Məhkəmə qərarları › İş №2(103)-7487/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7487/2022

05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7487/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2022 saylı işi üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün 250 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh və onun vəkili-nümayəndəsi isə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə övladı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimenti cavabdeh hər ay vaxtlı-vaxtında artıqlaması ilə iddiaçıya ödəmişdir. Həmçinin, o, xx.xx.2017-ci il tarixdə X6 ilə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, bu nikahlarından xx.xx.2018- ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. O, hazırda "xxxx" QSC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Onunla birlikdə əmək qabiliyyəti olmayan valideynləri də yaşayır. Bundan başqa, iddiaçı hazırda işləyir və aylıq əmək haqqı alır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2022 saylı işi üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112.1-ci, Mülki Məcəllənin 213. 220, 225-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 233.4 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa istinadən) qismən təmin edilmiş, aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək xeyli müddət keçməsi, artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşağın lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Eyni zamanda, cavabdehin 300 manat və 350 manat olmaqla iki müxtəlif iş yerində işləməsi onun gəlirlərinin özünün bildirdiyi qədər az olmadığını müəyyənləşdirməyə əsas verir. Bundan başqa, cavabdeh uşağın gündəlik tərbiyəsində iştirak etmədiyini bildirmişdir, bu da uşağın əslində bir valideyn - ata qayğısından tamamilə məhrum böyüməsi mənasına gəlir. Uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən - cavabdehdən tutulmasına əsas ola bilər.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : -Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016- cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh ilə Zərbəliyeva (nikahdan sonra Rzayeva) Əfsanə Tofiq qızı arasında 27 mart 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 180 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 23 noyabr 2012-ci il tarixdə doğulmuş X9 anası X2 yanında saxlanılması, 23 noyabr 2012-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh sabit pul məbləğində hər ay 120 manat alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir; - "AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən Cavabdeh işəgötürən X16 tərəfindən (VÖEN: **********) aşbaz vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 300 manat təşkil edir; -"AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən, həmçinin, Cavabdeh işəgötürən "Siti-Keyterinq” QSC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir; - 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 184354 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X7 qeyd edilmişdir;- - "Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 3 nömrəli qadın məsləhətxanasının xx.xx.2022-ci il tarixli 43 №-li arayışına əsasən, X7 19 həftəlik hamiləlik diaqnozu ilə qeydiyyatdadır(5-17, 36-38, 49). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3460/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası KM-nin xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası AM-nin xx.xx.2016-cı il tarixli qərarına, Ailə Məcəlləsinin 78.1, 78.2, Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində İddiaçı cavabdehə qarşı heç bir sübutu olmayan izahatını qeyd edərək, buna istinad etsə də, iddiaçının izahatında özünün işləməsi və aylıq 250 manat əmək haqqı almasını bildirməsini qətnamədə qeyd etməmiş, ümumiyyətlə bu hala heç toxunmamışdır. Həmçinin məhkəmə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemiı əsasən Cavabdeh işəgötürən X16 tərəfindən aşbaz vəzifəsinə qəbul edilərək, aylıq əmək haqqının 300 manat təşkil etdiy halını müəyyən edərkən, cavabdeh məhkəmə iclasında əvvəllər həmin işdə işlədiyini, hazırda həmin yerdə işləmədiyini, həmin halın yalnız elektron olaraq qaldığını bildirsə də məhkəmə bunu nəzərə almamış, işin obyektiv halına düzgün qiymət verməmişdir. müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimenti hər ay vaxtlı-vaxtında artıqlaması ilə iddiaçıya ödədiyini, dəfələrlə uşağını görmək və onun tərbiyəsində iştirak etmək üçün getsə də, iddiaçı və valideyni tərəfindən buna məhkəmə iclasında açıqlanması qeyri-mümkün olan manelər törədildiyini bildirmişdir. İddiaçının özü də məhkəmə iclasında qeyd elədi ki, ona uşağın tələblərinin ödənilməsi üçün əlavə olaraq köməklik göstərmişdir. Buna baxmayaraq məhkəmə yenə də heç bir əsası olmadan onun uşağın tərbiyəsində iştirak etmədiyini göstərmişdir. Həmçinin ailə qurmağı, başqa bir uşağının olmasını, hazırkı ailədən ikinci uşağının dünyaya gələcəyi və işlədiyini və sabit məbləğdə əmək haqqı aldığını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də məhkəmə bunları da nəzərə almamışdır. Məhkəmə qətnaməsində hazırda artmış həyat standartları və istehlak qiymətlərini, uşağın böyüməsini, uşağın ehtiyaclarının səviyyəsini əsas götürməklə tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul etmişdir. Lakin bu hallara həm uşağa münasibətdə, həm də valideynlərə münasibətdə birtərəfli yanaşmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə proses iştirakçılarının izahatları:

6. Сavabdeh apellyasiya şikayətinə uyğun izahat verməklə, 350 manat əmək haqqı aldığını, ikinci dəfə ailə qurduğunu, həmin nikahdan bir övladının olduğunu və ikinci övladının da dünyaya gələcəyini, ilk nikahından olan övladını gedib görmədiyini bildirmişdir. 7.İddiaçının nümayəndəsi X5 cavabdehin uşaqla maraqlanmadığını, ondan artıq bir şey istəmədiklərini, dövlətin qoyduğunu məbləği tələb etdiklərini bildirmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 81, 99, 112; Mülki Prosesual Məcəllənin 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

10. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

11. Məcəllənin 78-ci maddəsinə müvafiq olaraq Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

12. Məcəllənin 112-ci maddəsinə müvafiq olaraq: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

13. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, apellyasiya şikayətində qeyd edilən dəlillər valideynin övladı qarşısında olan vəzifələrinin daha yüksək səviyyədə həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119cu maddəsinə əsasən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3460/2022 saylı işi üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar