Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7483/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(011)-4613/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9 adlı uşağı olmuşdur. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2511/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdurlar, həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Sonradan Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur, qızı öz yanında qalmış, cavabdehdən hər ay 60 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Dəfələrlə alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamə ilə aliment artırılaraq 154 manat müəyyən edilmişdir. Hazırda qızının 16 yaşı var, həmin pul onun heç bir tələbinə kifayət etmir, uşağın saxlanması xərcləri günü gündən artır, cavabdeh əlavə pul ödəmir, qızı həmçinin ağır skolioz əməliyyatı keçirib, İİ qrup əlildir, məsrəfləri çox artmışdır, hər ay onun müyinə və müalicələri üçün xeyli vəsait lazım olur, xərcləri tək başına qarşılaya bilmir, cavabdeh alimenti belə vaxtı-vaxtında ödəmir, qızının bütün ehtiyacını özü qarşılayır, cavabdeh uşağa lazımı qayğı və diqqəti göstərmir. 5.Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir, Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə olan nikahları pozulmuş, qızı iddiaçının himayəsində saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan iddiaçının xeyrinə uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 154 manat məbləğində aliment tutulması qət edilmişdir, vaxtlıvaxtında alimenti ödəyir, lakin iddiaçı onun qızı ilə ünsiyyət qurmasına, onunla görüşməsinə maneələr yaradır, qızı ilə görüş vaxtının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir, müvəqqəti təminat tədbiri barədə qərardadla uşaqla müvəqqəti görüş vaxtı müəyyən edilmişdir, iddiaçı hazırda bu qərardaddan şikayət vermişdir, iddia tələbini 190-200 manat miqdarında qəbul edir, 300 manat miqdarında aliment ödəmək imkanı yoxdur. İddiaçının onun imkanları, əmlakları barədə iddiası əsassızdır, düzdür, əvvəllər ATV kanalda işləsə də, hazırda 1 idir ki, işləmir, hazırda yeni ailə qurmuşdur, evlidir, təzə evlilikdən 7 yaşında oğlu var, qızı Gülşənin adına mənzil almışdır, iddiaçı da uşağın əlilliyinə görə 200 manat məbləğində pensiya alır, bu səbəbdən iddia tələbini qəbul etmir, deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(011)-4613/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhriyar Əliyev) iddia təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2511/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, cavabdeh X8 37 (otuz yeddi) manat 52 (əlli iki) qəpik dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2511/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 8.AZ-İİİ seriyalı 714251 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 fevral 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, onun valideynləri - atası Cavabdeh, anası X6r. 9.AZ-İ seriyalı, 143575 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X11 arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə 04 iyun 2011-ci il tarixdə qeyd edilmişdir. 10.Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/12/2023 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci və 5 manat poçt xidmət xərcini ödəmişdir. 11.“Ege Hospital” Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X7 onurğanın döş nahiyəsinin İV dərəcəli idiopatik skoliozu diaqnozu qoyulmuşdur. 12."xxxx" MMC rentgenoloji nəticədən görünür ki, 2007-ci il təvəllüdlü Qasımli Gülşənə onurğa sütununun grade 2 skoliozu, bazu-çiyin qurşaqlarında və qalça daraqlarında assinmetriya, aşağı bel fəqərələrinin osteoxondrozu diaqnozu qoyulmuşdur. 13.“Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 500 manatdır. 14.“Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh adına 3 mənzil, 1 fərdi yaşayış evi, 2 qeyri-yaşayış sahəsi olmaqla, cəmi 6 daşınmaz əmlak qeydə alınmışdır. 15.“Elektron məhkəmə” informasiya sistemindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində həkim vəzifəsində işləyir, əmək haqqı 518 manatdır. 16.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, uşaq ananın himayəsindədir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2511/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmuş 154 manat aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onun əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, xx.xx.2007-ci il təvəllüdlü X7 onurğanın döş nahiyəsinin İV dərəcəli idiopatik skoliozu diaqnozu qoyulmuşdur, iddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində həkim vəzifəsində işləyir, əmək haqqı 518 manatdır, cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 500 manatdır, onun adına 3 mənzil, 1 fərdi yaşayış evi, 2 qeyri-yaşayış sahəsi olmaqla, cəmi 6 daşınmaz əmlak qeydə alınmışdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. 17.Məhkəmə qeyd etmişdir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. 18.Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, təhsilini, sağlamlıq vəziyyətini, müalicəyə ehtiyacı olmasını, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, əmək haqqını cavabdehin aylıq gəlirini, onun əmlak vəziyyətini–adına 6 daşınmaz əmlak qeydə alınmasını nəzərə alaraq, cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir. 19.Məhkəmə həmçinin qeyd etmişdir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu (146 manat x 12 ay) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 37,52 manat məbləğində dövlət rüsumu alınmalıdır. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34-cü maddəsinin İV hissəsinə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 112.1:“Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27-ci maddəsinin 2-ci bəndinə:“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19: “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa: Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2, 9.4: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 112.1.3, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 21.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh yeni ailəsinə, yəni həyat yoldaşının və azyaşlı övladının maddi cəhətdən təmin edilməsi, məişət xərclərinin ödənilməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirir. Xətai Rayon Məhkəməsi qətnamə qəbul edərkən bu xüsusu nəzərə almamış, işə qərəzli yanaşmışdır. 2023-ci il üçün yaşayış minimumu haqqında qanuna görə ölkədə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat təşkil edir. Məhkəmə bu xüsusatla əlaqədar da qərəzli yanaşma sərgiləyərək, obyektiv reallığı nəzərə almamışdır. Məhkəmə cavabdehin adına 3 evin olmasını iddia etmiş, həmin evlərin nə olmasını isə araşdırmamışdır. Beləki evlərdən biri Ucar rayonunda yerləşir və baxımsızlıqdan əmlak vəziyyətini idirmişdir. Digər ev mərhum anasından vərəsəlik qaydasında qalsa da, həmin evin də əsaslı təmirə ehtiyacı var və hal-hazırda həmin evdə Cavabdeh səhhətində problem olan bacısı Salahova Mehparə Xidmət qızı, öz azyaşlı övladı ilə yaşayır. Məhkəmə bu kimi halları araşdırmadan, obyektiv və subyektiv xüsusları ədalətli şəkildə dəyərləndirmədən qətnamə qəbul etməklə kobud prosesual pozuntu törətmişdir. Məhkəmə cavabdehin adına qeydiyyatda olduğu iddia edilən daşınmaz əmlakın ikisinin isə istifadəyə yararsız qaraj yeri olduğuna fikir verməmiş, beləliklə, sübutları düzgün qiymətləndirməmişdir. Həmçinin, Cavabdeh, övladı X4 gələcəyi üçün, 2017-ci il tarixində borc-xərc taparaq Masazır qəsəbəsində, yeni Nəfəs MTK-dan daxili ipoteka ilə mənzil almışdır, həmin ev Gülşən azyaşlı olduğuna görə, İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı 2021-ci il tarixində həmin evi sataraq özünə maşın almışdır. Göründüyü kimi, İddiaçı birgə nikahdan olan Gülşən Qasımlının baxılması üçün xərclər yox, öz xərcləri narahat edir. Xətai Rayon Məhkəməsi bu xüsusları da araşdırmadan qətnamə qəbul etmişdir. Nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s. dəlillər Xətai Rayon Məhkəməsinə təqdim edilsə lakin, məhkəmə həmin sənədləri iş materiallarına əlavə etməyib və bu səbəbdən də həmin sənədlər hal-hazırda apellyasiya şikayətinə əlavə edilməklə təqdim edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 25.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respüblikasının Konstitusiyası: 26.Maddə 17-nin İİ bəndi. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 27.Maddə 34-ün İV bəndi. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 28.Maddə 75.1 və 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 29.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 30.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 31.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 32.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 37.Maddə 384.0.3.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Mülki işin müəyyən olunmuş mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9 adlı uşağı olmuşdur. Məhkəmə qətnaməsi əsasında tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2511/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 41.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 42.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 43.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 44.Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını cəmi 154 manat alimentin uşağın heç bir tələbinə kifayət etməməsi, uşağın saxlanması xərclərinin günü gündən artması, cavabdehin əlavə pul ödəməməsi, qızının həmçinin ağır skolioz əməliyyatı keçirib, İİ qrup əlil olması, məsrəflərinin çox artması, hər ay onun müyinə və müalicələri üçün xeyli vəsaitin lazım gəlməsi, xərcləri tək başına qarşılaya bilməməsi, cavabdehin alimenti belə vaxtı-vaxtında ödəməməsi, qızının bütün ehtiyacını özünün qarşılaması və cavabdehin uşağa lazımı qayğı və diqqəti göstərməməsinə əsaslanmaqla tələb etmişdir. 45.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. İddiaçı işləməklə, aylıq 518 manat əmək haqqı alır. 46.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2511/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun xeyrinə aliment artırılaraq cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2018-ci il üçün 154 manat nəzərdə tutulmuşdur. 2023-cü ildə bu məbləğ 220 manat təşkil edir. 47.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 48.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 49.Apellyasiya şikayətinə əlavə edilmiş AZ-İ seriyalı 932430 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2014-cü il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. 50.Həmçinin Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X13 adlı övladları olmuşdur. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin ikinci dəfə nikaha daxil olması və himayəsində ikinci nikahdan xx.xx.2015-ci il təvəllüdlü X13 adlı daha bir azyaşlı övladının olmasını diqqətəlayıq hal hesab edərək qeyd edir ki, alimentin miqdarının müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. 52.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını cavabdehin himayəsində ikinci nikahdan daha bir azyaşlı övladının olmasını nəzərə alaraq alimetnin miqdarının 250 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 53.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci dəfə nikaha daxil olması və himayəsində azyaşlı övladının olması onun uşaqlarını saxlamaq vəzifəsindən azad etmədiyi kimi, birinci nikahdan olan övladına görə də aliment ödəmək vəzifəsindən azad etmir. 54.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, işin faktiki hallarını tam araşdırmamış, buna görə də, sabit pul məbləğində alimentin miqdarı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. 55.Beləliklə, qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(011)-4613/2023 saylı qətnaməsi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməli, alimentin miqdarı 250 (iki yüz əlli) manat müəyyən edilməlidir. 56.Kollegiya həmçinin qeyd edir ki, məhkəmə xərcləri qanunvericiliyin tələblərinə uyğun qaydada həll edilmişdir. 57.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(011)-4613/2023 saylı qətnaməsi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilsin, alimentin miqdarı 250 (iki yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-7483/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7483/2023
20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver