Məhkəmə qərarları › İş №2(103)-7492/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7492/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7492/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması barədə mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili Nümayəndə2ın iştirakı ilə, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(008)-5885/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh 13 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətə kredit xətti açmağı xahiş etmiş, kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul etmişdir.

2. 11 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 4500 manat məbləğində əsas, 396,28 manat faiz və 9,09 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 4905,37 manat məbləğində borcu mövcuddur.

3. Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinin 01 may 2023-cü il tarixli qərarına əsasən Cavabdeh özünü bank əməkdaşı kimi təqdim edən Aysel adlı qadının ona mlbil telefonla zəng edərək "xxxx" Kommersiya Bankı tərəfindən ona verilmiş bank kartının məlumatlarını əldə edərək ümumilikdə 4233 manat məbləğində pulu çıxarmaqla ona ziyan vurması faktı üzrə cinayət işi icraata qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində əsas, 396,28 manat faiz və 9,09 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 4905,37 manat və 68,97 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2022-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27,60% ödəmək şərtilə 3800 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" X4 Səhmdar Cəmiyyətinə 11 avqust 2023-cü il tarixinə 4500 manat məbləğində əsas, 396,28 manat faiz və 9,09 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 4905,37 manat borcu yaranmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e- 2(008)-5885/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

6. Qətnamənin əsaslarına görə, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab etmişdir ki, iddia tələbi tələb edilən əsas, faiz və cərimə borcu məbləği hissəsində əsaslıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 462.1, 465.2, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, cavabdeh 2022-ci ilin iyun ayında iddiaçıya debet kartı almaq üçün müraciət etmiş, 12 iyun 2022-ci ildə kuryer vasitəsilə kart ona təqdim edilmişdir. Bir neçə gündən sonra mobil tətbiqə daxil olduqda cavabdeh orada pul vəsaitinin olmasını görmüş və “Leobank”ın qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir, Leobankdan cavabdehə bildirilmişdir ki, ona kredit ayrılmışdır və onu hansı şərtlərlə qaytarılması cavabdehə telefonla çox qısa şəkildə izah edilmişdir, lakin həmin puldan onun imtina edə biləcəyi barədə heç bir izah verməmişlər. Halbuki cavabdeh nə şifahi, nə də yazılı şəkildə kredit ayrılması barədə iddiaçıya müraciət etməmişdir. Cavabdeh həmin vəsaitin 1000 manatını istifadə etmiş və qaynar xəttdə bildirilən vaxtda karta qaytarmışdır, o zaman vəsait bir qədər də artmış və cavabdeh həmin vəsaitdən istifadə edərək yerinə qoyduqda vəsait yenə artmış və 4500 manat məbləğinə çatmışdır. xx.xx.2022-ci ildə saat 10:20-də özünü Leobankın əməkdaşı kimi təqdim edən Aysel adlı şəxs Cavabdeh bankla cavabdeh arasında olan bütün məxfi məlumatlarını söyləmiş, həmin Aysel adlı şəxs köçürülən məbləği, o günə qədər olan əməliyyatları, qeydiyyatdan keçdiyi günədək olan əməliyyatları, qeydiyyatdan keçdiyi tarixi, cavabdehin mail.ünvanını, hətta mobil tətbiqə daxil olma şifrəsini belə doğru söyləmişdir. Hesabında olan məbləği də doğru qeyd edərək sığortalanma məqsədilə cavabdehə kod göndəriləcəyini və həmin kodu da Aysel adlı şəxsə söyləməyi xahiş etmişdir. Bu qədər doğru məlumatları söylədiyinə görə cavabdeh bank işçisi ilə danışdığına inanmış və telefona gələn 8 rəqəmli kodu həmin şəxsə söyləmişdir. Bu zaman cavabdehin hesabında olan 4223 manat məbləği silinmişdir. Cavabdeh Leobankla *7773 nömrəsi ilə əlaqə saxladıqda Leyla adlı əməkdaş cavab vermiş və problemi ona bildirdikdə qeyd edilən şəxs cavabdehə problemin müvafiq şöbəyə yönləndirildiyini və 2-3 dəqiqə ərzində cavabdehə zəng olunacağını bildirmişdir. Cavabdeh 10 dəqiqə gözlədikdən sonra yenidən qeyd edilən nömrəyə yığdıqda özünü Qabil və ya Qalib kmi təqdim edən şəxs cavabdehin həmin gün Leobanka zəng etmədiyini, Leobankda Leyla adlı şəxsin ümumiyyətlə işləmədiyini bildirmişdir. Cavabdeh ona zənginin sistemdə qeydə alınmalı olmasını bildirərək etiraz etdikdə bir neçə dəqiqə sonra həmin Leyla adlı şəxs ona gizli nömrədən zəng edərək hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət görərək telefonu bağlamışdır. Cavabdeh vəziyyəti belə gördükdə Leobankın baş ofisinə (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 1/15) getmiş, Leobankın əməkdaşları onun şikayətini dinləyərək onu müvafiq səlahiyyətli şəxslərlə görüşməyi üçün küçədə gözləməyi təklif etmişlər. O, küçəyə çıxdıqdan 5 dəqiqə sonra isə qapını açaraq cavabdehə bildirmişlər ki, onu heç kim qəbul etməyəcəkdir. Bunu görən cavabdeh elə həmin gün – xx.xx.2022-ci ildə Suraxanı rayon RPİ-yə ərizə ilə müraciət edərək naməlum şəxs tərəfindən bank kartından 4223 manat vəsaitin çıxarıldığını bildirmiş və məsələnin araşdırılmasını xahiş etmişdir, həmçinin xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankına da ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü ildə Suraxanı RPİ tərəfindən faktla bağlı ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və hazırda ibtidai araşdırma davam edir. Habelə iddiaçı Mərkəzi Banka olan xx.xx.2022-ci il tarixli cavabında oferta şərtlərinə görə kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri yəni cavabdehin məsuliyyət daşıyacağını bildirməklə kartından çıxarılmış vəsaitin kim tərəfindən çıxarılmasının araşdırılmasından imtina etmişdir. Halbuki bank tərəfindən kartdan pulun çəkilərək hansı karta yönəlməsi, köçürülməsi çox asanlıqla müəyyən edilir, belə ki, bankda olan sistemdə pulun kartdan çıxarılaraq hansı karta köçürülməsi aşkar görünür. İddiaçı qeyd edilən məsələni araşdırmaq əvəzinə, cavabdeh tərəfindən kartdan çıxarılmayan və kartdan götürülməyən, cavabdeh tərəfindən başqa karta köçürülməyən pul vəsaitini cavabdehdən tutmaq üçün Sabunçu rayon məhkəməsinə müraciət etmiş və Sabunçu rayon məhkəməsi də iddiaçının iddiasını kobud qanun pozuntuları ilə təmin etmişdir. Belə ki, əvvəla tərəflər arasında heç bir kredit və ya borc müqaviləsi mövcud deyildir. İddiaçı Leobank Mərkəzi banka ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, “oferta şərtlərinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri məsuliyyət daşıyır”. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamışdır, belə ki, cavabdeh iddiaçı ilə kredit müqavilə bağlamamış, kredit sifariş etməmiş, kartına onun razılığı və sifarişi olmadan göndərilmiş pul vəsaitindən istifadə etməmiş, faiz və dəbbə pulunu ödəmək öhdəliyini öz üzərinə götürməmişdir, iddiaya qəbul etməkdən imtina etməli olduğu və ya iddia icraatı qaydasında baxmalı olduğu halda kiçik iddia icraatında baxmışdır. Məhkəmə tərəfindən cavabdehin iddiaçı ilə kredit müqaviləsi bağlamağı, cavabdehin kreditindən istifadə edib- etməməsi, faizlərin və dəbbə pulunun, habelə əsas borcun məbləğinin düzgün və əsaslı olub-olmaması kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Həmçinin, cavabdehin iddiaçı qarşısında kredit, faiz, dəbbə pulu öhdəliklərinin mövcud olması məhkəmə tərəfindən müəyyən edilmiş, lakin sübuta yetirilməmişdir, belə ki, öhdəlikləri təsdiq edən müqavilə, dəbbə pulu və ya faizin məbləğini məhz iddiaçının göstərdiyi məbləğdə olmasını təsdiq edən ekspertiza rəyi mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.

12. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı bütövlükdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İşin halları ilə müəyyən olunur ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh imzaladığı “Ərizə - anket və imza nümunəsi” adlı sənədə əsasən sonuncu təsdiq etmişdir ki; 1) ... "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə, barəmdə məlumatların ASAN-Finans portalından və Kredit Bürosundan əldə əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olmuşam, elektron formada analoq imza ilə təsdiq etmişəm və razıyam; Həmin ofertanın nüsxəsini mənə məxsus mobil telefonumda yüklənmiş mobil əlavədə əldə etmişəm və onun bütün şərtlərini qəbul edirəm; Bütün öhdəliklərimi vaxtı – vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyəm. 2) ... Xahiş edirəm ki, mənə 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətdə kredit xətti ayırasınız. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edirəm. Tərəfimdən kredit limitinin azaldılması və artırılması ilə bağlı Banka müraciət edəcəyim halda bu barədə Bankın qəbul edəcəyi müvafiq qərarla razıyam. Bankın mülahizəsinə görə mənə ayrılmış kredit xəttinin azaldılması və artırılmasına razılıq verirəm.

19. Cavabdeh imzaladığı “Ərizə - anket və imza nümunəsi” adlı sənədə əsasən şərtlərini qəbul etdiyi Bank xidmətlərinin təqdim edilməsinə dair 29 dekabr 2021-ci il tarixli Ümumi Ofertanın: 5.1. “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30% dərəcəsinədək bir neçə dəfə 10000 manatadək və 60 aylıq kredit limti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. ... 5.2. Bu müqavilə üzrə kreditin illik faiz dərəcəsi maksimum 34,02% təşkil edir. 5.5.1. Ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş saylır.

20. Beləliklə yuxarıda qeyd olunan sənədlərin məzmunu ilə təsdiq olunur ki, iddiaçı tərəfindən ünvanlanmış ofertanın cavabdeh tərəfindən aksept olunmaması barədə göstərilən dəlillər əsassızdır, "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit verilmişdir.

21. Şikayətin borc məbləğini özünün sərf etməməsi, yəni kartdan çıxarmaması və hər hansı bir karta göndərməməsi, iradəsinə zidd olaraq bank kartından çıxarılması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, müqavilə şərtlərinə əsasən bu halda məsuliyyət borcalanın üzərindədir. Həmçinin, ərizəsi əsasında açılmış cinayət işi üzrə hər hansı bir şəxsin (şəxslərin) cinayət törətməsi sübuta yetirilərsə, cavabdehin həmin şəxslərə qarşı mülki iddia irəli sürmək hüququ vardır.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(008)- 5885/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, e-2(008)- 5885/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar