Məhkəmə qərarları › İş №2(103)-7493/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7493/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7493/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sahiblik, istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)- 1618/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İddiaçı 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququ tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsi, 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mənzil almaq istəyirdi, bir çox tikilən binalara baxsa da, "xxxx" MMC-nin Yasamal rayonunda inşa etdiyi yüksək mərtəbəli binadan almaq qərarına gəlmişdir. Daha doğrusu, tanışları da həmin binadan mənzil almağı ona məsləhət bilmişlər. Binaya baxmış, onu qane etdiyinə görə razılaşaraq həmin MMC-nin işçisi ilə görüşmüşdür. O, ondan tələb olunan sənədləri təqdim etmişdir. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilin almaq barədə razılığa gəlmişlər. Bundan sonra, MMC-nin rəhbərliyi ilə 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləni imzalamış, mənzilin dəyəri olan 119850 manatı 30 aprel 2020-ci il tarixdə tam ödəmişdir. Buna görə ona arayış da verilmişdir. Tərəflər arasında bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqavilənin şərtlərinə əsasən MMC Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 141 kv.m.-dən ibarət olan 3 otaqlı mənzili, xarici tərtibatla, daxili arakəsmələr hörülməklə, mənzilə elektrik enerjisi, qaz, su, kanalizasiya ana xətlərinin alıcıya təhvil verməyi, alıcı isə hər kv.m.-nə görə 850 manat ödəməyi şərtləndirmişlər. O, üzərinə götürdüyü öhdəliyi müqavilə bağlanan zaman tam icra etmişdir. Lakin, qeyd olunanlara baxmayaraq cavabdeh qanunvericiliyin normalarını pozaraq mənzili payçı iddiaçıya təhvil verməkdən imtina edir. Bu barədə dəfələrlə şifahi müraciətlər etməsinə baxmayaraq müraciətlərinə müsbət cavab ala bilməmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi həm bağlanmış müqavilədə, həm də ona təqdim edilmiş 30 aprel 2020-ci il tarixli arayışda göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1618/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, həmçinin göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən məlum olur ki, mənzilin hər kv.m. 850 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə ilə mənzilin dəyəri 119.850 manat təşkil edir. Lakin, 4.4-cü bənddən görünür ki, payçı mənzilin dəyərində yaşayış binasında mərmər qranit işlərini görəcəkdir. Müqavilənin 4.4-cü bəndi açıq-aydın müqvilənin digər bənləri ilə uzlaşmır, ziddiyyət təşkil edir. Həmin bəndi doğru sayılarsa mənzilin hər kv.m dəyəri 850 yox, 1700 manat olmalı idi. Həmçinin, mənzilin dəyəri də 119.850 manat deyil, 239.700 manat olmalı idi. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, müqavilə hüquqşünas deyil mühasiblər tərəfində tərtib olunmuşdur. Müqavilə xanımın adına yazılıb, lakin mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Əvvəla, müqavilə mühasiblər tərəfindən hazırlanmışsa orada yuxarıda qeyd edilən riyazi hesablamalarda qətiyyən səhvə yol verməzdilər. Bundan başqa, müqavilə iddiaçı ilə bağlanmışdır, cavabdehin nümayəndəsi bildirir ki, mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Başqa, şəxsin və ya şəxslərin yaşayış binasında hansı işlərin görməsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Bundan başqa, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin dəyəri olan 119.850 manat ödənilmişdir. Qeyd edilənlərdən görünür ki, müqavilənin 4.4-cü bəndi 4.1.və 4.3cü bəndlərinə ziddir. Lakin, məhkəmə qeyd edilənlərə əhəmiyyət verməmiş və buna görə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, mənzilin bir kvadrat metri üçün ən bahalı ödəniş demək olar ki iddiaçı ilə bağlanmış müqavilədə göstərilmişdir, cavabdeh tərəf həmin müqavilənin mühasiblər tərəfindən tərtib edilməsini, müqavilədə qüsurlar olmasını eləcə də başqa müqavilədə istinad olunan işlərin həyata keçirilməsinin ola bilərki başqa şəxsə aid edilməsi barədə izahatına birinci instansiya məhkəməsi qiymət verməyərək, iddia tələbini əsassız olaraq rədd etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı ali təhsilli şəxs olmuşdur və real deyil ki, iddiaçı müqaviləni tam oxumamış imza etmişdir. MMC-nin bağladığı müqavilələr hamısı bu formada olmuşdur. Ola bilsinki MMC-ilə başqa bir şəxs arasında razılaşma olmuşdur ki, müəyyən işləri görsünlər, iddiaçı da həmin şəxsin təqdim etdiyi şəxsdir. Hazırda iddiaçının müqaviləsində olan bəndə uyğun olaraq 8000-10000 manat dəyərində mərmər artıq döşənib, lakin qalan hissəni icra etmək üçün vaxt istənilib. İzahatında həmçinin bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilən hüquqşunas tərəfindən deyil, mühasibat tərəfindən tərtib edilmişdir, məhz buna görə də texniki yanlışlığa yol verilərək, mənzilin dəyərinin tam olaraq ödənilməsi müqavilədə göstərilmişdir. Hesab etmişdir ki, həmin qeyd yanlışlıq kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan 162003 saylı, 30.04.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 141 kv.m olan, 162 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 850 manat təyin edilir. Cəmi 141 kv.m sahəsi üçün 119850 manat təşkil edir. 4.2-ci bəndə əsasən bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilib. Bundan əlavə həmin müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir. 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. İş materiallarında olan 30.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbədə ümumi sahəsi 141 kv.m olan, 162 saylı mənzil izolə olunmuş 3 otaqlı mənzilinin dəyərini 30.04.2020-ci il tarixli 162003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə hesab etmişdir ki, iddiaçı həm cavabdeh göstərilən müqaviləni imza etməklə, həmin müqavilədə müəyyənləşdirilmiş şərtlərə dair razılıqlarını bildirmişlər. Qeyd edilən müqavilənin hər hansı bəndinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi öhdəlikləri cavabdehin üzərinə qoymaqda və müqavilədə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış müəyyən bəndlərin etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, payçı, yəni iddiaçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir; birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki: “O, dəqiq olaraq bilmir ki, iddiaçı xanımın belə bir şirkəti var, ya yox. Müqavilə xanımın adına yazılıb, lakin mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Sadəcə olaraq bu xanım o şəxsin etibarlı adamı olduğuna görə müqavilə iddiaçının adına yazdırılmışdır və xanıma maliyyə arayışı verilir ki, bəli, pul ödənilib”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinı əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Cavabdeh tərəf isə iddiaçının həqiqətən də mərmər-qranit işlər görməsinə dair hər hansı sübut təqdim etməmiş, iş materiallarından isə həmin hal öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili şifahi vəsatətlə müraciət edərək bildirmişdir ki, “növbəti məhkəmə iclası üçün qarşı tərəf binanın, layihəsini təqdim etsin, biz də tanış olaq və görək ki, həmin binada mərmər-qranit işlərinin həcmi nə qədərdir. Digər bir tərəfdən qarşı tərəf üçüncü bir şəxsin olduğunu qeyd etdi, hansı ki həmin binada mərmər qranit işlərini görəcəkmiş. Xahiş edirəm ki, qarşı tərəf həmin şəxsi növbəti məhkəmə iclasına gətirsin və mən də iddiaçını gətirim və məhkəmə prosesində müəyyən olunsun ki, həmin şəxs kimdir, ümumiyyətlə, iddiaçı ilə, birbirlərini tanıyırlarmı” cavabdehin nümayəndəsi və vəkili isə bildirmişdir ki, “bizim hər hansı bir layihə, smeta və s gətirmək fikrimiz yoxdur. Hesab edirəm ki, belə bir vəzifəmiz də yoxdur. Qarşı tərəf məhkəməyə müraciət edib, ortada müqavilə var və müqavilədə də konkret şərt vardır ki, bu müqavilə hansı halda qüvvəyə minə bilər. Həmçinin müqavilədə məbləğin göstərilməsi o demək deyildir ki, müqavilə qanunsuzdur, etibarsızdır və ləğv olunmalıdır. Və müqavilənin konkret 4.5-ci bəndində göstərilib ki, bu müqavilə üzrə razılaşdırılmış bütün işlər başa çatdırıldıqdan sonra müqavilə qüvvəyə minəcəkdir”. Göründüyü kimi cavabdeh tərəf birinci instansiya məhkəməsi və apellyasiya baxışı zamanı istinad etmişdir ki, iddiaçı ilə MMC arasında müqavilə bağlansa da müqavilədə qeyd olunan mərmər-qranit işlərinin görülməsini başqa şəxs təmin etməlidir, lakin bununla bağlı məhkəmədə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclaslarında iştirak etməsi üçün həmin şəxs barəsində ətraflı məlumat verməməklə, həmin şəxsin məhkəmədə iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası cavabdehin istinadlarına tənqidi yanaşaraq inandırıcı hesab etmir. Digər tərəfdən iş materiallarından görünür ki, müqavilənin 4.3-cü bəndində əsasən bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilib; müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir; müqavilənin 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı mənzilinin dəyərini 30.04.2020-ci il tarixli 162003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir. Göründüyü kimi müqavilədə bir tərəfdən qeyd olunur ki, mənzilin dəyəri 100 % miqdarında, yəni 119850 manat məbləğində ödənilib, digər tərəfdən qeyd olunur ki, bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. Məhkəmə kollegiyası müqavilənin qeyd olunan bəndlərini bir-birinə zidd hesab edir, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçının nəzərdə tuta bilmədiyi müddəalar əks edilmişdir ki, həmin müddəalar müqavilənin tərkib hissəsinə çevrilmir və həmin qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin, indiki halda cavabdehin ziyanına (əleyhinə) təfsir edilməlidir. Digər tərəfdən apellyasiya baxışı zamanı ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında 01.01.2020-ci il tarixdən 01.06.2020-ci il tarixədək digər vətəndaşlarla mənzil alqı-satqısı barədə bağlanmış müqavilələrin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması barədə cavabdehə sorğu göndərilmişdir. Təqdim edilmiş müqavilələrin müqayisəli tədqiqi zamanı müəyyən edildi ki, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün müəyyən edilmiş yüksək qiymət məhz iddiaçı ilə bağlanmış müqavilə olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün qiymət verməyərək, iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Beləliklə işin həqiqi hallarından göründüyü kimi 162003 saylı, 30.04.2020-ci il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 4.4-cü bəndi (payçı bu mənzilin dəyərində "xxxx" MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir) və 4.5-ci bəndi (payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir) müqavilənin digər bəndləri ilə qeyri-müəyyənlik təşkil edir və həmin hal indiki halda cavabdehin ziyanına (əleyhinə) təfsir edilməli olduğundan iddia tələbi - 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunması hissəsində əsaslı olmuşdur. İşin sadalanan halları ilə həmçinin müəyyən edilir ki, iddiaçı tərəf müqavilə ilə üzərinə düşən öhdəliyi həyata keçirməklə müqavilədə göstərilən mənzilin dəyərini tam olaraq cavabdehə ödəmiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri həyata keçirməyərək, müqavilədə nəzərdə tutuluş mənzili iddiaçıya təhvil verməmişdir. Halbuki Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi iddiaçı, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının onun 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququ tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur və iddia tələbi həmin hissələrdə də əsaslı olmaqla təmin edilməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1618/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İddiaçı 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququ tanınsın, mənzilin açarları cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin və maneələrin aradan qaldırılması "xxxx" MMC-yə həvalə edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndləri etibarsız hesab olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar