Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7494/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci tarixli, 2(001)-1818/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci tarixli, 2(001)-1818/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlundan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4676,01 manat əsas borcun, 722,46 manat faiz borcun və 7,53 manat cərimə borcun olmaqla, cəmi 5406 (beş min dörd yüz altı) manat borcun və ödənilmiş dövlət rüsumunun 25,19 (iyirmi beş manat on doqquz qəpik hissəsi) tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlər rüsumunun 4,81 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-dən kredit götürüb, ödənişləri vaxtında etməklə kredit borcunu lazımınca edirdi. Hər kəsə məlum olan pandemiya və müharibə şəraiti həmin ödənişlərin əvvəlki kimi mütəmadi ödənilməsinə maneə oldu. Hesab edir ki, qətnamə ləğv olunmalı və ona kredit borcunun ödənilməsi üçün vaxt tanınmalıdır. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər isə səbəbini göstərmədən gəlməmişdirlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, 13.08.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 30000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açmışdır. 20.12.2019-cu il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 06.11.2020-ci il tarixə Banka olan əsas məbləğ üzrə borcu 4676,01 manat, faiz üzrə borcu 722,46 manat, cərimə borcu 1039,11 manat olmaqla, cəmi borcu 6437,58 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Əvvəla, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... İkincisi, cavabdehin maddi problemlərinin olması qətnamənin ləğv edilməsi üçün əsas deyildir və bu hal onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə məsluyyətdən azad edə bilməz. Çünki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsində öhdəliklərini lazımı qaydada icra etməyəcəyi halında ona qarşı bu cür iddianın irəli sürüləcəyindən məlumatlı idi. Kredit borcunun ödənilməsi üçün vaxt verilməsi isə daha çox qətnamənin icrası ilə bağlı bir məsələ olduğundan hazırki iş üzrə həmin dəlilin təmin edilməsi üçün də əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh1 apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2021-ci tarixli, 2(001)- 1818/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7494/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7494/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver