh oğlunun etirazı təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli e-2(004)-10401/2018 saylı əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixli abunə müqaviləsinə əsasən fakturalı xətt sisteminə aid Cavabdeh oğlunun istifadəsinə verilmiş 050 *** ** ** nömrənin xx xxxxxx 2018-ci il tarixli hesab-fakturasına aid izahlı fakturada əks olunan bütün zənglər məhz həmin nömrədən həyata keçirilmişdir. 050 *** ** ** nömrədən rominq xidməti çərçivisində xx xxxxxx 2017-ci il tarixində İtaliyanın “Vodafone” (Omnitel) operatoruna məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. Araşdırmalar zamanı, rominq və mobil internet xidmətləri ilə bağlı “xxxxxxxxxxxxxxxx” MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. Həmin nömrədə mobil internet və ya rominq xidmətlərindən istifadə imkanının dayandırılmasına dair cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxx” MMC-yə hər hansı müraciət daxil olmamışdır. 050 *** ** ** nömrədən xx xxxxxx 2017-ci il tarixində mütəmadi olaraq mobil internet xidmətindən istifadə edilmiş və tariflərə müvafiq olaraq da haqq hesablanaraq xx xxxxxx 2018-ci il tarixli fakturada öz əksini tapmışdır. Daha sonra xx xxxxxx 2017-ci il tarixində limit keçmə halı müşahidə edildiyinə görə nömrəyə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda 050 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Cavabdeh də həmin borcun yaranmasını “xxxxxxxxxxxxxxxx” MMC-yə təqdim etdiyi xx xxxxxx 2017-ci il tarixli müraciəti ilə təsdiq etmişdir. Belə ki, müraciətində cavabdeh mobil telefonun uşağının əlində olduğunu və bunu bilmədiyini, özünün xaricdə olduğunu, xx xxxxxx 2017-ci il tarixində internetdən istifadəyə görə külli miqdarda borcun yazıldığını bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə xx.xx.2017-ci il tarixli abunə müqaviləsi üzrə 50 *** ** ** nömrədən istifadəyə görə hesablanmış 1863,48 manat məbləğində əsas borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh oğlu apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yalnız iddiaçının dəlillərinə əhəmiyyət verilmiş, cavabdeh tərəfindən irəli sürülmüş və işin qanuni həllində xüsusi əhəmiyyətə malik faktlar qiymətləndirilməmişdir. Məhkəməyə şifahi vəsatət təqdim edilərək borcun hansı xidmətlərə görə (internet, danışıq və.s) hesablanması barədə məlumat təqdim edilməsinin iddiaçıdan tələb edilərək iş materiallarına əlavə edilməsi və buna qiymət verilməsi xahiş olunmuş, lakin iddiaçının nümayəndəsi bundan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə borcun yaranma əsasları ümumi olaraq göstərilsə də, hər hansı əsaslandırma yoxdur. Borcun hesablanması əsassızdır, çünki borc həqiqi sərfiyyata görə deyil, iddiaçı təşkilatla onun partnyoru arasında yaranmış problemdən qaynaqlanır. Belə olan halda öhdəliyin yaranması üçün əsaslar olmamış, iddiaçı tərəfindən cavabdehə qarşı öhdəliyin icrasından ibarət tələbin irəli sürülməsi əsassız olmuşdur. Məhkəmə isə bu hallardan heç birinə qiymət verməmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(004)- 1577/2020 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan sübutlardan görünür ki, İddiaçı” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən müqavilənin predmetini “AZERCELL” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, abunəçi tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir (müqavilənin 2.1-ci bəndi). Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir (4.1-ci bənd). Abunəçinin istifadəsində olan nömrədə hesablanmış xidmət haqları öz əksini hesab-fakturada tapır. Hesab-faktura hər faktura dövrünün sonunda kəsilərək, abunəçinin istəyi ilə təqdim oluna/göndərilə bilər (5.1-ci bənd) Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Birinci instansiya məhkəməsi Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə xx.xx.2017-ci il tarixli abunə müqaviləsi üzrə ********* abonent nömrəli telefondan istifadəyə hesablanmış 1863,48 manat məbləğində əsas borcun tutulması nəticəsinə gələrkən Mülki Məcəllənin 442-ci maddəsinə istinad etsə də, tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, Cavabdeh oğlunun istifadəsində olan 050 *** ** ** nömrədən rominq xidməti çərçivəsində xx xxxxxx 2017-ci il tarixində İtaliyanın “Vodafone” (Omnitel) operatoruna məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur ki, bu da onu deməyə əsas verir ki, həmin vaxt abunəçiyə telekommunikasiya xidmətləri “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən deyil, “Vodafone” (Omnitel) şirkəti tərəfindən göstərilmişdir. Nəzərə alınsa ki, “Azercell” mobil operatorundan istifadə edən abunəçiyə Azərbaycan Respublikasından kənarda digər mobil operatorlar tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “xxxxxxxxxxxxxxxx” MMC ilə xaricdə yerləşən müvafiq şirkət (hazırki halda “Vodafone” (Omnitel) şirkəti) arasında müqavilə olması zəruridir ki, belə olan təqdirdə yalnız abunəçiyə xarici operator tərəfindən göstərilən xidmət haqqının “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən ödənildiyini təsdiq edən sübut olduğu halda onun abunəçiyə reqres hüququ yarana bilər. Belə ki, mülki hüquqda reqres hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarından göründüyü kimi, “xxxxxxxxxxxxxxxx” MMC “Vodafone” (Omnitel) şirkətinə abunəçi Cavabdeh oğluna xarici operator tərəfindən göstərilən xidmət haqqının ödənilməsini təsdiq edən hər hansı sənədi nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apelyasiya baxışı zamanı təqdim edə bilməmişdir ki, bu da verilmiş iddianın qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasa söykənmədiyinə dəlalət edir. Göstərilən xüsusatları nəzərə almayan birinci instansiya məhkəməsi sadəcə “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş cari hesab arayışı ilə kifayətlənərək AR Mülki Məcəlləsinin maddi hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ərizə verilərkən ödənilmiş 20 manat dövlət rüsumu “xxxxxxxxxxxxxxxx” MMC-yə aid edilməli, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2(004)- 1577/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ərizə verilərkən ödənilmiş 20 manat dövlət rüsumu “xxxxxxxxxxxxxxxx” MMC-yə aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7468/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7468/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver