Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-748/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, borcun tutulması) hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-3971/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 21,74 % ödəmək şərtilə 10.000 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməy barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 21% olmaqla cərimə faizi ödəyir.
2. İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21-01 saylı zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
3. İddiaçı ASC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
4. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 2 iş günü ərzində ödənilməsi, əks təqdirdə vaxtından əvvəl olaraq kredit müqaviləsinin ləğv ediləcəyi və bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 8.735,29 manat əsas, 1.297,42 manat faiz, 156,16 manat cərimə borcu olmaqla, cəmi 11.788,87 manat məbləğində borcun və ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinə əlavə təqdim edərək, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 8.511,41 manat əsas, 1.148,62 manat faiz, 1.756,16 manat cərimə borcu olmaqla, cəmi 11.416,19 manat məbləğində borcun və ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 014/İK-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, TuranBank ASC və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, № 014/İK-21 saylı və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, № 014/İK-21-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 21% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3971/2022 saylı qətnaməsi ilə (hakim İ.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli, İK №014/İK-21 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8.511,41 manat, faiz borcuna görə 1.148,62 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 9.960,03 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 125,37 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sənədlər əsasında hesab etmişdir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etmədiyindən onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcu hissəsində bank tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir.
11. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, cərimə hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış cərimənin məbləği azaldılaraq kredit müqaviləsi üzrə 300 manat məbləğində müəyyən edilməlidir.
12. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 423.2, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 462.1, 467, 472.1, 472.2, 739.2, 743-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iş üzrə kredit borcunun məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarını mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, qeyd edilən maliyyə arayışları üzrə əks etdirilmiş rəqəmlər və aparılmış hesablamalar reallığı əks etdirməsə də, məhkəmə tərəfindən bu maliyyə arayışı araşdırılmamış və beləliklə məhkəmə qətnaməsi ilə cavabdehlər üzərinə real borcu əks etdirməyən miqdarda borc öhdəliyi qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi və bildirdi ki, qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən təqribən 4.600 manat məbləğində ödəniş edilmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırki işdə cavabdeh apellyasiya şikayətində qətnaməni tutulmuş kredit borcunun məbləğinə aid hissəsində mübahisələndirdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 9/451 saylı ekspert rəyinə əsasən iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, İK 014/İK-21 saylı kredit müqavilsinin şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 8.511,41 manat, faiz borcu üzrə 1.153,61 manat. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə 4.624,63 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında qoyulmuş sualda konkret tarix soruşulduğundan həmin ödənniş hesablama zamanı nəzərə alınmamışdır.
27. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləği təsdiq edilmiş, faiz borcunun məbləği isə tələb ediləndən çox olmuşdur.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcununun məbləğini iddiaçı tərəfindən tələb olunan məbləğdə müəyyən etməkdə haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği hesablanarkən tənasüblük qorunmamış, bu səbəbdən hesablanmış cərimənin məbləği azaldılaraq kredit müqaviləsi üzrə 300 manat məbləğində müəyyən edilməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə iddiaçıya ödənilən məbləğ qətnamənin icra mərhələsində həll olunan məsələdəir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 3971/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh1 aid edilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov