Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7477/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 10 min ABŞ dolları məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış və cavabdehdən 9.000 (doqquz min) ABŞ dolları məbləğində vəsaitin Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manat ekvivalentində iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-3785/19) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-1327/20) Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia təmin edilmiş, Cavabdeh 9000 (doqquz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, Ə.Əliyev və M.Əhmədova, iş № 2(102)- 3845/20) Cavabdeh kassasiya şikayəti təmin olunaraq apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə Moskva şəhərində olarkən dostluq etdiyi Cavabdeh onunla telefon əlaqəsi quraraq "Binə” ticarət mərkəzində 24 kv. metr ölçüdə mağaza satıldığını bildirmiş və onu şərikli qaydada almağı təklif etmişdir. İddiaçı bununla əlaqədar poçt vasitəsi ilə Rusiyadan 10.000 ABŞ dollarını cavabdehə göndərmiş, sonuncu isə əlavə vəsait qoymaqla qeyd olunan mağazanı aldığını və öz qohumunun adına müvəqqəti rəsmiləşdirilməsini qeyd etmişdir. Buna baxmayaraq cavabdeh nə mağazanın alınmasını təmin etməmiş, nə də iddiaçının pulunu qaytarmamışdır. İddiaçı, xx xxxxxx 2016-ci il tarixdə Bakı şəhər prokurorluğuna müraciət edərək cinayət işinin başlanılmasını xahiş etmişdir. Polis orqanı tərəfindən araşdırma aparılmış və nəticədə Nəsimi RPİ-nin 21-ci PB-nin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda cavabdehə qarşı cinayət işinin başlanılması o əsasla rədd edilmişdir ki, cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçmişdir və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh tərəf xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı borcun qaytarılmasına dair hazırkı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı tərəfin 2008-ci ildə poçt vasitəsi ilə hər hansı pul vəsaitinin cavabdehin ünvanına göndərilməsini təsdiq edən bildiriş və ya qəbz mövcud deyildir. Əgər pul verilmişdirsə həmin pulun hansı məqsədlə verilməsi halı göstərilməmişdir. Tərəflər arasında işlərin və xidmətlərin hansı müddətə görülməsi və yekunlaşması barədə yazılı və şifahi əqd forması mövcud deyildir. Sübutetmə vəzifəsi iddaçının üzərinə düşdüyü üçün razılaşmanın uzunmüddətli olmadığı şərtini sübuta yetirilmiş formada məhkəməyə təqdim etməlidir. Həmçinin 2008-ci ildən sonra tərəflər arasında mütəmadi və sıx əlaqələr mövcud olmuşdur. Bu halı təsdiq edən müxtəlif sübutlar göstərmək və həmçinin şahidlər dindirmək olar. Yaxın ailə dostları olan tərəflər bir-birlərinin toy və yas məclislərində iştirak etmişlər. Daim ünsiyyətdə olan bu şəxslərin 8 illik müddət ərzində pulun nəyə xərcləndiyini və işlərin nə yerdə olduğunu müəyyənləşdirməmələri sadəcə olaraq ağılasığmaz bir hərəkət kimi qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmış, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili G.Baxşıyeva məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi borcun qaytarılması barədədir və o, bu tələb üzrə cavabdehdən onun xeyrinə 9000 ABŞ dollarının məzənnə üzrə manatla tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək onun əsassız olduğunu bildirmiş və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək həmin əsasla iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 389.1, 390.1-ci maddələrinə istinad edərək mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etmiş və elə bu əsasla da iddianı rədd etmişdir. Məhkəmə işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh arasında şifahi razılıq əldə olunmuş və “Binə” ticarət mərkəzində 24 kv.m ölçüdə mağazanın satın alınması məqsədilə birinci tərəfindən ikinciyə 9.000 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçı tərəf müvafiq pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmadığını əsas gətirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, öncəliklə həmin pul vəsaitinin iddiaçıya qaytarıldığını bildirmiş, daha sonra isə ərizə verərək iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi daha sonra müəyyən etmişdir ki, mübahisələndirilən pul vəsaiti Cavabdeh verildikdən sonra, yəni 2008-ci ildən 2016-cı ilədək onlar arasındakı münasibətlər davam etmiş, iddiaçı həmin pul vəsaitinin qarşılığında “Binə” ticarət mərkəzində yerləşən mağazanın alınmadığından xəbərdar olsa da 11 il ərizndə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəflərin Moskva şəhərində dəfələrlə görüşdüyünü, hətta cavabdehin onun toy mərasimində iştirak etdiyini, habelə 2008-ci ildən sonra, yəni mağazanın alınması ilə bağlı müvafiq razılıq əldə olunduqdan sonra da şərikli olaraq təndirxana işlətdiklərini inkar etməmişdir. Bütün bu hallar sübut edir ki, İddiaçı mağaza almaq məqsədilə Cavabdeh verdiyi 9.000 ABŞ dolları məbləğində pul vəsaitinin məqsədli təyinatına uyğun olaraq istifadə olunmadığından 2016-cı il tarixinə qədər də xəbərdar olmuş, lakin müvafiq pul məbləğinin geri qaytarılması barədə iddia tələbi ilə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri, o cümlədən hazırkı mübahisənin şifahi müqavilə ilə bağlı münasibətlərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia müddətinin axımının başlandığı 2008-ci il tarixdən 11 il ərzində iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli və iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir. Əvvəlki apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia təmin olunsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apelyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında işə baxaraq bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ali Məhkəmənin iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə iddia müddəti başa çatdıqdan sonra borcun etirafı barədə hərəkətlər iddia müddətinin axımını kəsə bilməz. Çünki müddətin axımının kəsilməsindən o vaxt söz gedə bilər ki, müddətin axımı başa çatmamış olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsində nəzərdə tutulan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə “nə qədər borcu qalırsa onu dərhal qaytaracağına” söz verməsi barədə izahatlar nəzərdə tutulmur. Bu normada borcun etirafı barədə hərəkətlər dedikdə həmin məbləğin bir qisminin ödənilməsi, borcun əvəzi olaraq əmlak verilməsi, borcun qismən də olsa ödənilməsi ilə bağlı və.s hərəkətlər nəzərdə tutulur. Borclu tərəf müddət məhdudiyyəti qoymadan hər vaxt borcunu etiraf edə bilər, lakin bu müddətin kəsilməsi kimi başa düşülməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Ali Məhkəmənin qərarında qeyd olunduğu kimi, 2008-ci ildə pul məbləği verilmiş, yazılı razılaşma olmamış, iddiaçı 2019-cu ildə 10.000 ABŞ dolları tələbi irəli sürmüş, sonra heç bir izahat vermədən tələbi azaldaraq 9000 ABŞ dolları tələb etmişdir. Pulun verilməsindən 11 il ötdükdən sonra kimin-kimə nə qədər borclu olması ilə bağlı sübutları tapmaq, və yaxud hansısa tərəfdən sübut təqdim etməyi təklif etmək, tələb etmək, onların mötəbərliyini yoxlamaq həm çətin və həm də qeyri-mümkündür. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7477/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7477/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver