Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7491/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “xxxx” ilk iddiasına, cavabdehin iddiaçı MMC-yə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə, iddiaçı MMC-nin vəkili (nümayəndəsi) Vəkil2, cavabdehin özünün, cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı MMC, cavabdehdən tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 360.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti (Karl Marks prospekti-Böyük Şor küçəsi, 13) ünvanında ümumi sahəsi 13.206,7 kv.metr olan torpaq sahəsi İddiaçı MMC-nin (əvvəlki adı “xxxx” ASC) mülkiyyətindədir. 2004-cü ildə Cavabdeh yuxarıda qeyd edilən ərazinin bir hissəsini qanunsuz olaraq zəbt etmiş, orada 4 təsərrüfat obyekti və 1 mərmər sexi inşa etdirib, icarəyə vermişdir. Obyektlər 2004-cü ildən bu günə kimi 12 il ərzində icarəyə verilmişdir. Hər bir obyektdən ayda 500 manat miqdarında icarə haqqı əldə edilməsi nəzərə alınarsa cavabdeh 12 il müddətə iddiaçı MMC-yə məxsus torpaq sahədən ümumilikdə 360.000 manat məbləğində gəlir əldə etmişdir. Həmin ərazi MMC-yə məxsus olduğundan cavabdehin əldə etdiyi gəlir cavabdehdən MMC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsi əsasında Rayon Məhkəməsində hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh, iddiaçı MMC-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 170.000 manat, mənəvi zərərin əvəzi olaraq 200.000 manat məbləğində pulun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı MMC-ya məxsus torpaq sahəsini zəbt etməmiş və MMC-yə zərər vurmamışdır. Əksinə, iddiaçı MMC tərəfindən cavabdehə maddi və mənəvi zərər vurulmamışdır. Belə ki, cavabdeh, iddiaçı MMC-nin mübahisəli sahə kimi qələmə verdiyi və Böyük Şor küçəsi-13 ünvanında yerləşən 2.000 kv.metr torpaq sahəsinin mülkiyyətçisidir. Buna baxmayaraq MMC-nin əməkdaşları 2016-cı ilin noyabr ayının 13-dən 14-nə keçən gecə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinə ağır texnika ilə qanunsuz olaraq özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin 75 metr uzunluğunda olan daş hasar uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda icarədarlara məxsus olan əmlaklar da yararsız hala salınmışdır. Bunun nəticəsində cavabdehə külli miqdarda maddi zərər dəymişdir. Həmçinin artıq bir neçə aydır ki, cavabdeh həmin ünvanda yerləşən və mülkiyyətində olan sahələri digər şəxslərə icarəyə verə bilməmiş, nəticədə ona maddi zərər dəymişdir. MMC tərəfindən cavabdehə vurulmuş maddi zərər ümumilikdə 170.000 manat təşkil edir. Bundan başqa MMC-nin yuxarıda qeyd edilən qanunsuz hərəkətləri cavabdehə iztirablar və sarsıntılar verməklə mənəvi zərər vurmuşdur. Cavabdeh ona vurulmuş mənəvi zərəri 200.000 manat məbləğində qiymətləndirir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata götürülərək ilk iddia ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə (İş № 2(008)-1078/2017) ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı MMC-ya vurduğu zərərin əvəzi kimi əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 273.600 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-1095/2018) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ilk iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın tam həcmdə ləğv edilməsini, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı (İş № 2(102)-3911/2018) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki iş yeni apellyasiya baxışına göndərilməsini qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli (İş № 2(103)-9245/2018) qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-1227/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki iş yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli (İş № 2(103)-241/2020) qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı (İş № 2(102)-4636/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və mülki iş yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır. Göstərilən səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə bir daha yenidən baxılır. Məhkəmə bildirir ki, qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin əsaslarına və məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 həmçinin bildirdi ki, iddiaçı MMC cavabdehi xəbərdar etmədən cavabdehə məxsus tikililəri sökmüşdür. Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Bundan başqa işə baxmış məhkəmələr nəzərə almamışlar ki, ekspertiza tərəfindən cinayət iş üzrə verilmiş rəy əsassızdır. O özü və təmsil etdiyi cavabdeh ekspertizanın rəyi ilə razı deyillər. Çünki məhkəmə mübahisəsi başladıqdan sonra iddiaçı MMC mübahisəli əraziyə dair sənədləri yeniləmiş, ekspert də yeni sənədlərə dair rəy vermişdir. Halbuki ekspert ilkin quruluşa görə tədqiqat aparmalı idi. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və habelə qarşılıqlı iddia ərizəsinin əsaslarına və məzmununa uyğun izahat verdilər. O, əlavə olaraq bildirdi ki, cinayət işi üzrə iki dəfə ekspertiza keçirilib. Cavabdeh tərəf ekspert rəyini əsassız adlandırsa da, bu halı təsdiq edə biləcək sübutları təqdim etmir. Rəyləri şübhə altına ala biləcək hallar mövcud deyil. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia tələbi qismən təmin olunsa da, iddiaçı MMC qətnamədən apellyasiya şikayəti verməmiş, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə verdiyi apellyasiya şikayətində ilk iddianın bir qisminin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 003880 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 13.206,7 kv.metr torpaq sahəsi “xxxx” ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən” verilmiş xx.xx.2012-ci il tarixli “xxxx” surətindən görünür iddiaçı MMC reyestrdə qeydiyyata alınmış, qurumun əvvəlki adı “xxxx” ASC olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı “xxxx” surətindən görünür ki, Nərimanov rayonu, Böyük Şor küçəsi 13 ünvanında yerləşən 1.345 ha torpaq sahəsi iddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 003787 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki. Nərimanov rayonu, Böyük Şor küçəsi 13 ünvanında yerləşən 2.000 kv.m torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir (bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, 17.********** saylı məktubunda da öz təsdiqini tapmışdır). Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X4, X9, X7, X3 və X2 (cavabdeh) Cavabdeh torpaq sahəsini zəbt etməsi barədə 17-ci Polis Bölməsinə etdikləri şikayət ərizələri əsasında xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 188.7-ci maddələri ilə cinayət işi başlanmışdır. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh və digər şəxslərin əməlində cinayət tərkibi yoxdur. Bu səbəbdən də, cinayət işi üzrə icraata xitam verilir. Qeyd edilən bu qərardan aşağıdakılar göstərilir: 1) İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2013-cü ilin dekabr ayında o, şəriki X9 ilə birlikdə ünvan 1 ünvanında Cavabdeh məxsus olan torpaq sahəsinin 410 kv.metr ərazisini aylıq 500 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən o, Raqif Səfərovla şərikli olaraq icarəyə götürdükləri ərazidə hər biri 70 kv.m olan 2 yüngül konstruksiyalı tamet istehsalat sexi, hər biri 15 kv.m olan 2 qurutma sobaları, ərazisi təxminən 40 kv.m olan anbar tikmişlər, 1 ədəd 12 kv.m və 1 ədəd 20 kv.m ərazisi olan ümumilikdə iki ədəd konteyner alaraq ofis düzəltmişlər, sexlərin içərisini tamet istehsal etmək üçün lazım olan avadanlıqlarla təchiz etmişlər, eyni zamanda ofisləri də lazımi avadanlıqlarla təchiz edərək orada tamet məhsullarının satışını həyata keçirmişlər. İcarəyə götürdükləri obyekt Cavabdeh məxsus ümumi sahəsi 2.000 kv.metr olan torpaq sahəsinin tərkibində yerləşməklə 4 tərəfdən də daş hasarla hasarlanmışdır. Torpaq sahəsinin sağ tərəfində yerləşən ərazidə isə başqa şəxslər tərəfindən tikinti işləri aparılmışdır. Onların işlətdikləri obyekt torpaq sahəsinin giriş hissəsindən 10 metr məsafədə sağ tərəfdə başlayaraq, uzunluğu təxminən 30 metr olmuşdur. Obyektin arxa tərəfi isə Cavabdeh torpaq sahəsinin hasarına birləşdirilmişdir. Onlardan başqa həmin torpaq sahəsində Xəqani Babayev adlı şəxsə məxsus mərmər və dam örtükləri satılan obyekt və Sənubər Əliyevaya məxsus mərmər qranit materiallarının satışı obyektləri yerləşmişdir. Hər 3 obyekt torpaq sahəsinin giriş darvazasından sağ tərəfdə yan-yana yerləşmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində qonşu torpaq sahəsində tikinti işləri aparan “xxxx” MMC-nin işçiləri onlara, icarəyə götürüb işlətdikləri torpaq sahəsinin əslində Cavabdeh deyil, MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazini boşaltmalarını tələb etmişlər. Lakin Cavabdeh onlara, heç nədən narahat olmamalarını və qonşu torpaq sahəsində aparılan tikintinin sahibi ilə danışmasını bildirmişdir; 2) İstintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X1 Kardaşevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir; 3) Zərər çəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2016-cı ilin may ayında ünvan 1 ünvanında sahəsi 133 kv.metr ərazini aylıq 400 manat ödəmək şərtilə icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən icarəyə götürdüyü ərazidə yüngül konstruksiyalı materiallardan mağaza tikmiş və orada mərmər-qranit və dam örtüklərinin satışı ilə məşğul olmuşdur. Onun icarəyə götürdüyü obyekt Cavabdeh məxsus ümumi sahəsi 2.000 kv.metr olan torpaq sahəsinin tərkibində yerləşirmiş və Cavabdeh məxsus olan torpaq hasarla hasarlanmışdır. Torpaq sahəsinin sağ tərəfində yerləşən ərazidə isə başqa şəxslər tərəfindən tikinti işləri aparılırmışdır. Onun işlətdiyi obyekt torpaq sahəsi giriş qapısından sağ tərəfdə başlayır, uzunluğu təxminən 10 metr olmuşdur. Obyektin arxa tərəfi isə Cavabdeh torpaq sahəsinin hasarına birləşdirilmişdir. Ondan başqa həmin torpaq sahəsində Səlimxan Kardaşev və Raqif Səfərov adlı şəriklərə məxsus tamet sexləri və Sənubər Əliyevaya məxsus mərmər qranit materiallarının satışı obyektləri yerləşir. Hər 3 obyekt torpaq sahəsinin giriş darvazasından sağ tərəfdə yan-yana yerləşdirilmişdir. O, 7 ay, hər ay Cavabdeh 400 manat icarə haqqı ödəyərək dam örtükləri mağazasını işlədirmiş və orada heç bir problemlə üzləşməmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində qonşu torpaq sahəsində tikinti işləri aparan “xxxx” MMC-nin işçiləri onlara, icarəyə götürüb işlətdikləri torpaq sahəsinin əslində Cavabdeh deyil, MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazini boşaltmalarını tələb etmişlər. Lakin Cavabdeh onlara, heç nədən narahat olmamalarını və qonşu torpaq sahəsində aparılan tikintinin sahibi ilə danışmasını bildirmişdir; 4) Cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən və Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı MMC-nin direktoru X2 göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən MMC-yə məxsus olması müəyyən edilmişdir. Bununla yanaşı istintaq zamanı sökülmüş torpaq sahəsi üzərində tikinti materiallarının satışı ilə məşğul olan icarədarlar, yəni X5, X3, X9 və X8 istintaqa ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər və cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. İşin halları ondan ibarətdir ki, Böyük Şor küçəsi 13 ünvanda yerləşən 1,2345 kv.m torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətində, həmin ərazidə yerləşən 2.000 kv.m torpaq sahəsi isə Cavabdeh mülkiyyətindədir. Həmin ünvanda yerləşən torpaq sahəsinin bir hissəsində bir sıra obyektlər iddiaçı MMC tərəfindən sökülmüşdür. İddiaçı MMC bildirir ki, söküntü işləri aparılan torpaq sahəsi ona məxsusdur. Həmin hissə cavabdeh tərəfindən zəbt olunmuş və orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdehdən həmin ərazini boşaltması xahiş olunmuş, lakin o heç bir tədbir görməmişdir. Buna görə də MMC məcburiyyət qarşısında qalaraq həmin ərazidə yerləşən obyektləri sökmüşdür. 2004-cü ildən bu günə kimi 12 il ərzində cavabdeh oranı icarəyə vermiş və hər bir obyektdən ayda 500 manat icarə haqqı əldə etmişdir. Bununla da iddiaçı MMC 12 il müddət ərzində cəmi 360.000 manat gəlirdən məhrum olmuşdur. Cavabdehin iddiaya etirazı və qarşılıqlı iddia tələbinin əsasları ondan ibarətdir ki, o, iddiaçı MMC-yə məxsus hər hansı torpaq sahəsini zəbt etməmiş və həmin təşkilata heç bir zərər vurmamışdır. Əksinə, iddiaçı öz hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, 2016-cı ilin noyabr ayının 13-dən 14-nə keçən gecə MMC-nin əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin MMC-nin əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasar uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda ayrı-ayrı icarədarlara məxsus olan əmlaklar da tam yararsız hala salınmışdır. Bunun nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir. Eləcə də artıq bir neçə aydır ki, həmin ünvanda yerləşən obyektləri digər şəxslərə icarəyə verə bilmədiyi üçün fayda əldə edə bilmir. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran məsələ söküntü işləri aparılmış sahənin kimə məxsus olmasıdır. Yuxarıda qeyd edilən cinayət işinin istintaqı zamanı istintaq orqanın qərarı əsasında təyin edilmiş tikinti-texniki və torpaqşünaslıq ekspertizasını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2017ci il tarixli, 6044 saylı rəyindən görünür ki, iddiaçı MMC-nin mülkiyyətində **********62 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış 1,2345 ha torpaq sahəsi var. Lakin həmin ərazidə Cavabdeh mülkiyyətində torpaq sahəsinin olması barədə heç bir məlumat yoxdur. İddiaçı MMC, mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində mövcud vəziyyət üzrə 1,1648 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. MMC-nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0.0467 hektarı Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 15269 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********03 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı MMC-nin və Cavabdeh faktiki istifadəsində olan torpaq sahələrinin müvafiq olaraq MMC-nin mülkiyyətində olan 1,2345 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan 2.000 kv.m torpaq sahəsinin ölçü və koordinatları ilə mülkiyyət sənədləri üzrə 45 kv.m hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqat nəticəsində mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kv.m torpaq sahəsinin 45 kv.m hissəsinin Cavabdeh, qalan hissəsinin isə MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexi fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Məhkəmə bildirir ki, hazırda tərəflər arasında mübahisə doğuran məsələ ilə bağlı müxtəlif vaxtlarda verilmiş ekspert rəylərindən görünür ki, iş üzrə iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən istifadə olunur. İş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli (İş № 2(102)-4636/2020) qərarındakı göstərişlərlə və əlavə ekspertizanın keçirilməsi ilə bağlı cavabdehin Cavabdeh vəsatəti ilə bağlı Məhkəmə qeyd edir ki, Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Böyükşor küçəsi 13 ünvanındakı və MMC-nin mülkiyyətində olan 1,2345 ha torpaq sahəsindəki 7.280,6 kv.metr ölçülü olan əmlak kompleksi kimi müəssisə üzərində həmin MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatı xx.xx.2017-ci il tarixli **********62-12301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. İlkin hüquqmüəyyənedici sənədlərdə sözügedən torpaq sahəsinin ölçüsü 1,3207 ha olaraq göstərilsə də, çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə 0,0862 ha fərq yaranmışdır. Torpaq sahəsi üzrə yaranmış fərqin 0,0387 ha hissəsinin yolun genişlənməsi, 0,0475 ha hissəsinin isə ilkin texniki pasport tərtib olunan zaman sahənin düzgün hesablanmaması ilə bağlı olduğu müəyyən edilmişdir. Sorğuya cavab məktubundan aydın olur ki, iddiaçı MMC-nin adına sonuncu qeydiyyat xx.xx.2017-ci il tarixdə aparılmış və hazırda onun mülkiyyətində olan faktiki sahə 1,2345 ha-dır. Dövlət ehtiyacları üçün alınmış sahə 0,0387 ha, ilkin texniki pasport tərtib olunan zaman sahənin düzgün hesablanmaması ilə əsassız nəzərə alınmış sahə 0,0475 ha təşkil edir ki, həmin hissələr (0,0387 ha və 0,0475 ha) də 12345 ha sahəyə daxil deyil. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilən xx.xx.2019-cu il tarixli 15269 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı iddiaçı MMC-yə məxsus 1,2345 ha torpaq sahəsinin koordinatları daxilində aparılmışdır. Göstərilənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, ekspert tədqiqatı hər bir halda iddiaçı MMC-yə məxsus sahənin koordinatları daxilində aparıldığı üçün, həm xx.xx.2004-cü il tarixdə verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, həm də daha sonra dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış da 1,2345 ha torpaq sahəsinə iddiaçı MMC-nin hüququnu təsdiq etdiyi üçün cavabdehin etirazları ekspert rəyini şübhə altına almaq üçün əsas deyil. Beləliklə, cavabdehin əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə etirazları əsaslı deyil, cavabdeh ekspert rəyini şübhə altına alan başqa hallara dair sübutlar təqdim etməmişdir. İddiaçı tərəf isə iş üzrə keçirilmiş ekspert rəyi ilə razıdır. Qeyd olunanları və ekspertizanın rəylərinin şübhə altına alınması üçün hər hansı əsasların olmadığını nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Ekspertiza rəyi ilə Cavabdeh tərəfindən iddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexinin fəaliyyət göstərdiyi müəyyən olunur. Cavabdeh da həmin torpaq sahəsində obyektlərin olduğunu və onları müxtəlif şəxslərə icarəyə verərək, gəlir əldə etdiyini qarşılıqlı iddia ərizəsində etiraf etmişdir. Həmçinin Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdən Nərimanov rayonu, Böyük Şor küçəsi 13 ünvanında Cavabdeh məxsus olan torpaq sahəsinin 250 kv.metr ərazisini aylıq 1.000 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən o, icarəyə götürdüyü ərazidə mərmər-qranit satışı ilə məşğul olmağa başlamışdır. Yuxarıda qeyd edilən cinayət işinin istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin dekabr ayında şəriki X10 ilə birlikdə Böyük Şor küçəsi 13 ünvanında Cavabdeh məxsus olan torpaq sahəsinin 410 kv.metr ərazisini aylıq 500 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. İstintaq zamanı iş üzrə digər zərərçəkmiş şəxs qismində dindirilmiş X7 istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin may ayında Böyük Şor küçəsi 13 ünvanında Cavabdeh məxsus olan torpaq sahəsinin 133 kv.metr ərazisini aylıq 400 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Ondan başqa həmin torpaq sahəsində Səlimxan Kardaşev və Raqif Səfərov adlı şəriklərə məxsus tamet sexləri və Sənubər Əliyevaya məxsus mərmər qranit materiallarının satışı obyektləri yerləşmişdir. Hər 3 obyekt torpaq sahəsinin giriş darvazasından sağ tərəfdə yan-yana yerləşdirilmişdir. İstintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X4 birinci instansiya məhkəməsinin iclasında şahid qismində verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə, qeyd olunanlarla tam təsdiq olunur ki, 2004-cü ildən 2016-cı ilin noyabr ayına qədər Cavabdeh iddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edərək, ticarət və istehsal obyektləri kimi ayrı-ayrı şəxslərə və müxtəlif qiymətlərə (400, 500, 1.000 manat) cəmi 1.900 manata icarəyə vermiş və 12 il ərzində ümumilikdə (12 ay x 1.900 = 22.800 x 12 il =) 273.600 manat məbləğində gəlir əldə etmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci, 1091-ci və 1092-ci maddələrinə əsasən həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Çünki, həmin maddələrinin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). Məhkəmə cavabdehin vicdanlı olub-olmaması ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişləri ilə bağlı, həmin məsələyə qiymət verərək, qeyd edir ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli ərazi üzrə cavabdehin vicdanlı olmadığı mübahisəsiz haldır. Çünki daşınmaz əşyaya hər hansı bir hüquq rəsmi reyestrdə qeydiyyata alınmadan şəxsin ona sahiblik etməsi və ondan istifadə etməsi onun vicdanlı əldə edən olmadığına dəlalət edir. Daşınmaz əşyaya hüquqlar rəsmi reyestrdə qeydə alındığı andan yaranır (Mülki Məcəllə; maddə 139.1.). Hazırki iş üzrə cavabdehin mübahisəli əmlakla bağlı hər hansı hüququnun rəsmi reyestrdə qeydiyyata alınmadığı hazırki iş üzrə mübahisə doğurmur. Bu baxımdan cavabdehin həmin əmlakdan vicdanlı istifadə etməsindən söhbət gedə bilməz. Eyni zamanda Məhkəmə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tələblərinə əsasən pulun tutulması qənaətinə gəldiyi üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik kəsici müddətin ötürülüb-ötürülməməsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı tərəf bildirir ki, 2016-cı ilin oktyabr ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları MMC-yə məxsus torpaq sahəsinə baxış keçirdikdən sonra torpaq sahəsinin zəbt olunmasından məlumat almışdır. Həmin vaxta qədər mübahisəli ərazi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Bu mənada Məhkəmə hesab edir ki, iddiaçı MMC iki illik kəsici müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddiaya dair kollegiya qeyd edir ki, ki, qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2019-cu il tarixli, 15269 saylı ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilməmiş, cavabdeh tərəfindən MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m hissəsinin faktiki istifadə edildiyi həmin sahədə daş sexinin fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bundan başqa, yuxarıda qeyd edilmiş xx.xx.2017-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərara əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin üzərində tikinti materiallarının satışı ilə məşğul olan icarədarlar, yəni S.Əliyeva, R.Səfərov, X.Babayev və S.Kardaşev istintaq orqanına ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçı MMC tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, əgər ona ziyan vurulubsa bu ziyanın MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmasının təsdiqi barədə sübutları təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya zərər dəydiyini hesab etməyə əsaslar yoxdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxıcının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin qalan hissəsi, yəni ilk iddianın bir qisminin rədd edilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7491/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7491/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver